Koronavirusla bağlı Azərbaycanı da təhdid edən yeni problemlər meydana çıxdı – “super infeksiya” kabusu...

25 Sentyabr 2020 11:03 (UTC+04:00)

Dünya hələ də koronavirusdan ciddi əziyyət çəkməkdədir. Payız aylarının gəlişi isə bu sahədə həm narahatlığı, həm də ehtiyat tədbirlərinin zəruriliyini artırıb. Amma poroblem həm də ondadır ki, koronavirus pandemiyasının payız aylarında aktivləşəcəyi ilə əlaqədar proqnozlar öz təsdiqini tapmağa başlayır. Belə ki, yay mövsümündə yoluxma sayının azaldığı ölkələrdə sentyabrda yenidən yoluxma sayında aktivləşmə qeydə alınıb.

Digər tərəfdən, İngiltərənin “The Daily Telegraph” qəzeti yazır ki, mövsümi qripə və yeni koronavirus infeksiyasına eyni vaxtda yoluxma insanın ölüm risqini xeyli artırır. Bu, “super infeksiya” adlanır. Qeyd edilir ki, yanvardan aprel ayına qədər xəstəxanalara yerləşdirilən pasiyentlərin xəstəlik tarixçəsinin tədqiqi zamanı “super infeksiyaya” yoluxanlarda ölüm səviyyəsinin 43 faizə çatdığı məlum olub. Halbuki, təkcə koronavirusa yoluxanlar arasında bu göstərici 23 faiz təşkil edir. Payızın gəlişi ilə qrip xəstəliklərinin artımı vəziyyəti daha ağılaşdırır. Avrokomissar Stella Kiriakidis Avropa və bütün dünyanı bu fonda təhdidlər gözlədiyini qeyd edir: “Avropa İttifaqının bəzi ölkələrində yeni növ koronavirus pandemiyası ilə bağlı vəziyyət hazırda bu ilin mart ayında xəstəliyin yayılmasının pik dövrü ilə müqayisədə daha pisdir”. O, bu durumun böyük narahatlıq doğurduğunu vurğulayıb. Bu arada isə Avropa ölkələrində koronavirus pandemiyasının ikinci dalğası yayılmağa başlayıb. Belə vəziyyətdə hökumətlər yoluxmaya qarşı qabaqlayıcı tədbirləri sərtləşdirib. İngiltərənin 7 əyalətində bir ailə üzvlərinin başqaları ilə sosiallaşması qadağan olunub. COVID-19 testinin nəticəsi pozitiv çıxanların evdə özlərini izolyasiya etməsi 28 sentyabrdan etibarən məcburi olacaq. Qaydalara əməl etməyənlər ilk mərhələdə min, təkrarlanacağı təqdirdə on min funt sterlinq cərimə ödəyəcək. Fransada son bir neçə həftədə 10-13 min gündəlik yoluxma sayı qeydə alınır. Bu rəqəmlər pandemiyanın zirvədə olduğu mart-aprel aylarını belə geridə qoyub. Hökumətin strategiyası test sayını artırmaq və virusa yoluxanları izolyasiya etmək istiqamətindədir. Ölkədə tədbirlərin səlahiyyəti bələdiyyələrə verildiyi üçün müxtəlif bölgələrdə müxtəlif tədbirlər görülür. Bunlara ictimai məkanlarda maskadan məcburi istifadə, 6-10 nəfərdən çox insanın toplaşmasına qadağa və toplantıların ləğvi daxildir. İspaniyada fövqəladə vəziyyət elan olunmaması üçün tədbirlər görülür. Avropa miqyasında yoluxmanın ən sürətli olduğu Madriddə sərbəst hərəkətə məhdudiyyət qoyulub. Polis sadəcə iş, məktəb, səhiyyə və yaşayışla bağlı məsələlərə icazə verir. Qaydalara riayət etməyənlər 600-6000 avro cərimə olunur. Almaniyada məktəblərin açılması yoluxmanı artırıb. Bavariyada 8 min 800-dən çox şagird, 800-ə qədər müəllim karantinə alınıb. Yayın əvvəlində yoluxmanı nəzarətə götürə bilən İtaliyada avqust ayından sonra turistlərin sayəsində yoluxma artıb. Buna görə də diskoteka tipli əyləncə məkanları bağlanıb.

Kanadanın baş naziri Castin Trüdo da ölkəyə koronanın ikinci dalğasının gəldiyini elan edib. O xəbərdarlıq edib ki, pandemiyanın ikinci dalğası daha təhlükəlidir. Hökumət başçısı Kanada sakinlərini qoruyucu maskalardan istifadə etməyə, sosial məsafəyə riayət etməyə və virus əleyhinə peyvənd vurdurmağa çağırıb. İsrail hökuməti iki həftəlik sərt karantin rejiminin tətbiqini təsdiqləyib. Sərtləşdirilmiş rejim 25 sentyabrdan etibarən qüvvəyə minəcək. Qaydalar çərçivəsində mağaza və apteklərdən başqa bütün satış müəssisələri və xidmət sektoru bağlanacaq. Yalnız fəaliyyəti zəruri olan sənaye müəssisələri işləyəcək. Sakinlər yaşayış yerlərindən 1 kilometr məsafədə uzaqlaşa biləcək. Hindistan son bir neçə gündür ki, sutkalıq yoluxma və ölüm hallarının sayına görə bütün ölkələri qabaqlayır. Baş nazir Narendra Modi əhalinin qoruyucu maska taxmasının artıq vərdiş halını alacağına ümid etdiyini deyib. Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ-dan sonra ikincidir. Bu durumda ölkədə sərtləşdirilmiş karantin tətbiqi yenidən gündəmdədir. Azərbaycanda da avqusta nisbətən yoluxma sayında artım var. Vətəndaşlar qaydalara riayət etməyəcəyi, tibbi maska taxmayacağı təqdirdə yoluxmanın daha da artacağı ehtimal edilir. Ekspertlər xəbərdarlıq edir ki, yoluxma sayı artarsa, karantin rejimi yenidən sərtləşdirilə bilər. Pediatr Vaqif Qarayev məsələ ilə bağlı bildirir: “Qarşıda bizi çox daha böyük çətinliklər gözləyir. Payız mövsümü ilə bağlı respirator infeksiyalar baş qaldırdıqca, koronavirusla mübarizə çətinləşəcək. Həkimlər də, müəllimlər də, valideynlər də çıxılmaz vəziyyətdə qalacaq”. Onun sözlərinə görə, belə gedərsə, məktəblərin yenidən bağlanması gözlənilir: “Oktyabr ayında ikinci bəla başlayacaq. Mövsümi viruslar baş qaldırır. Hər kəs anlamalıdır ki, pandemiya ilə tək bizim ölkə deyil, bütün dünya mübarizə aparır. Gəlin, insaflı danışaq, bizim həkimlər də xarici ölkələrdəki mütəxəssislər kimi əllərindən gələni edirlər. İnfeksiya təbabətə məlum deyil, çətinlik yaradan məqam budur. Həkimlər mart ayından bunu düşünürlər”. Ekspert “oxu.az” portalına bildirir ki, payız mövsümündə qızdırma ilə müraciət edən istənilən xəstənin ilk növbədə COVID-19 analizi verməsi lazım gələcək: “Həkim bilsə də ki, bu mövsümi virusdur, qızdırma olduğu üçün koronavirusa görə yoxlanmalı olacaq. Buna isə nə həkimin, nə valideynin, nə də klinikaların gücü çatacaq. Həmin o qızdırmalı şagirdlər (I- IV siniflər) məktəbə gedirsə, heç kim bilməyəcək ki, o, COVID-19 daşıyıcısıdır, yoxsa mövsümi xəstəlikdir”.

Ramil QULİYEV