Senatın ermənipərəst qərarı ilə Fransa Azərbaycanda nələr itirəcək - rus mediasının gözü ilə...

28 Noyabr 2020 16:34 (UTC+04:00)

Fransa Senatının mövcud olmayan “DQR”in “müstəqilliyi”ni “tanıması” ilə bağlı çıxardığı üzdəniraq qətnamə dünya mediasında çox ciddi şəkildə müzakirə edilir. Müxtəlif ölkələrdə Senatın qəbul etdiyi qərar kəskin tənqid olunur və bunun Fransanı tənəzzülə aparan bir hal olduğu vurğulanır. Qarabağda sülhyaratma missiyasını həyata keçirən Rusiyada da bu məsələ ciddi müzakirə edilən mövzulardan biridir. Rusiya mətbuatı yazır ki, Senatın qərarı daha çox Fransa maraqlarının əleyhinə işləyəcək. Bunu onunla əsaslandırırlar ki, Azərbaycan Fransanın Cənubi Qafqazda ən iri ticarət partnyorudur. Fransanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin üçdə ikisi məhz Azərbaycanın payına düşür. Həmin ölkənin belə mövqeyindən sonra, istər-istəməz, əvvəlki ticarət əlaqələri olmayacaq və Fransa bundan itirəcək.

“Bütün hallarda itirən Fransa olacaq”

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov baki-xeber.com-a bildirdi ki, bundan itirən yalnız Fransa olacaq. Onun sözlərinə görə, Azərbaycanın Fransadan heç bir asılılığı yoxdur: “Ümumiyyətlə, Vətən müharibəsi başlayandan bəri Fransanın mövqeyi bəllidir, bu ölkənin başında dayanan səriştəsiz, siyasətdə cılız bir adam dəfələrlə Azərbaycan əleyhinə bəyanatlar verib, çağırışlar edib. Bilirsiniz bu nəyə bənzəyir? Əli nəyəsə çatmayıb ona “haram” deyən məxluqun hərəkətinə bənzəyir. Təbii ki, bizim Fransadan heç bir asılılığımız yoxdur. Düzdür, Fransa Avropada inkişaf etmiş dövlətlərdən biri sayılır. Ancaq Fransa təkbaşına nəyi həll edir? Fransanın münasibəti Avropa Birliyinin bizə münasibəti deyil. Sadəcə olaraq, bu, Fransa Prezidentinin şəxsi baxışı və mövqeyidir. Orada çoxlu sayda erməni yaşayır və onların seçkilərdə səsini, dəstəyini itirməmək üçün bilmir nə etsin. Əslində, düşünürəm ki, həm region, həm iqtisadi əlaqələr, həm də digər baxımdan biz Fransaya daha çox lazımıq, nəinki Fransa bizə. Əgər Fransa bu yöndə öz hərəkətlərini davam etdirərsə, bununla bağlı bizim tərəfdən də addımlar atılacaq. Cənab Prezident öz çıxışlarında bir neçə dəfə deyib ki, hər hansı bir ölkə belə bir addım atarsa, Azərbaycan onun dünyadakı mövqeyindən, çəkisindən və sairdən asılı olmayaraq, diplomatik və digər əlaqələri kəsəcək. Yəni belə bir hərəkət heç bir vaxt Fransanın xeyrinə işləməz”.

F.Yusifov qeyd etdi ki, Senatda o bədnam qərara səs verən deputatların çoxu heç nəyə səs verdiyini bilməyib. Həmin qətnamənin əleyhinə səs verən yeganə deputatın fikirlərindən sitat gətirən F.Yusifov qeyd etdi ki, həmin deputatlara Qarabağın xəritəsi göstərilərsə, onların üçdə ikisi Qarabağın harada yerləşdiyini göstərə bilməyəcək. “Bu yəni bir cahillikdir, düşünüb-daşınmadan, eyforyaya qapılıb kiminsə sözünü deyirlər. Bu məsələdə Fransa itirəcək, biz heç nə itirməyəcəyik. Təbii ki, Fransanın Cənubi Qafqazda ən böyük ticarət dövriyyəsi Cənubi Qafqaz iqtisadiyyatının 70 faizinə  sahib olan Azərbaycanladır, bunu itirmək istəyirsə, buyursun itirsin. Fransa bu hərəkətləri ilə uğursuzluğa və uduzmağa məhkum olacaq. Görək nə edəcəklər? Əgər dərinə gedəcəklərsə, Azərbaycan alternativ addımlar atacaq, yenə itirən Fransa olacaq. Azərbaycanda çoxlu Fransa şirkəti var, onların da taleyini düşünsünlər. Bizim hökumətin haqqıdır ki, onların fəaliyyətinə artıq burada xitam versin. Fransanın bir qərarı ilə görün nə qədər şirkət, insan işsiz qalacaq. Onda Fransa hökuməti görək nə edəcək? Bunlar su bulandırmaqla məşğul olurlar. Tarix boyu onların özlərindən aşağı saydıqları millətlərə qarşı belə avantürist hərəkətləri olub, Afrikada və digər ölkələrdə genosidlər törədiblər. İndi də o mövqelərindən əl çəkmirlər.

Bugünkü Azərbaycan dünənki Azərbaycan deyil, indi Azərbaycan sözünü deyən və əməlini edəndir. Müharibə də göstərdi ki, biz sözümüzü bütün dünyaya dedik, dünya da gördü ki, sözümüzü necə deyirik. Fransaya da sözümüzü demək iqtidarında, qüdrətindəyik, lazım gələndə sözümüzü necə lazımdır deyəcəyik, bütün hallarda isə itirən Fransa olacaq” - deyə F.Yusifov vurğuladı.

İradə SARIYEVA