İndi-indi məlum olur ki, İlham Əliyevi müharibədən rəsmi imtinaya məcbur etmək istəyənlərin hədəfi nə idi - Prezident kapitulyasiyanı öncədən görənlərin planını pozdu

26 Noyabr 2020 18:43 (UTC+04:00)

“Dəfələrlə təklif irəli sürülürdü ki, Azərbaycan tərəfi müharibə yolundan imtina etsin”. Prezident İlham Əliyev bu fikirləri xalqa müraciətində səsləndirib.

Ölkə başçısının sözlərinə görə, o vaxt dəfələrlə deyilirdi ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır: “Bütün beynəlxalq təşkilatlar, təmasda olduğum bütün böyük dövlətlərin liderləri dəfələrlə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Bu ifadələr açıq mətbuatda da var. Mən nə deyirdim? Deyirdim ki, var! Deyirdim ki, lazım olsa, torpaqlarımızı hərbi yolla azad edəcəyik. Deyirdim ki, müharibə heç zaman istisna olunmur. Danışıqlar dövründə müxtəlif mərhələlərdə dəfələrlə təklif irəli sürülürdü ki, Azərbaycan tərəfi müharibə yolundan imtina etsin. Mən heç vaxt buna razılıq vermirdim. Ondan sonra məni ittiham etməyə başlayırdılar ki, İlham Əliyev müharibəyə başlamaq istəyir. Mən deyirdim ki, məsələni sülh yolu ilə həll etmək istəyirəm. Ermənistan nə istəyirdi? Status-kvonu saxlamaq, əbədi etmək. Hesab edirdi ki, əgər 26-27 il ərzində buna nail olubsa, deməli, bundan sonra da nail olacaq. Hesab edirdilər ki, onların havadarları daim onları müdafiə edəcəklər, onların arxasında duracaqlar, onların əvəzinə müharibə aparacaqlar”.

Bütövlükdə, sözügedən qüvvələrin Azərbaycan tərəfini müharibə yolundan çəkindirməkdə məqsədləri nə idi?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, həmin qüvvələr müharibəyə mane olmaqla istəyirdilər ki, torpaqlar ermənilərə qalsın: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq arxada qaldı. Bu illər ərzində Qərb ölkələrinin əsas məqsədi müharibənin başlanmasına imkan verməmək və regionda təzyiq rıçaqından istifadə etmək olub. Bundan əlavə, böyük ölkələr, xüsusilə Minsk Qrupunun həmsədrləri yalnız Azərbaycana imkan vermirdi ki, öz ərazilərini işğaldan azad etsin. Status-kvonun saxlanması bunların geosiyasi maraqlarını təmin edirdi. Həmçinin, burada Ermənistana dəstək, işğal olunmuş ərazilərin oraya birləşdirilməsi də bunların gündəliyində olub. Ancaq Azərbaycan əks-həmlə əməliyyatı nəticəsində Ermənistanın işğalçı ordusunu məhv edərək, əraziləri geri aldı. Bu, Azərbaycanın möhtəşəm qələbəsidir. Amma, göründüyü kimi, Fransa başda olmaqla bir neçə ölkə Azərbaycanın haqlı və hüquqi əməliyyatını qəbul etmir. Fransa avantürist siyasət aparır. Status-kvonu qorumaq və prosesləri Ermənistanin xeyrinə dəyişmək cəhdləri olub. İndi isə Azərbaycan ciddi geosiyasi dəyişikliklərə imza ataraq müharibədə qalib gəldi. Nəticədə Qərbin planlarının, xüsusilə regionda maraqlı ölkələrin ölkəmizə qarşı məkrli siyasətinin qarşısı alındı. Hesab edirəm ki, bundan sonrakı proseslər yalnız Azərbaycanın diplomatiyası və uğurlu xarici siyasəti nəticəsində hərbi qələbəni siyasi qələbəyə çevirə bilər. Çünki görürük ki, bizə qarşı bədnam siyasət var və bu davam edir”.

Politoloqun fikrincə, bunun qarşısını almaq üçün Azərbaycan hərəkətə keçməli və biz öz haqlı mübarizəmizi onlara sübut etməliyik.

Vidadi ORDAHALLI