Azərbaycan və Ermənistan ordularının şəxsi heyətində yer-göy həddində vətənpərvərlik fərqləri - köklər haradadır...

23 Sentyabr 2020 18:51 (UTC+04:00)

Uzun illərdir işğalçılıq siyasəti yürüdən, separatizmi, terrorizmi himayə edən Ermənistanın ordusunda vəziyyət bütün dünyaya məlumdur. Buna baxmayaraq, işğalçı ölkə öz sınıq-salxax ordusunu “şanlı ordu” kimi təqdim etməyə cəhdlər edir. Azərbaycan Ordusu isə öz gücü, qüdrəti, hərtərəfli təchizatı, vətənpərvər əsgər və zabitləri ilə əzəmətli və hünərlidir. Bir sözlə, bütün məqamlarda işğalçı dövlətin ordusu bizim ordudan qat-qat zəif və ümidsizdir.  

Azərbaycan Ordusunda və Ermənistan ordusunda vətənpərvərliyin dərəcəsini necə müqayisə etmək olar?

Ekspertlərin fikrincə, işğalçı Ermənistan ordusunda vəziyyət get-gedə daha dəhşətli şəkil almaqdadır, bir tərəfdən ordudakı aclıq, səfalət, başqa tərəfdən zorakılıq hallarının baş verməsi qəsbkar ölkənin ordusunda ciddi problemlərin yaranmasına, fərarilik hallarının günü-gündən artmasına gətirib çıxarıb.

Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan Ordusunda isə vəziyyətin həddindən artıq yüksək səviyyədə olduğunu deyən ekspertlər hesab edirlər ki, ordumuzun heç çətinliyi yoxdur. Milli Orduda xidmət edən əsgər və zabitlərimiz, eləcə də onların ailələrinin dövlət tərəfindən hərtərəfli şəkildə təmin edildiyini deyən ekspertlərin sözlərinə görə, bu gün Azərbaycan Ordusunda vətənpərvərlik səviyyəsi çox yüksəkdir və ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə hər an hazırdır.

Ekspertlər, həmçinin, vurğulayırlar ki, Azərbaycanda ordu və xalq, ordu və dövlət birliyi olduqca güclüdür. Ölkə başçısının ordumuzun vəziyyətini daim nəzarətdə saxlaması, vaxtaşırı olaraq ordumuzun şəxsi heyətilə görüşlər keçirməsi bu istiqamətdə rol oynayan əsas amillərdən biridir. Ekspertlər deyirlər ki, bu gün Azərbaycan Ordusunda vətənpərvərlik ruhu hədsiz dərəcədə yüksəkdir və bu da ordu, dövlət və xalq birliyi nəticəsində baş verib.

Azərbaycan və Ermənistan ordusunda vətənpərvərlik səviyyəsini müqayisə edən tanınmış hərbi ekspert Tərlan Eyvazov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan Ordusunda mövcud olan vətənpərvərliyin səviyyəsi ilə işğalçı ölkənin ordusundakı vəziyyəti müqayisə etmək olmaz. T.Eyvazov hesab edir ki, bizim ordu işğal altındakı torpaqlarımızı işğaldan azad etmək ruhunda, əzmində formalaşıb, işğalçı ölkənin ordusu isə nəyin uğrunda vuruşduğunu, döyüşdüyünü bilmir. “İşğalçı ordu ilə öz torpaqlarını, ərazilərini müdafiə edən ordu arasında fərqlər böyükdür. Artıq bundan görünür ki, hansında vəziyyət necədir. Ermənistan ordusu işğalçılıq siyasətini yerinə yetirən Ermənistanın və erməni lobbisinin, müəyyən bu cür dairələrin tapşırıqlarını yerinə yetirir. Biz də görürük ki, orada həlak olan əsgərlərin ailələri çox narazılıq edirlər. Əvvəl onlar deyirdilər ki, biz “Qarabağın müstəqilliyi”, yaxud “Qarabağın Ermənistana birləşdirilməsi” uğrunda mübarizə aparırıq. 1993-1994-cü illərdə onlar bizim ətraf rayonlarımızı işğal edərkən Ermənistan ordusunda çox böyük narazılıq yarandı ki, indi nəyin uğrunda mübarizə aparırıq, başqa bir ölkənin ərazisini işğal etmək bizə çox ağır başa gələ bilər. Hətta həmin dövrdə Ermənistan ordusundan bir neçə nəfər Azərbaycana əsir düşməyə üstünlük verdi. Mən onları görmüşəm, danışdırmışam.

Böyük vətənpərvərlik hissinə malik olan Azərbaycan Ordusu, əsgəri isə bu gün ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda mücadilə verir və torpaqlarımızın müdafiəsi uğrunda həyatını itirənlər şəhidlik zirvəsinə yüksəlir, onların ailələri də, valideynləri də bundan qürur hissi duyurlar. Bilir ki, onun övladı hansı amal uğrunda canını fəda edib. Amma bu gün Ağdamda, Tovuzda, digər cəbhə bölgələrində həlak olan işğalçı Ermənistan ordusunun əsgərlərinin valideynləri isə üsyan edirlər, sual verirlər ki, mənim övladım nəyin uğrunda həlak olub? Ona görə də bu gün çağırışçı əsgərinə, ordusuna inanmayan Ermənistan rəhbərliyi artıq yeni qərarlar qəbul etməkdədir. Belə ki, işğalçı dövlət öz ordusuna inanmadığı və ordusunda vətənpərvərlik hissinin olmadığını bildiyi üçün xaricdən həm erməni, həm də qeyri-erməni muzdluları orduya cəlb edir ki, müharibə başlayarsa, işğal etdikləri əraziləri saxlaya bilsinlər, bununla da Ermənistanın dövlətçiliyini qoruya bilsinlər. Bu da artıq işğalçı ordudakı vəziyyəti göstərir”.

T.Eyvazov bildirdi ki, həmişə Ermənistan ordusunda muzdlular döyüşüb. Ekspert qeyd etdi ki, tarixən ermənilərin terrorçularla əlaqələri var və bu ölkə hər zaman terroru müdafiə edib. “Amma bizim orduda isə həmişə vətənpərvər əsgərlərimiz, könüllülərimiz, xidmətdə olan və xidmətdən artıq qulluq edən hərbçilərimiz olub və müharibədə də bunlar iştirak ediblər. Apardığımız müqayisələr də açıq göstərdi ki, hansı ölkənin ordusunda vətənpərvərlik hissləri daha yüksəkdir” - deyə müsahibimiz vurğuladı.

İradə SARIYEVA