Belarusda minlərlə etirazçı saxlandı - FOTO

10 Avqust 2020 18:43 (UTC+04:00)

Belarusda qanunsuz aksiyalarda iştiraka görə 3 minə qədər adam saxlanıb. Sputnik Belarus xəbər verir ki, bunu Belarus Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Olqa Çemodanova bildirib.

"Ümumilikdə qanunsuz kütləvi tədbirlərdə iştiraka görə bütün ölkə ərazisində təxminən 3 minə qədər insan saxlanılıb. Onlardan təxminən minə yaxını Minskdə, iki mindən çoxu isə Respublikanın digər regionlarında", - deyə DİN rəsmisi qeyd edib.

Onun sözlərinə görə, qarşıdurmalar nəticəsində 50-dən çox vətəndaş, həmçinin 39 milis işçisi zərər çəkib ki, onlardan bəziləri xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Belarus Mərkəzi Seçki Komissiyası avqustun 9-da keçirilən prezident seçkisinin ilkin nəticələrini açıqlayıb.

Belarus MSK-nın 10 avqust saat 9-a olan məlumatına görə, nəticələr aşağıdakı kimidir:

Aleksandr Lukaşenko - 80,23%

Svetlana Tixanovskaya - 9,90%

Anna Kanoptskaya - 1,68%

Sergey Çerçen - 1,13%

Andrey Dmitriyev - 1,04%

Belarus MSK sədri Liliya Yeroşinanın sözlərinə görə, bazar günü baş tutan seçkidə seçici fəallığı 84,23% olub. Ümumilikdə seçkilərdə iştirak edən şəxslərin 6,02 faizi bütün namizədlərin əleyhinə səs verib.

Seçkilərdən sonra Belarusun müxtəlif regionlarından insanlar toplaşaraq qanunsuz aksiya keçiriblər.