Azərbaycanın Beynəlxalq Vaksin Alyansı ilə əməkdaşlıq strategiyasının üstünlükləri – vaksini hansısa dövlətdən, ya Alyansdan almaq...

24 Sentyabr 2020 16:57 (UTC+04:00)

Məlum olduğu kimi, Azərbaycan GAVI Alyansı (Global Alliance for Vaccines) ilə COVID-19 koronavirusuna qarşı vaksinin alınması barədə razılaşma əldə edib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI təşkilatı arasında imzalanmış sazişə əsasən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq.

Onu da qeyd edək ki, tədqiqatlar davam etdiyindən, vaksinlərin effektivliyi və təhlükəsizliyi haqqında hələ fikir söyləmək mümkün deyil. Hazırda klinik sınaqlar fazasında olan 30 vaksindən cəmi 6-sı 3-cü klinik fazada sınaqlardan keçirilir.

Azərbaycanla GAVI təşkilatı arasında imzalanmış sazişin mühüm əhəmiyyəti var. Məsələ ondadır ki, bəzi dövlətlər ayrı-ayrı ölkələrdən - Rusiyadan, ABŞ-dan vaksin almağa üstünlük verirlər. Ancaq Azərbaycan isə vaksinin alışını Beynəlxalq Vaksin Alyansı ilə razılaşdırır. Bir var hansısa dövlətdən asılı vəziyyətə düşmək, bir də var hansısa beynəlxalq təşkilatla əməkdaşlıq etmək. Bax, Azərbaycanın bu taktikasının, seçiminin əhəmiyyəti və üstünlükləri nədən ibarətdir?

Məsələyə münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, vaksin məsələsində Azərbaycanın seçdiyi yolun bir sıra üstünlükləri var: “Hesab edirəm ki, vaksin Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivliklə bağlı rəyi olmadan alına bilməz. İkinci tərəfdən, vaksin məhz rəsmi bir strukturdan alınmalıdır, ayrı-ayrı dövlətlərdən yox. Çünki sabah bunun hansısa beynəlxalq, hüquqi tərəfi olanda sözügedən məsələlərin müzakirə şansı olsun. Hansısa dövlətdən bunu alanda belə bir şans olmur. O baxımdan, Azərbaycanın vaksin alınmasında GAVI Alyansı ilə əməkdaşlığa üstünlük verməsi daha optimal variantdır. Bununla yanaşı, vaksin alınanda, birinci növbədə, risq qrupuna aid olan insanlar vaksinasiya edilməlidir. İlk növbədə onlara üstünlük verilməlidir. Qalan insanlar könüllü şəkildə vaksinasiya oluna bilər. Düşünürəm ki, vaksinasiyaya qədər, yəni payızdan sonra virusun zəifləyib yoxa çıxması yavaş-yavaş müşahidə ediləcək. Nəticədə buna ehtiyac qalmayacaq. O baxımdan biz bu məsələdə o qədər də tələsməməliyik. Hansısa qərar verməzdən əvvəl beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlərin bu məsələdə hansı davranış sərgiləməsini də nəzərə almaq lazımdır. Ümumilikdə, sözügedən məsələdə Azərbaycan daha düzgün yol seçib”.

Professor onu da qeyd etdi ki, Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək şansları daha böyükdür.

Vidadi ORDAHALLI