Sorosun idarə etdiyi ölkənin “müstəqilliyinə” ən dəqiq qiymət - Azərbaycan Prezidenti kökdən vurdu…

21 Sentyabr 2020 16:38 (UTC+04:00)

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.

Dövlət başçısı mərasimdən sonra yerli telekanallara müsahibə verib. Prezident çıxışı zamanı bir sıra məqamlara toxunub. O cümlədən, qeyd edib ki, müstəqillik Ermənistanda formal xarakter daşıyır: “Sən necə müstəqil ölkəsən ki, sən öz qərarını qəbul edə bilmirsən. Necə müstəqil ölkəsən ki, səni idarə edən Sorosdur. Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur. Baxın, Paşinyanın hakimiyyət komandasının tərcümeyi-halına. Hamısı ya Sorosdan, ya “Transperensy”dən, ya da ki, digər insan hüquqları təşkilatlarındandır. Onlar bu gün Ermənistanda baş verən despotik hərəkətlərə göz yumurlar”.

Hər kəsə bəllidir ki, Ermənistanda söz sahibi Sorosdur. Maraqlıdır, sorosçuların idarə etdiyi ölkə müstəqil ola bilərmi?

Siyasi şərhçi Sədrəddin Sultan “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, xaricdən maliyyələşən bir hakimiyyət müstəqil ola bilməz. Bu birmənalıdır: “Çünki belə bir ifadə var, kim pul verib sifariş eləsə, o da rəqs edir. Bu baxımdan bir hökumətin və ya hökumət başçısının xarici sponsorun maliyyə vəsaiti hesabına dövləti idarə etməsi anormal hadisədir. Təsəvvür edin ki, Hitler Almaniyanı ABŞ-da o vaxtkı milyonçu Rokfellerin maliyyə vəsaitinə idarə edib. Yaxud Stalinin maaşını Böyük Britaniyadan olan hansısa xeyriyyəçi ödəyib. Sorosun Ermənistandakı hökuməti maliyyələşdirməsi həm də Nikol Paşinyanın aylıq əməkhaqqının Açıq Cəmiyyət İnstitutunun sədri tərəfindən verilməsdir. O zaman sual doğur: Soros niyə Paşinyanın aylıq əməkhaqqını ödəyir? Deməli, Paşinyan kim çox pul, yaxud əməkhaqqı və ya qrant, bonus versə, onun sifarişini yerinə yetirəcək.

Ümumiyyətlə, tarixdə belə hallar olub. Bu yolla idarə edilən hakimiyyətlər öz dövlətlərini uçuruma aparırlar”.

Günel CəLİLOVA