Türkiyə Prezidentinin təriflədiyi – Şəhid kəşfiyyatçısı... - FOTO

24 Noyabr 2020 17:22 (UTC+04:00)

Sentyabrın 27 –də ön cəbhə xəttində işğalçı-mənfur Ermənistan ordusunun təxribatlarına cavab verən şanlı Azərbaycan Ordusu qısa bir zamanda Qarabağ uğrunda başladığımız haqq savaşını Qələbə ilə başa vurdu. 44 gün davam edən İkinci Vətən Müharibəsində qəhrəman oğullarımız düşmənə sarsıdıcı zərbələr endirərək, onları 27 ildir işğal altında saxladıqları torpaqlarımızdan əbədi qovdular.

Bu Vətən Müharibəsində də Birinci Qarabağ savaşında olduğu kimi – Ali Baş Komandanın əmrindən sonra çoxmillətli Zaqatalanın yüzlərlə vətənpərvəri cəbhəyə yola düşdü, ön cəbhədə əsil şücaət göstərərək, yağı düşmənə qarşı mərdliklə döyüşdülər. Məhz, Vətən Müharibəsində əldə etdiyimiz Qələbənin təmin olunmasında, Azərilərlə yanaşı, saxur, avar, yengiloylar və digər millətlərdən olan – zabitlər, həqiqi hərbi xidməti yerinə yetirənlər, səfərbərlik çağırışı ilə - Milli Ordumuza çağrılanlar və könüllü cəbhəyə gedənlər, əsil qəhrəmanlıq göstərdilər. Zaqatalalı vətənpərvərlər – erməni işğalçılarının neçə-neçə canlı qüvvəsini məhv etdi, onlarla döyüş texnikasını ələ keçirdilər. Dinindən, dilindən və mənsubiyyətindən asılı olmayaraq – Respublikamızın digər bölgələrindən olan hərbiçilərlə çiyin – çiyinə döyüşərək torpaqlarımızın işğaldan azad edilməsində əsil şücaət göstərərək qızılgüllər diyarının mərd oğulları kimi yeni şanlı tarix yazdılar. Bir sözlə erməni hərbiçilərinə qan uddurdular.

Söz yox ki, müharibə itkisiz ötüşmür. Ön cəbhədə vuruşan Zaqatalalı igidlər arasında şəhid olanlarda, ağır yaralananlarda var. Onların arasında elə oğullarımız var ki, cəbhədə ağır yaralandıqdan sonra hospitalda müalicə olunduqdan sonra yenidən cəbhə xəttinə qayıdıblar.

İkinci Qarabağ savaşında son məlumatlara görə Zaqatala rayonundan 30 nəfər şəhid olub və o qədər sayda da ağır yaralanaraq müalicə olunan igidlərimiz var.

 Zaqatala şəhidləri arasında uzun müddət hərbidə qulluq edən zabitlərimiz də, əsgərlərimiz də var. Onlar – Vətən Müharibəsində əsil qəhrəman döyüşçülər kimi şəhidlik zirvəsinə yüksəliblər. Şəhidlərin hər biri bizə əzizdir, onlar unudulmazdırlar, elimizin – obamızın fəxridirlər və adlarını – Azərbaycanın tarixinə qızıl hərflərlə yazıblar...

Son döyüş...

Zaqatalanın cəsur zabiti, baş leytenant- Valeh Vahid oğlu Bədəlovdan söhbət gedir. ..

... Aylin və Nilay evin qapısı açılanda, qapıya tərəf qaçaraq “atamız gəlir, atamız gəlir” deyirlər. Ancaq evə başqa adam daxil olanda kor-peşman geri dönürlər və kövrəlirlər: “Bəs bizim atamız nə vaxt gələcək?” deyir, hələ 3 yaşı tamam olmamış Aylin və hələ 1 yaşı tamam olmamış Nilay isə tez nənəsi Südabə xanıma və anasına sığınırlar...

Bəli, hələ də müharibənin nə olduğunu anlamayan – bu körpələr, həmişə evlərinə hərbi formada gələn – igid zabitimiz – şəhid baş leytenant – Valeh Bədəlovun - əziz balalarıdır. Mətn, iradəli - əsil Azərbaycan hərbiçisinə məxsus xüsusiyyətləri olan – Valehin adını keçmiş zamanda çəkmək mənim üçün də ağırdır. Həmişə, qəddini – qamətini mərdanəliklə tutan – atası Vahid kişini, uzun müddət məktəbdə şagirdlərinə Vətəni, torpağı sevməyi, qorumağı, elmi – həyatı öyrədən Südabə müəlliməni, gənc, çox savadlı müasir – pedaqoq olan tək bacısı Vüsaləni və həyat yoldaşı, hələ də nələr baş verdiyinə inanmayan Zeynəb xanımı belə kədərli, qəmli görmək, çox – çox ağırdır... Bu müharibə mənfur, xislətli ermənilər Bədəlovlar ailəsinə, onların yaxınlarına, əzizlərinə, bütün el – obaya  ağır zərbə vurdu. Sanki, dalğalanan bir okeana sükut çökdü... Lakin, burada təsəlliverici, qürurverici məqamlarda çoxdur. Belə ki, elimizin mərd oğlu, Xüsusi Təyinatlı Dəstəsinin qorxmaz, cəsarətli zabiti olmuşş Valeh Bədəlov – torpaqlarımızın işğaldan azad edilməsində - qəhrəmanlıq nümunəsi kimi ön cəbhədə döyüşmüş və əsil vətənpərvər kimi həlak olmuşdu. O, öz şücaətli əbədilik, qəhrəmanlıq dastanı yaratmış, adını – Azərbaycanın şanlı tarixinə həkk etmişdi.

Bəs, kimdir Valeh Vahid oğlu Bədəlov? 1990 –cı ilin oktyabr ayının 10 –u tarixində Zaqatala rayonunun Aşağı Tala kəndində dünyaya gəlmişdir. Ailədə bir bacı, bir qardaş idilər. Atası Vahid kişi – çox işgüzar, elinin – obasının ağsaqqalı, anası Südabə xanım isə təcrübəli pedaqoji işçidir. Uzun illərdir ki, Aşağı Tala kənd 3 saylı tam orta məktəbində ibtidai sinif müəllimi işləyir. Məhz, şəhid zabitimiz – Valeh Bədəlov da anasının işlədiyi Aşağı Tala kənd 3 saylı tam orta məktəbini əla qiymətlərlə bitirib, yüksək balla Qafqaz Universitetinin (indiki Bakı Mühəndislik Universiteti) filologiya fakültəsinə qəbul olmuşdu. 2012 –ci ildə həmin təhsil ocağını müvəffəqiyyətlə bitirib və hərbi xidmətə gedib. Atası Vahid kişi söhbət arası deyir ki, hələ orta məktəb illərindən hərbiyə çox meyilli olub – Valeh. Orta məktəbdə keçirilən hərbi-idman yarışlarında, təlimlərdə çox fəallıq göstərib. Hərbi – təlim məşğələlərində avtomat silahının sökülüb-yığılmasında həmişə birinci olardı – deyən, oğlunun ovçuluğa da həvəsli və sərrast atıcı olduğunu bildirən şəhid atasının dediklərindən: “Mövsüm vaxtı biz ova gedəndə, oğlum da bizimlə qoşular, ova gedərdi. Ov tüfəngindən istifadə qaydalarını çox mükəmməl bilirdi.  Həmişə deyərdi ki, gələcəkdə təcrübəli hərbiçi olacaq və ermənilərin işğal etdikləri torpaqlarımızdan çıxarılmasında iştirak edəcəkdir. Qarabağın düşmənin işğalı altında olması onu çox narahat edir və vicdanı qəbul etmirdi...”

Valeh belə də etdi. O, həqiqi hərbi xidmətdə, cəbhə bölgəsində olarkən Xüsusi Təyinatlı Qoşunlarda xidmətini davam etdirərək və 3 il kurs keçdi. Keçirilən təlimlərdə fəal iştirak edən Valeh I yer tutduğundan, ona leytenant rütbəsi verilib. Qeyd edək ki, gənc zabitin ilk döyüş yolu 16 aprel 2016 –cı il tarixində Lələtəpə uğrunda gedən döyüşlər olub. O, bir daha öz vətənpərvərliyini və qorxmazlığını nümayiş etdirib.

Anası Südabə müəllimə deyir ki, “Oğlu Valehdə əsil hərbiçiyə məxsus xüsusiyyətlər vardı. Ailə qurandan sonra həyat yoldaşı ilə birlikdə Bakı şəhərində xüsusi təyinatlılara məxsus – hərbi şəhərcikdə yaşayırdılar. Onunla danışanda həmişə deyərdi ki, vəziyyətləri yaxşıdır və hərbi xidməti də normal keçir. Oğlum çox nikbin, hərbi sirr saxlayan və işləri barədə hətta həyat yoldaşına da məlumat verməzdi. Vaxtaşırı hərbi təlimlərə, ezamiyyətlərə gedən və hərbin sirrlərini öyrənir, təcrübəsini daha da artırardı. Əsasən o, Türkiyə Respublikasında təlimlərdə iştirak edirdi. Oğlum, 2018-2019 –cu illərdə qonşu ölkədə keçirilən hərbi təlimlərdə xüsusi fərqləndiyinə görə, Türkiyə Respublikasının Prezindenti Rəcəb Tayyıb Ərdoğan onu ön sraya çıxardaraq, bütün hərbiçilərə üzünü tutaraq “əsil zabit belə olar söyləmişdir”. Bu təlimlərdən sonra Valeh əsil kəşfiyyatçı kimi təcrübə toplamışdı”.

Bəli, baş leytenant, kəşfiyyət taborunun komandiri Valeh Bədəlov 2020 –ci ilin sentyabr ayının 27 –si İkinci Qarabağ Müharibəsi başlayan zaman ilk döyüşə gedənlərdən olub. Onun taboru əvvəlcə Murov dağındakı yüksəklikdə yerləşən mövqelərimizi erməni işğalçılarından azad ediblər. 

1 aydan sonra Valeh qəhrəman döyüş yoldaşları ilə birlikdə cəbhənin ən ağır döyüşlər gedən Fizuli – Xocavənd – Cəbrayıl istiqamətinə qayıdıblar. Şəhid atası Vahid kişinin söylədiyinə görə, Valehin son döyüşü oktyabrın 7 –də olub. Savaş zamanı baş leytenantın taboru həmin döyüşdə düşmənin xeyli sayda texnikasını ələ keçirib və canlı qüvvəsini məhv edib.

Elimizin cəsur oğlu düşmənə qan udduran, təcrübəli kəşfiyyatçı, yaralı döyüşçüləri döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gəlib və əbədiyyətə qovuşub.

Həmin döyüşdə ağır yaralanan, gizir Elgün Ömərovun dediklərindən: “Valeh, əsil vətənpərvər, qorxmaz, Vətəni sevən, düşmənə qan udduran əsil hərbiçiyə məxsus xüsusiyyətləri olan, yüksək təcrübəli hərbiçi, kəşfiyyatçı idi. Axırıncı döyüşdə xüsusi şücaət göstərmişdir... Heyf, Sizdən cənab Baş leytenant, ruhun şad olsun... Siz əsil qəhrəmanlıq dastanını yaratmsınız...”

Söz yox ki, bu günlər bütün Zaqatalalıların göstərdiyi qəhrəmanlıqlardan, danışdıqları cəsur döyüşçüValeh Bədəlov hər birimizin və torpaqlarımızın azadlığı uğrunda şəhid oldu. Ondan yadigar qalan isə doyunca əzizləmədiyi – 3 yaşlı Aylin və 1 yaşı tamam olmayan Nilay qaldı...

Baş leytenant, igid kəşfiyyatçı Valeh Bədəlov ad gününə, 30 yaşı bitməyinə 3 gün qalmış əsil qəhrəman kimi həlak oldu.

Elman Maliyev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü