Qərbpərəst radikal müxalifət Əliyevin Rusiyanın Ermənistanla hərbi sövdələşmələrinin ifşasına susdu – Səbəb...

14 Avqust 2020 17:43 (UTC+04:00)

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə son telefon danışığında Rusiyanın Ermənistana hərbi dəstəyini artırmasından narahatlığını bildirdi.

İlham Əliyev telefon söhbətində Rusiyanın hərbi təyyarələrinin hərbi texnika ilə dolu yükləri Ermənistana Qazaxıstan, Türkmənistan və İran səmasından daşıdığını söyləməklə Azərbaycanın mövqeyini ortaya qoydu. Ölkə başçısı bununla bir daha dövlətin milli maraqlarını qoruduğunu və bu məsələdə kiməsə güzəştə getməyəcəyini sübut etdi. Prezidentin sözügedən məsələ ilə bağlı Rusiya dövlət başçısına iradını bildirməsi böyük siyasi hadisədir.

Ancaq maraqlıdır ki, Prezidentin Rusiyaya qarşı sərt gedişinə bizim radikal düşərgədən xaricdə söyüş söyüb Qərb üçün yaxa-baca cıranların bir səsi çıxmadı. Nə əcəb? Sözügedən radikallar indiyə qədər Rusiyanı Qarabağ məsələsində yıxıb sürümürdülər? Hər dəfə gur-gur bəyan edirdilər ki, Azərbaycan hakimiyyəti işğalçı Ermənistanın arxasında duran Rusiyanın adını çəkməkdən, bu ölkəni tənqid etməkdən çəkinir. İsrarla bəyan edirdilər ki, Azərbaycan Rusiyanı da sözügedən məsələyə görə ittiham etməlidir. Maraqlıdır, o zaman Prezidentin məlum açıqlamasından sonra radikallar niyə susublar?

Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, radikalların sərgilədiyi mövqe heç zaman səmimi olmayıb: “Nə əvvəl, nə də bu gün onlar xalqın mənafeyindən çıxış etməyiblər. Ona görə də ümummilli məsələlərdə hər zaman pozucu mövqedən çıxış edirlər. Həqiqətən də radikallar Qarabağ münaqişəsinin yaranmasına, problemin həll edilməməsinə görə məhz Rusiyanı ittiham edirlər. Eyni zamanda, haqsızcasına bu məsələdə Azərbaycan hakimiyyətini də günahlandırıblar. Halbuki, Prezident İlham Əliyev böyük siyasətçi olaraq Qarabağ münaqişəsinin həlli ilə bağlı nə mümkündürsə onu edir. Elə məsələlər var ki, Azərbaycanın gücü xaricindədir və doğru zamanı gözləmək lazımdır. Bunu məhz radikal müxalifət, o cümlədən, xaricə sığınıb başından böyük danışanlar da yaxşı bilirlər. Ancaq bunu açıq etiraf etmirlər. Ona görə Prezidentin mövqeyini susqunluqla izləyirlər ki, bunlar satılmış antimilli qüvvələrdir. Qərbdəki dairələr nə sifariş verirsə, onu da icra edirlər. Bax, məsələnin kökündə dayanan əsas faktor bununla bağlıdır. Onlar milli mövqedən çıxış etsəydilər, dərhal siyasi ambisiyalarını bir kənara atıb Prezidentin ətrafında birləşərdilər. Ən azından, Rusiya Prezidenti ilə son telefon danışığında Ermənistanın silahlandırılmasi ilə bağlı İlham Əliyevin səsləndirdiyi iradı dəstəkləyərdilər. Ancaq onlar bunu etməyərək xaincəsinə prosesləri susqunluqla izləməyi üstün tutdular”.

Həmsöhbətimizin fikrincə, məlum mövqe bir daha radikalların iç üzünü ortaya qoydu.

Vidadi ORDAHALLI