Prezidentdən Bakı qəsəbələrinin sakinlərinə böyük etimad – onlarsız yerli layihələr həyata keçirilməsin...

25 Sentyabr 2020 18:51 (UTC+04:00)

“Hər bir qəsəbədə aparılan abadlıq işləri, görüləcək işlər gərək yerli sakinlərlə də müzakirə olunsun”. Bunu Prezident İlham Əliyev Balaxanı qəsəbəsinin sakinləri ilə söhbəti zamanı qeyd edib.

Ölkə başçısının sözlərinə görə, bizim planlarımızda digər qəsəbələrdə görüləcək işlər var, artıq müvafiq göstərişlər verilib: “İlkin mərhələdə haradasa 7-8 qəsəbədə buna oxşar layihələr icra ediləcək. Hər bir qəsəbənin özünə məxsus olan memarlıq üslubu, tarixi görünüşü var. Ona görə hər bir qəsəbədə aparılan abadlıq işləri, görüləcək işlər gərək yerli sakinlərlə də müzakirə olunsun. İlk növbədə, sakinləri narahat edən problemlər, necə ki, burada infrastruktur – kanalizasiya, dam örtükləri, binaların təmiri, elektrik xətləri, yəni insanların gündəlik tərzdə ünsiyyətdə olduğu digər məsələlər həll olunur və eyni zamanda, təmir-bərpa işləri də mütləq yerli sakinlərin iştirakı ilə, ağsaqqalların tövsiyəsi ilə aparılmalıdır. Çünki ağsaqqallar bu kəndlərin tarixini yaşadırlar, o tarixin canlı şahidləridir və eyni zamanda, gənc nəsil də buna qoşulur ki, hər bir kəndin özünə xas olan görüntüsü olsun”.

Qəsəbələrin abadlaşdırılması zamanı yerli sakinlərlə məsləhətləşmələrin aparılması işin daha keyfiyyətli aparılmasına, qəsəbənin tarixi arxitekturasının qorunmasına gətirib çıxarır. O baxımdan, Prezidentin sözügedən fikirləri qəsəbə sakinlərinə böyük etimaddır.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, ölkə başçısı bununla bağlı çox önəmli məsələni gündəmə gətirmiş oldu: “Çünki əvvəllər qəsəbələrdə abadlıq işləri aparılarkən çox vaxt bu kimi məsələlərə diqqət edilmirdi. Nəticədə aparılan abadlıq işləri bəzən görürdün ki, qəsəbənin ümumi memarlıq ansamblına, tarixi keçmişinə xələl gətirir. Bu da, istər-istəməz, yerli sakinlərin narazılığına səbəb olurdu. Ancaq qəsəbələrdə abadlıq işləri aparılarkən yerli sakinlərin, ağsaqqalların rəyi nəzərə alınsa, təbii ki, bunun faydası böyük olacaq. Yenidənqurma işləri hamının ürəyincə olacaq. Necə ki, biz bunu Balaxanı qəsəbəsində aparılan abadlıq işlərinin timsalında gördük. Qəsəbə necə də gözəl, tarixi keçmişi qorunmaqla abadlaşdırılıb. Hesab edirəm ki, Prezidentin tövsiyələrindən çıxış edərək, digər qəsəbələr də məhz deyilən parametrlər gözlənilməklə abadlaşdırılmalıdır”.

Əzimbəylinin fikrincə, müşahidələr göstərir ki, bundan sonra sözügedən məsələlərə diqqət ediləcək.

Vidadi ORDAHALLI