Ərdoğan: "Mikotakislə görüşməyimizdə problem yoxdur, nə danışacağıq, əsas olan budur...”

21 Sentyabr 2020 19:44 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Aralıq dənizində təhqiqat aparan “Oruc rəis” seysmik gəmisinin limana çəkilməsində məqsəd diplomatiyaya meydan verməkdir. Lakin bu o anlama gələ bilməz ki, “Oruc rəis”in işi yarımçıq qalacaq. O deyib ki, hazırda gəminin yüngül təmirə ehtiyacı var və təmirdən sonra yenidən görəv başına qayıdacaq.

Prezident Ərdoğan mətbuat nümayəndələrinin suallarını cavablandırarkən onu da deyib ki, bir çox dövlət başçıları və ya baş nazirlər Aralıq dənizində fəaliyyətlə bağlı Yunanıstanla danışıqlarda vasitəçilik mövqeyi tutduğunu deyir, lakin bütün bu danışıqlarda dəniz yurisdiksiyalarından fərqli bir yanaşma var.

Ərdoğan onu da deyib ki, Yunanıstanla danışıqlara getməkdə problem yoxdur, problem bu dövlətin bu danışıqlara hansı yanaşma sərgiləyəcəyi ilə bağlıdır. Türkiyə prezidenti deyib ki, ölkəsi xoşməramlı danışıqlara hər zaman açıqdır, lakin Yunanıstan rəhbərliyi adaya gələrək “gövdə göstərisi” nümayiş etdirərsə, əlbəttə, bu, sözügedən danışıqların nəticəsinə təsirsiz qalmayacaq.