Prezident Əliyevin xüsusi xidmət orqanları barədə yüksək qiymətləndirməsi nələrə əsaslandı...

21 Sentyabr 2020 17:03 (UTC+04:00)

Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı  jurnalistlərə geniş müsahibə verib. Həmin müsahibədə o, ölkə iqtisadiyyatı, Dağlıq Qarabağ məsələsi, Ermənistanın müharibə hazırlıqları, yeni təxribatları ilə bağlı məsələlərə xüsusi yer ayırıb. Prezident İlham Əliyevin müsahibəsində Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyəti haqqında səsləndirdiyi fikirlər xüsusilə diqqəti çəkir:

"Biz bilirik bizim ətrafımızda nələr baş verir, bizim xüsusi xidmət orqanlarımız çox səmərəli işləyirlər".

 Bundan sonra  Prezident  "...bundan artıq deyə bilmərəm" kimi mesaj verir. Əslində bununla ölkə başçısı düşmən tərəfə və beynəlxalq ictimaiyyətə vacib mesaj verib ki, bizim bütün proseslərdən xəbərimiz var və bunu xüsusi xidmət orqanlarımızın vasitəsilə edirik. Prezidentin xüsusi xidmət orqanlarımızın fəaliyyətinə verdiyi yüksək qiymət nəyə əsaslanır?

Təhlükəsilik qurumlarının sabiq əməkdaşı Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə başçısının xüsusi xidmət orqanlarının fəaliyyətinə verdiyi qiymət onların gördüyü işin əmsalına adekvatdır:

“Yaşadığımız dövr, dünyada baş verən proseslər milli təhlükəsizliyin təmin olunmasını əsas vəzifələr sırasına çıxarıb. Ərazi bütövlüyünün və ictimai-siyasi sabitliyin pozulması, separatçılıq, etnik, dini və siyasi ekstremizmin yayılması, ölkənin daxili işlərinə müdaxilə, beynəlxalq terrorçuluq, dövlət sirrinin əldə olunmasına olan cəhdlər və bu kimi digər fəaliyyətlər hər bir ölkə üçün əsas təhdidlər sırasındadır. Ona görə də kəşfiyyat və əks kəşfiyyat sahəsində işin düzgün təşkili birbaşa dövlətin və xalqın təhlükəsizliyinə zəmanət verir.

Kəşfiyyat ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş xüsusi fəaliyyətdir. Əks-kəşfiyyat isə xarici xüsusi xidmət orqanlarının və ayrı-ayrı şəxslərin ölkənin müstəqilliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək pozuculuq əməllərinin aşkarlanması və qarşısının alınmasıdır. Xüsusi xidmət orqanlarının fəaliyyətinin düzgün təşkili  ölkəmizsdə əsas vəzifələrdən sayılır. Milli təhlükəsizliyi təmin etmədən nə ümumi inkişafdan, nə də sabitlik və əminamanlıqdan danışmaq mümkündür. İşğalçı ölkə ilə  müharibə şəraitində olmağımızdan doğan təhdid və risqlər təhlükəsizlik sahəsində tədbirləri genişləndirməyi zəruri edir. Ona görə də ölkənin xüsusi xidmət orqanları müasir dövrün təhdidlərini nəzərə almaqla qabaqlayıcı tədbirlər görməli, təhlükəsizliyin tam təmin olunması üçün fəaliyyətlərini gücləndirməlidirlər. Nəzərə alınmalıdır ki, hər məlumat kəşfiyyat məlumatı deyil. Kəşfiyyat fəaliyyətinin əsasında təhlil edilmiş və qiymətləndirilmiş məlumatlar dayanmalıdır. Çünki əldə edilən məlumat sistemli şəkildə analiz edilmədikdə və dəyərləndirilmədikdə yanlış nəticələrə gətirib çıxarır. Yalnız tamamlanmış kəşfiyyatın nəticəsi olan məlumatlar müvafiq sahədə dövlət siyasətinin istiqamətlənməsi üçün zəruri əsaslar yaradır.

Xüsusilə kəşfiyyat tədbirlərində informasiya texnologiyalarından, xüsusi texniki avadanlıqlardan, qeyri-aşkar üsul və vasitələrdən bacarıqla istifadə olunmalı, ölkəmizin mənafelərinin xaricdən gözlənilən mühüm risq, təhlükə və təhdidlərdən qorunması diqqətdə saxlanmalıdır. Həmçinin beynəlxalq terrorçuluğa və transmilli cinayətkarlığın digər formalarına qarşı qabaqlayıcı tədbirlər gücləndirilməlidir. Görünən budur ki, ölkənin xüsusi xidmət orqanları qarşıya qoyulan bu tapşırıqların öhdəsindən layiqincə gəlir. Məhz buna görə də Prezident onların fəaliyyətini belə təqdir edir”.

Ölkənin sütunu sayılan qurumların belə ayıq-sayıqlığı hər bir ölkə vətəndaşının rahat yaşamasını şərtləndirir.

Məhəmmədəli QƏRİBLİ