Ermənistan Türkiyəyə qarşı ərazi iddialarını yenidən gündəmə gətirir – bədnam Sevr müqaviləsini xortlatmaq niyyəti...

11 Avqust 2020 12:26 (UTC+04:00)

İşğalçı Ermənistanın son addımları bu ölkənin hələ də regionda təxribatçı mövqeyindən əl çəkmədiyini göstərir. Hər halda, hansısa hüquqi əsası olmayan Sevr müqaviləsinin Ermənistan tərəfindən yenidən gündəmə gətirilməsi bunu sübut edir. Ermənistanda Sevr müqaviləsinin 100 illiyi bağlı keçirilən tədbir və burada baş nazir Nikol Paşinyanın dedikləri bu ölkənin digər dövlətlərə qarşı hələ də ərazi iddialarından əl çəkmədiyini göstərir. Paşinyan xəstə təfəkkürü ilə iddia edir ki, bu müqavilə ermənilərin yeni tarixində vacib rol oynayır və burada Ermənistanın sərhədləri ilə bağlı mühüm məqamlar var.

Ekspertlər isə qeyd edir ki, bu fonda Ermənistan bir daha qardaş Türkiyəyə qarşı ərazi iddilarını gündəmə gətirir. Halbuki, həmin Sevr müqaviləsi hansısa hüquqi əsasa da malik deyil. Bu səbəbdən Türkiyə məsələyə sərt reaksiya verib. Türkiyə Xarici İşlər Nazirliyinin Sevr müqaviləsinin 100 illiyi ilə bağlı Ermənistan hakimiyyəti tərəfindən sərgilənən mövqeyə reaksiyası da bunu göstırir. Burada qeyd olunur: "Ermənistan hakimiyyətinin təcavüzkar milliyyətçi siyasətlərindən əl çəkərək ağıllarını başlarına alma vaxtı çatıb. Sevr müqaviləsi bəhanəsi Ermənistanın növbəti təxribatıdır".

Türkiyə XİN diqqətə çatdırır  ki, 10 avqust 1920-ci il Sevr müqaviləsi işğalçı və dağıdıcı xarakterli olduğu üçün qüvvəsini itirib:"Bu müqavilə vətənimizi parçalayaraq müstəqilliyimizə və hakimiyyətimizə son qoymağa çalışan məhvə məhkum bir ibrət vəsiqəsidir. Qəhrəman türk millətinin torpaqlarının mübarizəsi üçün apardığı Qurtuluş savaşındakı qələbəsindən sonra 1923-cü ildə iyulun 24-də qəbul edilən Lozanna sazişi Sevr müqaviləsini qüvvədən salaraq tarixə gömüb”. Qeyd ounub ki, aradan keçən bir əsrə rəğmən Ermənistanın qüvvədən düşmüş bir sənəddən mədət umması təəccüblü deyil:"Bu gün öz xalqının qayğısını çəkməkdə aciz qalan Ermənistan iqtidarının 100 il sonra türk millətinin cırıb atdığı Sevr müqaviləsini gündəmə gətirməsi absurddur". Sonda bildirilib ki, Azərbaycan torpaqlarını illərdir qanunsuz işğal edən Ermənistan regionda sülh və sabitliyə böyük maneə yaradır.

İndi isə ermənilər iddia edirlər ki, Ermənistan SSR keçmiş SSRİ-nin bir hissəsi olub və dünyada heç bir ölkə tərəfindən müstəqil dövlət kimi tanınmayıb. Ermənistan və Türkiyə arasında hazırda mövcud olan sərhədlər isə keçmiş SSRİ və Türkiyənin sərhədləridir. Lakin müasir Ermənistan özünü Ermənistan SSR-in yox, 1918-1920-ci illərdə mövcud olmuş Ermənistan Respublikasının hüquqi varisi hesab etdiyi üçün iddia edir ki, Türkiyə və Ermənistanın de-yure sərhədləri SSRİ və Türkiyə arasında bağlanmış 23 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə əsasən yox, ABŞ prezidenti Vudro Vilsonun Birinci Dünya müharibəsi başa çatdıqdan sonra təklif etdiyi 10 avqust 1920-ci ildə imzalanmış Sevr müqaviləsinə əsasən müəyyən edilməlidir.  Sevr müqaviləsinə əsasən isə Osmanlı torpaqları bölünürdü və bu bölünmə planını Vilson özünün məşhur “14 bənd” tezisi əsasında hazırlamışdı. Osmanlının bölünən torpaqlarında “Böyük Kürdüstan” da yaradılırdı. Amma kürdlər həmin vaxt bu planı qəbul etmədilər və türk ordusunda döyüşmək seçimini etdilər. Bundan başqa, Türkiyənin Ərzurum, Trabzon, Van və Bitlis bölgələri Ermənistana verilirdi. Bununla yanaşı, Trabzonun şərq hissəsi Gürcüstan və Ermənistan arasında bölünür və ermənilər beləliklə Qara dənizə çıxış imkanı əldə edirdilər.

Sevr müqaviləsi sultan altıncı Mehmetin dövründə imzalansa da, 1920-ci il mart ayının 18-də ingilislərin İstanbulu işğal etdiyi dövrdə ləğv edilib. Ümumiyyətlə, ermənilərin daim istinad etdiyi Sevr müqaviləsi heç zaman Osmanlı parlamenti tərəfindən ratifikasiya olunmayıb və bu dövlət tərəfindən hüquqi sənəd kimi qəbul olunmayıb. Elə bu səbəbdən Türkiyənin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsini təsbit edən Sevr müqaviləsi Atatürk tərəfindən tanınmayaraq, onun 1923-cü ildə Lozanna müqaviləsi ilə əvəz olunmasına səbəb oldu. Atatürk hökuməti ölkəni təslimçiliyə sürükləyən bu sənədin qəbulundan imtina etdi. Türk millətçi hökuməti müqavilə ilə ölkə ərazilərini Yunanıstan, Gürcüstan və Ermənistana verməkdən imtina etdi. Atatürk hətta bəyan etdi ki, Türkiyə, zərurət yaranarsa, bütün Cənubi Qafqaz üzərində nəzarəti ələ keçirmək iqtidarındadır. Özü də o vaxt  Qərbi Anadolunu işğal etmiş Yunanıstandan fərqli olaraq, Ermənistan müqavilədə ona verilmiş ərazilərə nəzarət etmək iqtidarında deyildi. Öz ingilis himayədarlarının göstərdikləri böyük dəstəyə baxmayaraq, ermənilər Kazım Qarabəkir Paşanın 50 min nəfərlik ordusu qarşısında aciz qalmışdılar. Türk Milli Azadlıq Hərəkatı müttəfiqləri yenidən danışıqlar masasına əyləşməyə məcbur etdi və Lozanna müqaviləsi imzalandı. Bununla Türkiyə parçalanmaqdan xilas oldu.

“Böyük Ermənistan” xəyalları quran ermənilərsə bu gün də Vilsonun xiffətini çəkirlər, həm də istədiklərini almaq üçün tətikdə gözləyirlər. Amma bununla Ermənistan, faktiki olaraq, regionda yenidən təxribatçı mövqedən çıxış edərək vəziyyəti daha da gərginləşdirir. Buna isə region ölkələri, o cümlədən Azərbaycan və Türkiyə indi daha sərt reksiya vermək məcburiyyətindədir.

Nahid SALAYEV