Bakı Mühəndislik Universitetinə qəbul olunmuş abituriyentlərin onlayn qeydiyyatına başlandı

25 Sentyabr 2020 13:06 (UTC+04:00)

2020/2021-ci tədris ili üzrə Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlər 25 sentyabr 2020-ci il tarixindən 7 oktyabr 2020-ci il tarixinədək onlayn qeydiyyatdan keçməlidir.

Ölkədə sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq tələbələrin təhsil müəssisələrində, o cümlədən BMU-da qeydiyyat prosesinin elektron qaydada həyata keçirilməsi məqsədi ilə Təhsil Nazirliyinin Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemində qeydiyyat platforması yaradılıb. BMU-ya qəbul olmuş abituriyentlərin www.e-telebe.edu.az  portalına müraciət edərək qeydiyyatdan keçmələri tələb olunur.

Onlayn qeydiyyatın aparılması üçün məlumat və tələb olunan sənədlərin siyahısı Bakı  Mühəndislik  Universitetinin rəsmi www.beu.edu.az saytında yerləşdirilib.

Məlumat üçün bildirək ki, elektron qeydiyyat prosesində sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələr müəyyən ediləcək və həmin tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmayacaq.

Qeyd edək ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.