Mərdəkandan Qarabağ əlili Prezidentə müraciət etdi - Qobuda mənə verdiyiniz evin İzmirdə 91 saat sonra dağıntılardan xilas edilmiş qızcığazın adına rəsmiləşdirilməsini xahiş edirəm...

29 Noyabr 2020 16:36 (UTC+04:00)

 

“2020-ci il sentyabrın 27-dən bu günədək Azərbaycan xalqına bəxş etdiyiniz sevincli anlar və bütün Azərbaycan xalqını bir yumruq kimi birləşdirmək bacarığınız millətimizin hər bir üzvü kimi məni də çox sevindirir və ona görə də Sizə minnətdaram.

Bu gün bizim sevinclərimizə sevinən, cəbhədəki uğurlarımızın mənəvi dayaqları olan qardaş Türkiyə, Pakistan və Əfqanıstan dövlətlərinin vətəndaşlarına da şəxsən öz minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı həmişə öz sülhsevərliyi və təvazökarlığı ilə seçilib. Ordumuzun hərbi-texniki təchizatı və peşəkarlıq səviyyəsi düşmən ordusundan qat-qat üstün olmasına baxmayaraq, düşməndən fərqli olaraq, biz mülki şəxslərə münasibətdə daim sülh mövqeyində olmuşuq. Ermənilərin mütəmadi olaraq xalqımıza qarşı çoxsaylı təcavüzünün və təhqiramiz hərəkətinin nəticəsi olaraq başlanmış Vətən müharibəsindən keçən bu qısa müddət ərzində Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusu düşmənin öz ordusu haqqında uydurduğu mifi, dünyanın aparıcı mətbuat orqanlarına verdiyiniz müsahibələr isə ermənilərin özləri haqqında dünyanı inandırmağa yönəlmiş yalanlarını tamamilə puç etdi.

Bununla belə, qardaş Türkiyə Respublikasının İzmir şəhərində baş vermiş təbii fəlakət zamanı həlak olanlar bizi çox kədərləndirdi. Bu fəlakətin baş verməsindən 91 saat sonra dağıntılar altından anasının cansız cəsədi, özü isə salamat çıxarılan qızcığazın bu 91 saat ərzində dağıntılar altında hansı hisslər keçirməsini təsəvvürə gətirmək çox çətindir.

... Sizin müvafiq Sərəncamınız əsasında Qarabağ müharibəsi əlillərinin mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində mənə verilmiş və pandemiya səbəbindən hələ köçə bilmədiyim Qobu qəsəbəsindəki fərdi evi İzmir şəhərində baş vermiş zəlzələ zamanı dağıntılar altından salamat çıxarılan və evsiz qalan həmin o qızcığazın adına rəsmiləşdirilməsini istəyirəm.

Var olsun Azərbaycanın şanlı ordusu! Var olsun Azərbaycanın Ali Baş Komandanı!

Qarabağ Azərbaycandır!”

Bunu Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindən Qarabağ müharibəsi əlili Yusifov Ərəb Əmir oğlu Prezident İlham Əliyevə müraciətində qeyd edib.

Baki-xeber.com