İran vilayətlərinin “həyat nəbzi” getdikcə Azərbaycanın əlinə keçir…

14 Avqust 2020 19:13 (UTC+04:00)

Birmənalı həqiqətdir ki, həyata keçrilən transmillilayihələr sayəsində Azərbaycan Avrasiyanın ən önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilib. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tiflis-Qars dəmir və Bakı-Astara avtomobil yollarının tikilib istismara verilməsi artıq Azərbaycan ərazisindən tranzit məqsədlə istifadə həcminin dinamik şəkildə artmasına rəvac verib.

Azərbaycanın “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizində iştirakı isə tranzit məsələsində ölkəmizə getdikcə daha böyük üstünlüklər qazandırır. Belə ki, qonşu İranın müxtəlif vilayətləri indi məhsullarını məhz Azərbaycandan dünya bazarlarına, xüsusən də Rusiyaya satırlar. Belə ki, hesablamalara əsasən, cari ilin ötən dövrü ərzində İran Rusiyaya 1,5 milyard dollar həcmində ixrac əməliyyatı həyata keçirib. İranın Dövlət Gömrük İdarəsinin rəisi Mehdi Mirəşrəfi bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri artıb. Bu artımın səbəbi İran ilə Azərbaycan arasında dəmir yolunun inşa edilərək istismara verilməsidir. Belə ki, Astara (İran)-Astara (Azərbaycan) xətti istifadəyə verildikdən sonra İranın Gilan, Gülüstan, Mazandaran, Ərdəbil və Şərqi Azərbaycan vilayətləri Rusiyaya daha çox məhsul ixracı imkanı əldə ediblər. Xüsusən də İranın Ərdəbil vilayəti Azərbaycan ilə 369 kilometr sərhədə malikdir və bu fakt iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə imkan yaradıb. Ərdəbil vilayətinin valisi Əkbər Bəhnamcu bildirir ki, Ərdəbil-Astara dəmir yolunun çəkilişi İranla Azərbaycan arasındakı iqtisadi münasibətlərin daha da inkişafına səbəb olacaq. Hazırda İrandan Rusiya və digər MDB dövlətlərinə ixrac olunan məhsullar Azərbaycanla İranın dəmir yolları sistemlərinin birləşməsi nəticəsində həyata keçirilir. 

Qeyd edək ki, Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti “Şimal-Cənub” dəhlizinin əsas seqmenti hesab edilən Qəzvin-Rəşt dəmir yolunun davamıdır. Yolun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Bu yol tam olaraq inşa edilib başa çatdıqdan sonra İranın cənub vilayətlərinin də ixrac imkanları artacaq ki, ixrac olunan bütün yüklər Azərbaycan üzərindən tranzit olaraq Rusiyaya daşınacaq. Hazırda İranın şimal vilayətlərindən yüklər avtomobillərlə Astara şəhərinə gətirilərək burada vaqonlara yüklənir və Azərbaycan vasitəsilə Rusiyaya daşınır. Digər tərəfdən İran azad ticarət zonaları üçün də Azərbaycanın tranzit əhəmiyyəti artmaqda davam edir. Məsələn, Naxçıvanla sərhəddə  yerləşən  “Araz” Sərbəst Sənaye və Ticarət Zonasında məhsullar indi daha çox Azərbaycandan daşınır. Bundan başqa məlumdur ki, İranda Maku, Çabahar, Mazandaran, Ənzəli kimi digər böyük sərbəst ticarət zonaları da var. Burada fəaliyyət göstərən iri şirkətlər üçün məhsulların məhz Azərbaycandan daşınması getdikcə daha çox maraq doğurur.  Çünki Azərbaycan yüklərin təhlükəsiz və vaxtında çatdırılması üçün böyük infrastruktur layihələri həyata keçirib. İranın Dövlət Dəmir Yolları İdarəsinin şimal departamentinin rəisi Qulam Hüseyni isə bildirir ki, Astara dəmir yolu terminalı fəaliyyətə başladıqdan sonra İran ilə Azərbaycan arasında həyata keçirilən idxal-ixrac əməliyyatlarının həcmi 2,8 dəfə artıb: “Astara yük terminalı və “Şimal-Cənub” dəhlizinə daxil olan Rəşt-Astar(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti tam istismara verildikdən sonra nəinki İran ilə Azərbaycan arasında, eləcə də region ölkələri arasında ticarət əlaqələri intensiv şəkildə inkişaf edəcək. Yükdaşımaların həcmi artacaq ki, bu da hər iki qonşu və dost dövlətin iqtisadiyyatının inkişafına böyük təkan verəcək”.

Bundan başqa o da məlumdur ki, gələcəkdə Cənub Şərqi Asiya və körfəz ölkələri də Rusiya və Avropa ilə ticarət əlaqələrini Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu ilə quracaqlar. Bu isə Azərbaycanın tranzit gəlirlərini artırmaqla yanaşı, rəsmi Bakının Şərq dünysında  ticarət tərəfdaşlarının sayını artıracaq. Digər tərəfdən o da önəmli məqamlardan biridir ki, İrana digər isriqamətlərdən gələn yüklərin də məhz Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması planlaşdırılır. Xüsusən də İran limanları vasitəsilə Asiyadan Avropaya və əks istiqamətdə daşınan yüklər təkcə İranın deyil, eyni zamanda, Azərbaycanın ərazisindən də tranzit olaraq keçəcək. Xatırladaq ki, İranın beynəlxalq əhəmiyyətə malik olan iki limanı var. Onlardan biri Fars körfəzindəki Bəndər-Abbas, digəri isə Hind okeanına çıxışı olan Çabahar limanıdır. Bəndər-Abbas limanı körfəz ölkələrinin, Çabahar limanı isə Cənub-Şərqi Asiya ölkələrinin Avropa ilə ticarət əlaqələrində mühüm rol oynayır. “Şimal-Cənub” dəhlizi də məhz bu limanlara görə əhəmiyyətlidir. İstər körfəz ölkələri, istərsə də Cənub-Şərqi Asiya ölkələri yüklərini Avropa məhz İran limanları vasitəsilə ixrac etmək istəyində olduqlarını bəyan ediblər. Hər iki limandan İrana daxil olan yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu vasitəsilə Rusiyaya, oradan isə Avropaya daşınacaq. Azərbaycan da beynəlxalq xarakterli nəqliyyat qovşağına çevriləcək. Bundan başqa, nə qədər çox yük daşınacaqsa, Azərbaycanın da tranzit gəlirləri bir o qədər artacaq. Beləliklə, qarşıdakı dövr ərzində Azərbaycanın tranzit gəlirləri ilə yanaşı, onun dünya üçün də əhəmiyyəti artacaq.

Ramil QULİYEV