Kəlbəcərə Sovet dövründə kənardan ildə 50 min turist gəlirdi - böyük perspektiv açılır…

30 Noyabr 2020 15:44 (UTC+04:00)

Kəlbəcərin turizm sahəsinin inkişafi üçün gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral suları dövlət iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. Yuxarı İstisu, Aşağı İstisu kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları, Alagöl, Qaragöl, Zalxa gölü və s. gölləri var. Zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m).

Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilib. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi. Rayonun İstisu qəsəbəsində “İstisu” sanatoriyası fəaliyyət göstərirdi. Orada hər il 50 mindən artıq insan müalicə olunur, eyni zamanda, istirahət edirdi. Bu sanatoriyanın yenidən bərpası və fəaliyyət göstərməsi bura olan turist marağını artıracaq.

Onu da qeyd edək ki, Kəlbəcər rayonu bir çox turistdə maraq yaradacaq tarixi abidələrlə zəngindir. Burada alban dövrünə aid xeyli tarixi abidə var. Kəlbəcərin Ağdaban kəndinin də qədim alban tayfasının adını daşıdığı güman edilir. Erməni vandalları tarixi abidələrimizə zərər vurmaqla öz vəhşiliklərini dünyaya göstərmiş oldular. Sübut etdilər ki, bu tarixi abidələr, bu torpaqlar hec zaman onların olmayıb. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı - "əkiz"lərdir.

Məlumat üçün bildirək ki, ötən əsrin 80-cı illərində Kəlbəcərə il ərzində 50 mindən artıq xarici turist gəlirdi. Kəlbəcər yenidən bərpa edildikdən sonra bu rəqəm iki-üç qat artacaq.

İqtisadçı-ekspert Kamran Məmmədli bildirdi ki, Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biri hesab olunur: “Təəssüf ki, 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən barbarcasına dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində 13 minədək fərdi mənzil, minlərlə inzibati və sosial tikili, 37.852 hektar meşə sahəsi işğalçı ölkə tərəfindən məhv edilib. Kəlbəcərə ən azı 10 milyard dollar ziyan dəyib. Ermənistanın bu rayonumuza da vurduğu ziyana görə təzminatın tələb edilməsi üçün məbləğin dəqiq qiymətləndirilməsi aparılacaq. Bütövlükdə isə Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyur”.

Turizm üzrə ekspert Elçin Rüstəm bildirdi ki, rayon ərazisində qış turizmi üçün əlverişli iqlim şərait var. Burada ilin bütün fəslində dağların zirvəsində qar görmək mümkündür: “Oranın relyefi dünyanın ən heyrətamiz kanatlarının inşasına, ən maraqlı turizm xidmətlərinin qurulmasına imkan verir. Bu potensialdan düzgün istifadə edilsə, burada Qafqazın ən böyük turizm mərkəzini yaratmaq, Gürcüstana olan turist axınının istiqamətini dəyişmək olar.

Həmçinin, rayon ərazisində turistlərdə maraq yaradacaq tarixi abidələr də çoxdur. Üstəlik, burada 4000 min fərqli adda bitki yetişir ki, bunların da 200-ü müalicəvi əhəmiyyətlidir. Kənd sakinləri həmin bitkiləri yığıb turistlərə rahatlıqla sata biləcəklər. Bu isə həm də kəndlilərin sosial rifahının daha da yaxşılaşmasına şərait yaradacaq”.

Günel CƏLİLOVA