Çar və Sovet dövründə də neftimiz də var idi, qazımız da – dəyişən böyük mahiyyəti Prezident belə ifadə etdi…

21 Sentyabr 2020 17:31 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.

Prezident mərasimdən sonra televiziya jurnalistlərinə geniş müsahibə verib. Müsahibə zamanı Prezident önəmli mövzulara toxunub. Prezident Azərbaycanın müstəqilliyini əldə etməsinin önəmini bir daha vurğulayıb. Uzun illər ərzində ölkəmizin sərvətinin Rusiya tərəfindən istismar edilməsinə işarə vuraraq, müstəqilliyin əldən getməsinin Azərbaycanın iqtisadi inkişafının da qarşısını aldığını qeyd edib: “Çar Rusiyası dövründə Azərbaycan xalqının neftdən gəliri sıfır səviyyəsində idi…Əgər 1920-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini əldən verməsəydi, hesab edirəm ki, yenə də ən zəngin ölkələrin birinə çevrilərdi. Çünki o vaxt da Azərbaycanda çıxarılan neft dünya neft bazarında əksəriyyət təşkil edirdi. Ancaq 20-ci ildə müstəqillik əldən getdi və Azərbaycan nefti yenə də Azərbaycan xalqına kömək etmirdi…

Əgər biz o vaxt müstəqil ölkə olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi” - deyə Prezident vurğulayıb.

Maraqlıdır, xalqımızın öz təbii sərvətlərinin tam sahibinə çevrilməsi nəyin sayəsində mümkün olub?

Məsələ ilə bağlı fikir bildirən millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “Əsrin müqaviləsi” imzalanan zaman Azərbaycanın maliyyə imkanları məhdud idi. Ancaq ötən dövrdə təbii ehtiyatlarımızı özümüzün istifadə etməsi nəticəsində 145 milyard dollardan artıq vəsait ölkəyə daxil olub: “Onu da bildirim ki, Dövlət Neft Fonduna 105 milyarddan artıq vəsait transfer olunub. Əldə olunan müsbət nəticələrin əsas səbəbi Azərbaycanın təbii ehtiyatlara sahib olması və bunu idarə etməsi ilə bağlıdır”.

Həmsöhbətimiz hesab edir ki, növbəti dövrlər üçün də ölkənin əldə etdiyi valyuta ehtiyatlarının həcminin artması imkan verəcək ki, vəsaitlərin bir hissəsini gələcək nəsillər üçün saxlayaq. Bu, inklüziv inkişaf baxımından da çox vacibdir.

Günel CƏLİLOVA