Paşinyan əsir və girovların dəyişdirilməsi məsələsində yenə təxribatlar haqda düşünür...

30 Noyabr 2020 18:23 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində əsirlərin geri qaytarılması və itkinlərin axtarışı ilə bağlı yazıb. O bununla bağlı fikirlərində təhrifedici məqamlardan çıxış edib.

Paşinyan əsirlərin geri qaytarılması və itkinlərin axtarışı ilə bağlı problemləri həll etmək üçün ölkədəki çəkişmələrə son qoyulmasına çağırıb: “Vəziyyəti gərginləşdirməməli, tədricən sabitləşdirməliyik. İndi ən vacib məsələ itkin düşən və potensial olaraq saxlanan əsirlər problemidir”.

Bununla belə, Paşinyan belə bir rəy yaratmaq istəyib ki, guya Azərbaycan əsirlərin qaytarılmasında maraqlı deyil: “Azərbaycan hakimiyyəti bizə barışıq əlini uzatmasa, əsirləri uzun müddət geri qaytara bilməyəcəyik. Problemin həlli yalnız barış halında sürətləndiriləcək. Hamı bunu başa düşərsə, yaxşı olar”.

Haçan Azərbaycan erməni əsirlərin qaytarılmasından imtina edib ki? Əksinə, Azərbaycan tərəfi hər zaman əsirlərin qaytarılmasında, o cümlədən, qarşı tərəfin cəsədlərinin daha tez Ermənistana verilməsində maraqlı olub. Görünən odur ki, Paşinyan əsir və itkin düşənlərlə bağlı ictimaiyyətin qəzəbindən yayınmaq üçün yeni yalanlar uydurur. Çünki bununla bağlı ölkədə ciddi etirazlar var. Hökumətin bu məsələdə laqeyd davrandığı kəskin tənqid edilir.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bununla bağlı bir sıra məqamlara toxundu: “Nikol Paşinyanın əsirlərlə bağlı mövqeyi elədir ki, bu, görünür, daxildə gərginliyi azaltmaq üçündür. İlk növbədə, Ermənistan özü narahat olmalıdır ki, onların Azərbaycanda əsirləri var. Azərbaycan daim əsirlərin mübadiləsində maraqlıdır. Bununla bağlı hansısa pozucu mövqe sərgiləmir. Həmçinin, sülhun əldə edilməsini daim vurğulayıb. Əsirlərin mübadiləsinin ümumi işə fayda verəcəyini hesab edir. Ancaq Paşinyanın bu açıqlaması sülhə deyil, gərginliyə hesablanıb. Bu şəxs artıq anlamalıdır ki, Ermənistan məğlub olub və bundan sonra bir-iki Azərbaycan əsirini saxlamaqla heç nəyə nail ola bilməyəcək. Görünən odur ki, Pasinyan öz əsgərlərini düşünmür. Düşünsəydi, bilməli idi ki, erməni hərbi əsirlər də Azərbaycanda var. Hərbi əsirlər siyasi alver predmeti olmamalı və dərhal mübadilə edilməlidirlər. Amma Paşinyan hərbi əsirlər məsələsində siyasi dividend və ya şantajdan istifadə edir. Düşünürəm ki, Pasinyanın bu siyasəti həm də Rusiyaya yönəlib və Moskvanın sülh missiyasını fiaskoya uğratmağa hesablanıb”.

Politoloq onu da qeyd etdi ki, Azərbaycan, ümumiyyətlə, sülhə maraqlıdır və daim əsirlərin dəyişdirilməsini qeyd edib.

Vidadi ORDAHALLI