Dünya BMT-də islahatlarla bağlı Azərbaycanın mövqeyini dəstəkləyir...

25 Sentyabr 2020 12:11 (UTC+04:00)

Dünyanın ən böyük təşkilatı olan BMT-də islahatların aparılması zərurətini Azərbaycan uzun müddətdir gündəmə gətirir. Artıq dünya ictimaiyyəti də bu məsələdə Azərbaycanın haqlı olduğunu qəbul edir. Çünki BMT artıq dünya nizamının təmin edilməsində səmərəli rol oynaya bilmir. Elə bu səbəbdəndir ki, BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində çıxışı zamanı Prezident İlham Əliyev yenidən qurumda islahatlar məsələsinə toxundu:

“Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq. BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir. Qlobal iqtisadi idarəçilikdə müvafiq rolu oynamaq üçün təşkilat çərçivəsindəki proseslərə, multilateralizmə və onun təməl dəyərlərinə sadiqlik baxımından bütün üzvlərin siyasi iradəsi olduqca əhəmiyyətlidir”.

Bu arada BMT ölkələrinin liderləri təşkilatı yeniləmək fikrinə düşüblər. Quruma üzv ölkələr də artıq dəyişikliklərə ehtiyac duyulduğunu bəyan edir. Çünki dünya dəyişib, struktur isə köhnəlib. Qurumda dəyişiklik olacağı halda Rusiya prezidenti Vladimir Putin veto hüququnun saxlanılmasını təklif edib. Digər ölkələr isə bu xüsusda ciddi müzakirələrə başlamağı vacib sayır. İstənilən halda isə qurumda islahatların və struktur dəyişikliklərinin labüd olduğu etiraf edilir. Hindistanın baş naziri Narendra Modi də bu islahatları vacib sayır. O qeyd edir ki, BMT-nin islahatlara ehtiyacı var, bunsuz dövrün çağırışlarına cavab vermək mümkün deyil: “Köhnəlmiş quruluşlarla bugünün problemlərinə qarşı mübarizə apara bilmərik. Hərtərəfli islahatlar olmadan BMT özünə inam böhranı ilə üzləşir. Günümüzün bir-biri ilə əlaqəli dünyası üçün bugünün reallıqlarını əks etdirən, bütün maraqlı tərəflərə səs verən, müasir məsələləri həll edən və insanın rifahına yönəlmiş, islah edilmiş çoxtərəfli bir yanaşmaya ehtiyacımız var”. Modi, BMT Baş Məclisinin qəbul edilmiş Bəyannaməsində əks olunduğu kimi, üzv ölkələrin hələ də münaqişələrin qarşısının alınması, ümumdünya inkişafının təmin edilməsi, iqlim dəyişikliyi problemlərinin həlli, bərabərsizliyin azaldılması və rəqəmsal texnologiyalardan səmərəli istifadə edilməsi üçün iş görmələri lazım olduğunu qeyd edib.

Almaniya kansleri Angela Merkel də qlobal çağırışlara daha effektiv həll yolu tapmaq üçün BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağa çağırıb. Merkel hesab edir ki, BMT Təhlükəsizlik Şurasında vacib qərarların "çox tez-tez" qarşısı alınır: “Getdikcə fərdi üzvlərin maraqları qaydalar sisteminin lazım olduğu kimi işləməsinə mane olur. Bunu təkbaşına edə biləcəyini düşünən hər kəs səhv edir". Onun  sözlərinə görə, koronavirus pandemiyası qlobal problemlərin sərhəd tanımadığını və əməkdaşlıq tələb edildiyini göstərən nümunələrdən biridir. Ümumilikdə, Almaniyanın daxil olduğu Avropa İttifaqı BMT-də islahatlar aparılmasına dair səyləri dəstəklədiyini bildirir. Özbəkistan, Qazaxıstan və digər bir sıra MDB ölkələri də BMT-də islahatları vacib sayır. Hesab olunur ki, bu zaman əsas istiqamətlərdən biri BMT-nin qəbul etdiyi sənəd və qətnamələrin həyata keçirilməsinin təmin olunmasıdır. Burada xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr icra olunmamış qalır. Bu kimi hallarla bağlı ciddi tədbirlərin görülməməsi və BMT-nin seyrçi mövqedə qalması da, öz növbəsində, dünyanın müxtəlif regionlarında münaqişə ocaqlarının artmasına təkan verir. Eyni zamanda ortaya ikili standartlar məsələsi çıxır. Məhz islahatlarla bunun qarşısını almaq mümkündür. Azərbaycanın da gözləntisi ondan ibarətdir ki, BMT kimi nüfuzlu bir təşkilatın Qarabağla bağlı qətnamələri yalnız kağız üzərində qalmasın, işğalçı Ermənistan və ya onun kimi bir başqası beynəlxalq hüquqa hörmətsiz yanaşmağa cürət etməsin. Dünya birliyinin elə qlobal təsisatları, hüquqi mexanizmləri yaradılsın ki, Ermənistan kimi qanunlara məhəl qoymayanlar dünya ictimaiyyətinin özü tərəfindən sərt şəkildə cəzalandırılsın, hüquq normalarını icra etməyə sivil qaydada məcbur edilsin. Təcavüzkar və işğalçı ölkələr danışıqlar masasında beynəlxalq prinsipləri manipulyasiya etməyə cürət göstərməsin. Buna nail olmağın yeganə yolu islahatlardır və BMT-də belə islahatlar aparılmasa, bu təşkilatın gücü və təsiri olmayacaq. Bununla da qəbul edilmiş qətnamələr havadan asılmış vəziyyətdə qalacaq. Bu isə BMT-nin süqutu deməkdir.

Samirə SƏFƏROVA