Ermənistanın iri təxribat hazırlıqlarına qarşı Azərbaycan Müdafiə Nazirliyi tutarlı addımı atdı - Prezidentin bəyanatı işə çevrildi…

21 Sentyabr 2020 16:50 (UTC+04:00)

Prezidentin son çıxışından sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, son vaxtlar əldə olunan məlumatlar və kütləvi informasiya vasitələrində yayılan xəbərlər, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərlərinin çıxışlarındakı müharibə ritorikası, səfərbərlik tədbirlərini həyata keçirməsi və bölgəyə kənar qüvvələri cəlb etməsi düşmənin genişmiqyaslı təxribatlar törətmək və vəziyyəti gərginləşdirmək niyyətində olduğunu açıq-aydın göstərir: “Bunu nəzərə alaraq, sərəncamda olan qüvvə və vasitələrimiz, nəinki hər hansı təxribatın qarşısını almağa, hətta sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır. Bu məqsədlə kəşfiyyat fəaliyyətinə, döyüş təminatına xüsusi diqqət yetirilməli, bütün istiqamətlərdə mütəşəkkil addımlar atılmalıdır. Azərbaycan Ordusunun, xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin, peşəkarlığının daim artırılması, şəxsi heyətin döyüşə hazırolma səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqların azad edilməsinə yönələn təlim və məşqlərin keyfiyyətinə nəzarət gücləndirilməlidir. Müdafiə naziri Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi, qışa hazırlıq prosesinin effektivliyi və vaxtında yekunlaşdırılması, bölmələrin hərtərəfli təminatı, hərbi qulluqçuların sağlamlığına, eləcə də COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə xüsusi diqqət yetirilməsi barədə vəzifəli şəxslərə tapşırıqlar verib. Sonda general-polkovnik Z.Həsənov, fəaliyyət planına uyğun olaraq, döyüş hesabatlarının və səfərbərlik ehtiyatlarının müvafiq qurumlarla dəqiqləşdirilməsi və ehtiyatda olan hərbi vəzifəlilərlə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçirilməsinə hazırlıqla bağlı göstərişlər verib”.

Müdafiə Nazirliyinin atdığı bu addımlar ölkəmizin gözlənilən erməni təxribatına ciddi hazırlaşdığının  göstəricisi sayıla bilərmi?

Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənlər  cəbhəboyu zonada gərginliyin getdikcə artdığını söyləməyə əsas verir: “Bu prosesin kulminasiya nöqtəsi  Ermənistan silahlı qüvvələrinin pilotsuz üçan döyüş aparatlarının Şəmkir istiqamətinə qədər müşahidə aparmasıdır. Bilirsiniz ki, ordumuz həmin aparatı məhv edib. Bütün bunlar onu deməyə əsas verir ki, artıq  irimiqyaslı hərbi əməliyyatların başlanmasına o qədər də çox vaxt qalmayıb. Azərbaycan çox doğru olaraq, baş verən təxribatların qarşısını almaq üçün ciddi tədbirlər görür. Ehtiyatda olan hərbi  vəzifəlillərin təlimlərə cəlb edilməsinə startın verilməsi çox düzgün addımdır.  Müdafiə nazirinin tapşırığına əsasən bu prosesin həyata keçirilməsi çox zamanında atılan addımdır.  Bizim tərəfdən atılan bu addımlar Ermənistanın vəziyyəti gərginləşdirməyə hesabladıqlarına tam adekvatdır. Baş verən proseslər göstərir ki, Azərbaycan əhalisi bu qərarı sevinclə qarşılayır. Bir faktı da deyim ki, son üç aydır  Ermənistan tərəfinin səfərbərliyi başladığına dair informasiyaları eşidirik. Bunun qarşılığında biz təmkinlə davrandıq. Ancaq tam olaraq müəyyən olunub ki, Ermənistan bizə qarşı döyüş əməliyyatlarına başlamağı planlayır. Bunu son çıxışında ölkə başçısı da dedi. İstər bizim ordumuzun indiki heyəti, istərsə də səfərbərlikdən cəlb olunacaq ehtiyat heyət tam döyüş əzmindədir. Onlar torpaqları azad etmək üçün hər an ölkə başçısının əmrini gözləyirlər. Əminəm ki, yaxın zamanlarda biz Ermənistana əsl yerini göstərəcəyik. Müşahidələr göstərir ki, hətta hərbi komissarlığa çağırılmayan vətəndaşlarımız da ora axın edir və ordu sıralarına yazılmaq istədiklərini bəyan edirlər. Bütün bunlar bizdə qürur hissi yaradır”.

Görünən budur ki, bütün təxribatçı addımları ilə Ermənistan bizim üçün müharibədən başqa yol qoymayıb.

Məhəmmədəli QƏRİBLİ