ADPU-nun Elmi Şurasının onlayn iclası keçirilib

21 Sentyabr 2020 16:52 (UTC+04:00)

Sentyabrın18-dəAzərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2020-2021-ci tədris ili üçün ilk onlayn iclası keçirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən “Bakı-Xəbər”ə bildirildiyinə görə,

ADPU rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq Elmi Şura üzvlərini yeni tədris ili münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb, sonra gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırıb. Rektor iclasın gündəliyinə “ADPU-nun 2020-2021-ci tədris ilinə hazırlığın və qarşıda duran vəzifələr haqqında” və cari məsələlərin daxil olduğunu bildirib. 

Rektor Cəfər Cəfərov çıxışında “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarının icrası haqqında” Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2020-ci il 2 sentyabr tarixli F-391 nömrəli əmrindən irəli gələn məsələlərin icrası ilə bağlı qarşıda duran vəzifələr barədə məlumat verib.

İclasda, həmçinin, rektor yeni tədris ilində universitet üçün çox əhəmiyyətli olan ADPU-nun qarşıdan gələn 100 illik yubileyi, ADPU və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı haqqında  danışıb.

“ADPU-nun 2020-2021-ci tədris ilinə hazırlığın və qarşıda duran vəzifələr haqqında”Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov məruzə ilə çıxış edib. Dosent E.Aslanov İşçi tədris planları-yüklərin bölünməsi, məsafədən dərslərə hazırlıq, tələbə qəbulunun vəziyyəti-2020, tələbə yay transferlərinin nəticəsi, SABAH qrupları,yeni tədris ilinə hazırlıq üzrə vəzifələr, tədrisin necə təşkil olunacağı və 2020-2021-ci ildə qarşıda duran əsas vəzifələr barədə məlumat verib. Elmi Şura dosent E.Aslanovun hesabatını qəbul edib.

Cari məsələlərin müzakirəsi zamanı Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov Fəlsəfə doktoru proqramı üzrə dissertasiya mövzularının və elmi rəhbərlərin müəyyənləşdirilməsi barədə,ADPU-nun Elmi-Tədqiqat Mərkəzinin  Əsasnaməsinin təsdiqi barədə, Rektorun müşaviri Ümid Mehdiyev ADPU-nun 2020-2021-ci tədris ili üçün strukturunun və ştat vahidlərinin təsdiq edilməsi haqqında, ADPU-nun 2020-2021-ci tədris ili üçün İş Planının təsdiq edilməsi haqqında, Tədris departamentinin direktoru, dosent Sənan Əliyev ADPU-nun 2020-2021-ci tədris ili üçün proqnozlaşdırılmış dərs yükünün təsdiq edilməsi haqqında, ADPU-nun 2020-2021-ci tədris ili üçün Akademik Təqviminin təsdiq edilməsi haqqında, Elmi katib dosent İradə Qasımova ADPU-nun Elmi Şurasının 2020-2021-ci tədris ili üçün  İş Planının təsdiqi haqqında məlumat verib.

Cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Sonda rektor Cəfər Cəfərov yeni tədris ilində qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.