Universitet və texnikumlarımızda texnoloji ixtisaslar yetərli deyil… Səbəblər...

11 Avqust 2020 17:05 (UTC+04:00)

Müasir tələblərə cavab verən kadrlar olmadıqda inkişafda davamlılığı təmin etmək çətinləşir. İxtisaslı kadr hazırlığında əsas yük ali təhsil müəssisələrinin üzərinə düşür. Son illər universitetlərdə kadr hazırlığı məsələləri sahəsində çox böyük irəliləyiş əldə edilib, ölkəmizdə güclü gənc kadr nəsli yetişib. Lakin iqtisadiyyat inkişaf edir, idarəetmə təcrübəsi təkmilləşir və belə bir vəziyyətdə kadr hazırlığının da müasir standartlara uyğunlaşdırılmasının əhəmiyyəti artır.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən təhsil üçün önəmli olan bir sıra məsələlərdən danışmışdı: “Rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi peşələri lazımsız edir. Artıq bu peşələrin siyahısı var. Bu peşələr artıq aradan qalxır və olmayacaq. Ona görə buna da daim fikir verməlisiniz. O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur. Amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq, hansılar ki, bu gün yoxdur. Lakin hansı peşələrin olacağı ehtimal edilir, bu peşələr üzrə bizdə mütəxəssislər hazırlanmalıdır...”.

Təhsil eksperti Adil Vəliyev bildirdi ki, universitet və texnikumlarda əmək bazarının tələblərinə cavab verməyən ixtisaslar hələ də tədris olunmaqdadır: “Təəssüf ki, universitetlər və texnikumlara yeni ixtisaslar əlavə olunanda əmək bazarı araşdırılmır. Nədənsə, müvafiq araşdırma aparmaq heç kimin marağında olmur. Sadəcə, plan yerlərinin dolması düşünülür. Lakin Prezident İlham Əliyevin yeni Təhsil naziri Emin Əmrullayevə ixtisaslar barədə verdiyi tapşırığın qısa zamanda müsbət dəyişikliyə yol açacağına ümid etmək olar. Ölkəmizdə işsizlikdən əziyyət çəkən kifayət qədər insan var. Bu şəxslər arasında ali təhsilli olanların da sayı az deyil. Ali təhsilli bir şəxs iş tapmaqla bağlı problemlə üzləşirsə, bu halda texnikumdan məzun olan şəxslərin ixtisasından asılı olmayaraq, iş tapması daha çətindir”.

Həmsöhbətimizin sözlərinə görə, mövcud vəziyyətdə universitet və texnikumlarda tədris olunan ixtisasların əksəriyyəti günün tələblərinə uyğun deyil: “Məlumdur ki, ötən ildən etibarən diplomunda subbakalavr yazılan bütün texnikum məzunları öz ixtisasları üzrə universitetə imtahansız sənəd verə bilirdi. Lakin bu zaman əksər ixtisasın yararsız olduğu üzə çıxdı. Çünki mövcud ixtisaslarımız ən yaxşı halda 15-20 il əvvəl müəyyən olunub və müasir dövrdə həmin ixtisaslara tələbat yoxdur. Bu hal universitetlər üçün də keçərlidir. Hazırda qida mühəndisi, geologiya, genetika mühəndisi və başqa ixtisaslarla bağlı müəllim çatışmazlığı hökm sürür. Eyni zamanda, bu sahələr üzrə mütəxəssislərin yetişdirilməsinə də ehtiyac var. Tədris prosesinə əlavə olunacaq ixtisaslar seçilərkən texnologiya dövründə yaşadığımız nəzərə alınacaq. Beləliklə, Azərbaycan və dünyanın əmək bazarının tələbatına uyğun ixtisaslar müəyyən olunar”.

Günel CƏLİLOVA