Bakı Qarabağ münaqişəsinin həllində yeni mühüm gediş etdi

24 Sentyabr 2020 11:33 (UTC+04:00)

Dağlıq Qarabağ münaqişəsinin həllində geosiyasi oyunçular arasında Rusiyanın hər zaman xüsusi çəkiyə malik olması danılmaz fakt kimi çıxış edir. Elə bu səbəbdəndir ki, Azərbaycanın xarici siyasətində mühüm prioritetlərdən biri daim Rusiya faktorunu öz maraqları çərçivəsində yönləndirmək olub. Son proseslər Bakının bu məsələdə mühüm nailiyyətlər əldə etdiyini göstərir.

Münaqişənin dinc müstəvidə həllinə maneə yaradan əsas tərəfin Ermənistan olması artıq Rusiya rəsmilərinin dilindən açıq səslənir. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edərkən dedikləri bu xüsusda çox şeyləri ifadə edir. Volodin qeyd edib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri isə haqlı narahatlıq doğurur və sülh prosesinə kömək etmir. Maraqlıdır ki, eyni yanaşma xarici işlər naziri Sergey Lavrov tərəfindən də sərgilənib. Lavrovun da dediklərindən belə bəlli olur ki, Paşinyanın erməni işğalı altındakı Dağlıq Qarabağda yaradılan separatçı rejimin danışıqlar prosesinə qoşulması, yaxud “Qarabağ Ermənistandır” kimi fikirləri sülh prosesinə ciddi zərbədir. Bu xüsusda Sergey Lavrov qeyd edir ki, Rusiya ATƏT-nin Minsk Qrupunun həmsədri kimi problemin həllinə öz dəstəyini verir və bu sahədə səylərini əsirgəmir. Lavrov xüsusi vurğulayır ki, Ermənistanın baş nazirinin Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir. Özü də bu, rəsmi Moskvanın mövqeyidir.

Bu açıqlamalar Rusiyanın rəsmən Paşinyan iqtidarını hədəfə götürdüyündən xəbər verir. Rusiyalı politoloq Qriqori Trofimçuk hesab edir ki, yaranmış vəziyyət Kremlin Paşinyanı tək qoyduğunu göstərir: “Buna görə də ən çox gözlənilən nəticə elə müharibədir, sadəcə, sərhəddə aparılan müharibədən daha geniş bir miqyasda. Rusiya Federasiyası Ermənistan tərəfində nəinki döyüşməyəcək, “Paşinyan naminə” heç kömək də etməyəcək. Bu fonda Ermənistanda hakimiyyəti dəyişdirmək üçün daxili cəhdləri istisna etmək olmaz, xüsusən də oradakı yerli müxalifətin artıq yenidən birləşməyə başladığı bir vaxtda”. ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayza da hesab edir ki, Kremlin belə davranışına səbəb Paşinyanın Rusiya və digər vasitəçilərin fəaliyyətinə vurduğu zərbədir: “Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk dövrlərdən fərqli olaraq təəccüblü şəkildə sonradan mövqeyini radikal istiqamətdə dəyişib və indi hətta sələflərinin razılaşdırdığı “Madrid prinsipləri”ndən geri çəkilir. Bu da de-fakto Minsk Qrupu çərçivəsində danışıqlarının “ölməsi” deməkdir”. Belə görünür ki, Rusiya bunu Ermənistan baş nazirinə bağışlamaq istəmir.

Ermənistanda hesab edilir ki, Rusiyanın İrəvanın arxasından çəkilməsi fonunda Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün savaşa başlayacaq. Bu zaman da Ermənistanı asanlıqla əzəcək. Bunu Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan da xüsusi olaraq vurğulayır. O hesab edir ki, Ermənistanın savaş üçün lazımi resursları yoxdur: “Gündən-günə dərinləşən problemlər dövlətimizin daxili və xarici qapılarını döyməyə davam edir. Müharibə təhlükəsi Domokl qılıncı kimi ölkənin başı üzərində asılıb. Bu halda iqtisadiyyat sabit addımlarla çöküş yaşayır, pandemiya həyatlar almağa davam edir. Xarici borc son bir il yarımda əhəmiyyətli dərəcədə artıb, mühacirət mitinqlərlə “qapıları qırır” ki, ölkədən çıxsın. İyrənclik yaradan nifrət təbliğatı, hakimiyyətin ucuz populizmi və aşağı keyfiyyətli “siyasi” söz hər gün mətbuat səhifələrindən kənara daşır. Dövlətin sosial yükü və insanların ümidsizlik dalğaları daha nəzərəçarpan olur. Xarici siyasət tərəfdaşların “əvvəlcə gedin kim olduğunuzu dəqiqləşdirin, sonra gələrsiz, baxarıq” rüsvayçı yanaşmasına çevrilir. Bu halda Qarabağ danışıqlar prosesi təhlükəli qarışıqlıq və çıxılmaz vəziyyət astanasındadır. Diletantlar siyasi olimpdə peyda olublar və öz məsuliyyət dərəcələrini qətiyyən anlamırlar”.

Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Arman Abovyan isə vurğulayır ki, İrəvan Paşinyanın naşı siyasəti üzündən çıxılmaz vəziyyətə düşüb: “Azərbaycan və Türkiyə rəhbərliklərinin son bəyanatları, avqustda keçirilmiş birgə hərbi təlimlər sübut edir ki, Azərbaycan Türkiyə ilə birlikdə müharibəyə başlamağa hazırlaşır, əvvəlcədən hazırlıq işləri aparır”. Erməni deputat qeyd edib ki, Azərbaycan və Türkiyə prezidentləri, bu ölkələrin xarici işlər nazirləri və hərbi rəhbərlikləri yeni hərbi əməliyyatların başlamasının mümkün olduğu istiqamətdə çox aktiv informasiya, hazırlıq işləri aparır. Bu durumda o, Rusiya Ermənistanın yanından çəkildiyi halda ölkəsini çox ciddi problemlər gözlədiyini qeyd edir. Amma qeyd edilən xüsusda ən sərt ittihamlar Respublika Partiyasının sədr müavini Armen Aşotyandan gəlib: “Qarabağ münaqişəsi ətrafında baş verən proseslər çox narahatedicidir. Azərbaycan prezidenti İlham Əliyevin bəyanatları aydın siyasi məqsədə malikdir. Türkiyə tərəfinin bəyanatlarını nəzərdən keçirsək, başa düşərik ki, Azərbaycan Qarabağı yox, Azərbaycan və Türkiyə Ermənistan və Qarabağı istəyir”.

O qeyd edib ki, İlham Əliyevin bəyanatlarının arxasında aydın şəkildə tanklar və toplar görünür: “Müharibə olsa, Ermənistan bu müharibədə günahkar kimi etiketlənməməlidir. Ermənistan baş naziri - xarici işlər naziri cütlüyünün öz rüsvayçı uğursuzluqlarına necə üzsüzlüklə yanaşması təəccüblüdür”. Aşotyanın sözlərinə görə, Azərbaycan prezidenti qeyd edib ki, Nikol Paşinyan keçmiş hakimiyyətin nümayəndələrinin geri qayıtmaması üçün ondan atəş açmamağı xahiş edib: “Əliyevin bəyanatları hamı üçün Nikol Paşinyanın maskasını yırtdı”. Aşotyan Qarabağ məsələsinin həlli haqqında danışarkən digər maraqlı fikirlər də səsləndirib: “Prosesə öz nöqteyi-nəzərlərindən başlayaraq bütün prosesi ayaqlarının altına atıblar. Proses hələ başlamamış biz potensial günahkarıq, niyə? Çünki Nikol Paşinyan və Zöhrab Mnatsakanyan daxili populizmə qapılıblar, iki il yarım ərzində bizi dinləmirlər. Nikol Paşinyan cavab verməlidir. Hazırda Azərbaycan təbliğatı qalib gəlir”. Onun sözlərinə görə, Ermənistanda narazılıqlar gündən-günə artır və bu da siyasi proseslərin əsasında olmalıdır.

Hazırda Ermənistanda əsas müzakirə mövzularından biri də Prezident İlham Əliyevin Qarabağ münaqişəsi ilə bağlı açıqladığı həqiqətlərdir. Yerli telekanallara müsahibəsində Prezident bildirib: “İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Yəni biz vəziyyətdən istifadə edib nəyisə əldə etmək fikrində olmadıq. Biz hesab edirdik ki, bu labüd idi. Çünki Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında ancaq nifrət hissləri doğururdu və faktiki olaraq bu hərbi-kriminal rejim Ermənistanı tamamilə bərbad vəziyyətə salmışdı. Xüsusilə nəzərə alsaq ki, yeni hakimiyyət hakimiyyətə gələndən sonra çox ümidverici bəyanatlar verməyə başlamışdı ki, bu məsələni həll etmək istəyirlər, əvvəlki hakimiyyəti tənqid edirdi, bizə qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi. Biz də ümidlərlə yaşayırdıq ki, bəli, yeni hakimiyyət bütün başqa sahələrdə də, bu sahədə də yenilik gətirəcək və o əvvəlki yanlış siyasətə düzəliş edəcək. Xüsusilə mənim Ermənistanın baş naziri ilə Düşənbədəki məlum görüşlərimdən sonra bu fikir daha da möhkəmləndi. O vaxt məndən xahiş olundu ki, onlara vaxt verilsin, Ermənistanda daxili vəziyyət ağırdır, çətindir, keçmiş hakimiyyətin nümayəndələri revanş almaq istəyirlər və bu da danışıqlar prosesinə çox mənfi təsir göstərəcək. Onlar danışıqlara meyllidir, məsələni həll etmək istəyirlər və xahiş edilirdi ki, atəşkəs rejimi möhkəmlənsin. Mənim isə sözüm o idi ki, biz ciddi danışıqlar aparmalıyıq və o təqdirdə, əlbəttə, atəşkəs rejimi daha da möhkəm olacaqdır”. Bununla Paşinyanın Azərbaycana atəşkəs üçün minnətçi düşməsi tam təsdiq edilir.

Erməni ekspert Anjela Əlibəyova qeyd edir ki, bu məqamları açıqlamaqla Azərbaycan tərəfi öz üstünlüyünü nümayiş etdirib: “İndi Paşinyanın vədlərindən geri çəkilməsi Azərbaycana daha asanlıqla güc tətbiqindən istifadəyə imkan verir. Çox istərdim ki, baş nazir İlham Əliyevin Düşənbə liftində sövdələşmənin olması ilə bağlı bəyanatını təkzib etsin. Amma bunu edə bilmir”. Belə vəziyyətdə öhdəliklərindən qaçdığı üçün Azərbaycan Paşinyanı və Ermənistanı güc vasitəsilə yola gətirməyə məcburdur. Ümumiyyətlə, öz hərbi gücünə arxalanan Azərbaycan müharibə ehtimalını heç vaxt gündəmdən çıxarmayıb. Azərbaycan hazırda regionda hərbi potensialına görə Ermənistanla müqayisəolunmaz dərəcədə mühüm üstünklüyə malikdir. İqtisadi parametrlər, hərbi potensial, şəxsi heyət, silah-sursatın müasir texniki vəziyyəti baxımından Azərbaycanın potensialı Ermənistandan ən azı 3 dəfə artıqdır. Bu vəziyyətdə Rusiya faktorunun da neytrallaşdırılmasından sonra Azərbaycanın asanlıqla güc vasitəsilə ərazi bütövlüyünü bərpa edəcəyi qaçılmaz reallıqdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.