Azərbaycan silahlanma vektorunu Rusiyadan Türkiyəyə çevirir

14 Avqust 2020 18:45 (UTC+04:00)

Azərbaycan və Türkiyə arasında dinamil inkişaf edən münasibətlər hərb müstəvisində də özünü qabarıq büruzə verir. Belə görünür ki, qarşıdakı dövr ərzində iki ölkə hərb sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində yeni praktiki addımlar atacaq.

Buna paralel olaraq isə qardaş ölkə Azərbaycana hərbi dəstəyini də artıracaq. Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dedikləri də bunun real təsdiqidir. Onun sözlərinə görə, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək uğrunda mübarizədə 83 milyonluq Türkiyə olaraq sonuna qədər qardaşlarımızın yanındayıq: “Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıq bu gün deyil, hər zaman mövcud olub. 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə olaraq Türkiyə Cümhuriyyəti ilə münasibətlər inkişaf etdirilərkən ordularımız arasındakı əlaqələr də, məlum olduğu kimi, inkişaf etməyə başladı. Belə ki, bizim hərbi çərçivə müqavilələrimiz, hərbi təhsil sahəsində əməkdaşlığa dair razılaşmalarımız, müdafiə sənayesi sahəsində əməkdaşlığımız var. Bütövlükdə bunların məntiqi nəticəsi olaraq, 2010-cu ildə imzalanan müqaviləmiz var. Beləliklə, bu müqavilələr çərçivəsində bizim buraya gəlməyimiz, getməyimiz, birlikdə olmağımız, yeməyimiz-içməyimiz, təlimlərdə bərabər olmağımız son dərəcə təbii bir fəaliyyətdir. Biz ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olan nə varsa bu günə qədər etdik və bundan sonra da etməyə davam edəcəyik”.

Hulusi Akarı qəbul edən prezident İlham Əliyev də hərb müstəvisində qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. Burada dövlət başçısının toxunduğu daha bir önəmli məqam isə Azərbaycanın Türkiyədən yeni hərbi texnika almaqla bağlı hazırlığıdır.  Belə ki, prezidentin sözlərinə əsasən, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də Azərbaycanın bir nömrəli tərəfdaşı olacaq: “Bizim bütün sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də işbirliyimiz, əməkdaşlığımız sürətlə inkişaf edir. Sirr deyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı vardır və biz də bu potensialdan faydalanırıq. Biz çox sevinirik ki, Türkiyə bu gün ən müasir silahlar, hərbi texnika istehsal edir. Biz əlbəttə ki, bu günə qədər olduğu kimi, bundan sonra da bu imkanlardan faydalanmaq istəyirik.

Əminəm ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaqdır. Bildiyiniz kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir. Siz bilirsiniz, mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz – iki qardaş ölkə öz siyasətimizlə bu birliyi daha da möhkəmləndirdik”. Xatırladaq ki, indiyə qədər Azərbaycanın silah aldığı əsas ölkə Rusiya olub. Amma proseslər göstərir ki, artıq bu məsələdə Rusiyanı Türkiyə əvəzləməyə başlayacaq. Türkiyənin isə Azərbaycana satacağı silahlar çeşid və həcmi kifayət qədərdir. Bura ilk növbədə pilotsuz uçuş aparatları daxildir. Türkiyədən olan müdafiə sənayesi tədqiqatçısı Kadir Doğan  da bildirir ki, Türkiyənin silahdaşıyan PUA-larının Azərbaycana satışı hər iki ölkə üçün çox qazanclı addım olacaq: “Ölkəmizin maddi gəlirindən əlavə, həm də texniki baxımdan qazancı var. Bu kimi məhsullarda nə qədər fərqli müştərilərə məhsul sata bilsəniz, məhsulunuzla bağlı rəylər bir o qədər çox olacaq. Bu da məhsulunuzun təkmilləşməsinə kömək edir. Azərbaycanın mövqeyindən yanaşsaq,  “Bayraktar TB2” və ya “ANKA-S” kimi cihazlara sahib olan Azərbaycan Silahlı Qüvvələrinin həm psixoloji, həm də texniki cəhətdən çox ciddi bir bacarıq əldə edəcəyi danılmazdır”. Doğan qeyd edib ki, Azərbaycanın bu məhsullara sahib olması, Ermənistan üzərində psixoloji üstünlük yarada bilər ki, bu da müharibənin ən vacib elementlərindən biridir: “Texniki baxımdan yanaşılsa, Azərbaycan bu sistemləri satın almaqla effektiv təsir gücünə sahib olacaq. Bu, o deməkdir ki, daha sürətli qərar qəbul etmə və vəzifələrin daha çevik şəkildə icra edilməsi baş verəcək ki, bu da Azərbaycana üstün mövqe qazandıracaq. Silahlı pilotsuz sistemlərin alınması ilə bərabər həm də, digər satınalmalar həyata keçirilməlidir. Əgər Azərbaycan və ya digər ölkələr bu sistemlərdən səmərəli istifadə etmək istəyirlərsə, silahlı PUA-ların effektivliyini artıran bir çox alt sistemə də sahib olmalıdırlar. Məsələn, “TB2” və ya “ANKA-S” alınarkən, onunla bərabər “Mam-L” və “Bozok” kimi döyüş sursatlarının alınması da lazım gəlir”.  Kadir Doğan həmçinin “Aselsan CATS” görüntüləmə sisteminin və yerli  elektron hərb sistemlərinin Türkiyədən  pilotsuz uçuş aparatları almaq istəyən ölkələrin radarında olacağını vurğulayıb: “Əlbəttə, bütün bu proseslər və mümkün satınalmalar həm maliyyə, həm də texniki baxımdan ölkəmiz üçün ciddi qazanc yaradır.  Bu sistemlərin Azərbaycanda istifadəsi Türkiyə silahlı PUA-larının digər türk cümhuriyyətlərinə ixracı baxımından mühüm rol oynaya bilər. Türkiyə, silahlı PUA istehsalı baxımından dünyanın lider ölkələrindən biridir”.  Bununla yanaşı, Azərbaycanın Türkiyədən “Atak” helikopterləri, “Altay” tankları və digər hərbi texnika laması da gözləniləndir. Həmçinin “Qasırğa”, “Pələng” kimi reaktiv atış sistemlərinin yeni partiyalarının alınması, digər növ müasir silahların idxalı da istisnalıq təşkil etmir.

Tahir TAĞIYEV