İranın Azərbaycanla marağında olduğu ortaq layihələr Ermənistanı onun orbitindən çıxarır... İrəvan təklənmiş durumda...

24 Sentyabr 2020 10:54 (UTC+04:00)

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi kimi mühüm transmilli layihəni Azərbaycanla birlikdə reallaşdıran İran üçün digər istiqamətlər üzrə də Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi prioritetdir. Bu xüsusda İranın diqqət mərkəzində yer alan daha bir mühüm məqam birgə müəssisələrin yaradılmasıdır. Artıq bu istiqamətdə müəyyən addımlar atılır. Söhbət iki ölkənin birgə sənaye parkının yaradılmasından gedir.

Azərbaycan və İran arasında birgə sənaye parkı iki ölkə sərhədinin sıfır nöqtəsində və Ərdəbilin Parsabad rayonunun Təzəkənd məntəqəsində yaradılacaq. İranın Ərdəbil vilayətinin Sənaye Parkları Şirkətinin icraçı direktoru Məhəmməd Əhli bu xüsusda bildirir ki, Azərbaycan və İran arasında birgə sənaye parkının yaradılması bölgənin sənaye inkişafına səbəb olacaq. Onun sözlərinə görə, birgə sənaye parkının yaradılması Azərbaycan - İran münasibətlərinin inkişafında yeni səhifə açacaq: “Ərdəbil vilayətinin sərhəd mövqeyindən istifadə olunması qonşu ölkələrə məhsul ixracının artmasında önəmli rola sahib ola bilər. İranın sənaye, mədən və ticarət nazirinin müavini və İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatının icra direktoru Möhsün Salehiniyanın bölgəyə səfəri çərçivəsində yaradılacaq parkın yeri müəyyənləşib. İlk mərhələdə 100 hektar ərazidə sərhəd parkının yaradılması mümkündür". Şirkət rəsmisi bildirib ki, İranın Parsabad rayonunun qubernatoru ərazinin planını İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatına göndərəcək. Plan təşkilatda və İranın Nazirlər Kabinetində təsdiqləndikdən sonra icra oluna bilər. Əhli əlavə edib ki, sərhəd parkının yaradılması sərhəd ərazilərdə inkişaf və məşğulluğun artması ilə nəticələnəcək. 

Ekspertlər hesab edir ki, Azərbaycanın birgə sənaye parkının yerinin seçilməsində mövqeyi təsadüfi deyil. Əvvəla, Azərbaycanın İran vilayətləri arasında iqtisadi əlaqələri daha çox Ərdəbillə inkişaf edib. Digər tərəfdən, Azərbaycan Ərdəbil-Miyana dəmir yolu vasitəsilə körfəz ölkələrinə çıxış əldə etmək imkaına malikdir. İranın şəhərsalma və yollar naziri Məhəmməd İslami bir müddət öncə qeyd edilən xüsusda maraqlı açıqlama verib: “Yaxın zamanda Azərbaycanla sərhəd regionunda yerləşən Parsabad şəhərindən Ərdəbilə də dəmir yolu xətti çəkiləcək. Parsabad-Ərdəbil-Miyana dəmir yolu Azərbaycanla körfəz ölkələri arasında nəqliyyat əlaqəsi yaradacaq”. Nazir onu da nəzərə çatdırıb ki, tərəflər Rəşt-Astara dəmir yolu xəttinin inşasında əməkdaşlıq edir. Onun sözlərinə görə, Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xəttinin çəkilişi ilə iki qonşu və dost dövlətin dəmir yolları birləşib. Hesab edilir ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti tam hazır olduqdan sonra yükdaşımaların həcmi daha da artacaq. Hələlik bu yolun Qəzvin-Rəşt hissəsi istismara verilib. Yaxın gələcəkdə yolun Rəşt-Astara hissəsi də tikilib istifadəyə veriləcək. Bundan sonra İranla Azərbaycanın dəmir yolu sistemləri tam birləşəcək. Hazırda Azərbaycanı İranla birləşdirən Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu fəaliyyət göstərir. Bu isə iqtisadi əlaqələrin dinamik inkişafına artıq indidən mühüm zəmin yaradır. Iqtisadçı ekspert Müslüm İbrahimov məsələnin bu tərəfini şərh edərkən bildirir ki, Azərbaycan və İran arasında iqtisadi sahədə maraq nöqtələri çoxdur: “İki ölkə arasında iqtisadi əlaqələr getdikcə güclənir. Xüsusən də nəqliyyat sahəsindəki münasibətlər maraq doğurur. İran Bakı-Tiflis-Qars dəmir yolunun fəaliyyətinə böyük maraq göstərir. İranın ən böyük problemi öz məhsullarını inkişaf etmiş böyük bazarlara çıxara bilməməsidir. Bunu da indiki şəraitdə Azərbaycan vasitəsilə etmək olar. Hər iki ölkə iqtisadi siyasət sahəsində təcrübə mübadiləsi apara bilər”.

Qeyd edək ki, İran Bakı-Tiflis-Qars dəmir yolunun Təbriz şəhərinə qədər uzadılmasında maraqlıdır. Bu məsələ ilə bağlı hətta müəyyən müzakirələr də aparılıb. Tehran hesab edir ki, bu layihə reallaşsa, dairəvi dəmir yolu yaranacaq. İran bildirir ki, bu, Azərbaycan üçün də olduqca faydalıdır. Ekspertlər hesab edir ki, Türkiyə-İran, Avropa Birliyi-İran ticarət dövriyyəsinin artırılmasına əsas əngəl hazırda nəqliyyat daşımaları imkanının məhdud olmasıdır. Amma Bakı-Tiflis-Qars dəmir yolunun Təbrizə qədər uzanması bu problemləri aradan qaldırmaqla, bütün tərəflər üçün cəlbedici iqtisadi imkanlar yarada bilər. Təbii ki, burada həm də Azərbaycan tərəfi iqtisadi cəhətdən fayda əldə edəcək. Ölkə tranzit yükdaşımalarından böyük həcmdə gəlir əldə edəcək. Digər tərəfdən, regionda ölkələr arasında iqtisadi münasibətlərin inkişafı həm də onlar arasında geosiyasi münasibətlərin dərinləşməsinə xidmət edir ki, bu da son nəticədə həyati əhəmiyyət kəsb edir. İndiki halda Azərbaycan üçün bunun mühüm üstün tərəflərindən biri İranın Azərbaycana yaxınlaşmaqla Ermənistanı arxa plana atmasıdır. Bu vəziyyətdə Ermənistan regionda daha zəifləmiş duruma düşür. Elə Azərbaycanın İran siyasətinin ən mühüm məqamlarından biri də məhz budur.

Nahid SALAYEV