Rusiyanın erməniləri silahlandırmasının motivləri – dövlət maraqları, erməni lobbisinin əlində qalmaq, ya...

14 Avqust 2020 18:27 (UTC+04:00)

Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat, Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutduğu bir vaxtda şimal qonşumuz bu ölkəyə müasir silahlarla dolu 9 hərbi təyyarə göndərib.

Xüsusən döyüşlərin qızğın gedən vaxtı – iyulun 17-də Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanlarından keçməklə İrəvana 2 aviareys həyata keçirilib. Rusiyaya məxsus İl-76TD hərbi-nəqliyyat təyyarələri 210 dəqiqə ərzində 2 mindən çox kilometr məsafə qət edərək Rostov-Mineralnıye Vodı-Aqtau-Türkmənbaşı-Novşəhr-Rəşt-Mehri-İrəvan marşrutu ilə, həmçinin, 18, 20, 27, 29 iyul və 4 avqust tarixlərində 1 reys və 6 avqustda 2 reys yerinə yetiriblər. Cəmi 20 gün ərzində Rusiyadan Ermənistana 400 tondan çox hərbi təyinatlı yük daşınıb. Yüklərin cəmi 500 kilometr keçməklə Gürcüstan üzərindən daşınması daha asan görünsə də, şimal-qərb sərhədimizdəki qonşumuz prinsipiallıq göstərərək buna imkan verməyib. Dövlət başçısının Rusiya Prezidentinə zəng edərək Rusiyadan Ermənistana 400 tondan çox hərbi təyinatlı yük daşınması məsələsinin aydınlaşdırılmasını istəməsi məsələnin ciddiliyindən xəbər verir. Rusiyanın Ermənistana silah verməsi həmin ölkənin strateji maraqlarına söykənir, yoxsa hakimiyyətin içindəki erməni lobbisinin təsiri ilə həyata keçirilir?

Politoloq Elşən Mustafayevin sözlərinə görə, bu hərbi yüklərin daşınmasına Ermənistanın Tovuz təxribatını törətməsindən 5 gün sonra start verilib: “Bunun özü artıq ciddi məqamdır. Həmin vaxt Rusiya hökuməti Ermənistanın gözlədiyi mövqeni ifadə etmədi. Silah tranziti ilə Rusiyanın Ermənistanın təxribatı zamanı göstərdiyi siyasi mövqe ilə heç bir halda üst-üstə düşmür və əlbəttə ki, Azərbaycanın haqlı narazılığına səbəb olur. Bu, Risiyanın Ermənistanı silahlandırmasına dair ilk fakt deyil. Hələ 2000-ci illərdə Ermənistana həmin dövr üçün olduqca böyük rəqəm sayılan bir milyard dollarlıq silah-sursat vermişdi. Həmin vaxt da Azərbaycan hakimiyyəti bu fakta kəskin etirazını bildirmişdi. Bu illər ərzində Rusiya-Azərbaycan münasibətlərində əhəmiyyətli irəliləyiş əldə olunub. Bu müddət ərzində isə Ermənistanda anti-Rusiya çağırışları güclənib. Xüsusilə də Paşinyanın hakimiyyətə gəlişindən sonra həmin ölkədə bütün istiqamətlər üzrə anti-Rusiya təbliğatı aparılır. Məntiqlə Rusiyanın siyasətində Azərbaycana yaxınlaşma, Ermənistanla isə sərinləşmə müşahidə olunmalıydı. Biz son vaxtlar  ara-sıra belə tendensiyaları müşahidə etmişik də. Son hadisə Ermənistanın təxribatçı hərəkətlərinə, hərbi cinayətlərinə Rusiya hakimiyyətinin verdiyi düzgün siyasi qiymətlə üst-üstə düşmür. Bunun qarşılığında Rusiya hərbi dairələrinin Ermənistana yüz tonlarla hərbi yük daşıması, təxribatçı ölkəni gizli şəkildə hərbi baxımdan dəstəkləməsi anlaşılmazdır. Biz bilirik ki,  Rusiyada Prezident Putinin mövqeyindən fərqli maraqlar da var və hakimiyyətdə kifayət qədər ermənipərəst təmsil olunur. Həmin ölkədə erməni lobbisi çox güclüdür. Bu onların əli ilə reallaşsa belə, istənilən halda, bu addımların məsuliyyəti, nəticə etibarilə, Rusiya hakimiyyətinin üzərinə düşmüş olur və bu ölkənin beynəlxalq mövqeyinə ciddi şəkildə təsir edir. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir və Qarabağ münaqişəsinin sülh yoluyla nizamlanmasına bitərəf olmayan mövqeyi onun obyektivliyinə şabhə salır. Belə bir ölkənin  ATƏT-in Minsk Qrupunda fəaliyyətinin ədalətli olacağını gözləməyə dəyməz. Hesab edirəm ki, Rusiya hakimiyyəti təcili şəkildə bu qalmaqala aydınlıq gətirməlidir. Hadisə hakimiyyətin iradəsindən kənar baş veribsə, onda günahkarların cəzalandırılması həyata keçirilməlidir. Hərçənd ki, belə çətin bir əməliyyatın hakimiyyətin dəstəyi olmadan həyata keçirilməsi heç də inandırıcı görünmür”.

İstənilən halda, Rusiya bu qalmaqala görə məsuliyyət daşıyır. Onun bu yöndəki gələcək addımları ölkələrimiz arasındakı münasibətlərin ruhuna təsirsiz ötüşməyəcək.

Məhəmmədəli QƏRİBLİ