Masallıda qaydaları pozan 21 velosipedçi, Qəbələdə istirahətə gələnlər cərimələndi

10 Avqust 2020 14:37 (UTC+04:00)

Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçirib.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən reyd zamanı avtomobil yollarında hərəkət edərək qəza şəraiti yaradan velosipedçilər saxlanıb. Onlarla profilaktik söhbətlər aparılıb və bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.

Qaydalara əməl etməyən 21 velosipedçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə isə həftəsonu Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan edilən digər şəhər və rayonlardan qaydaları pozaraq istirahət məqsədilə rayona gələn şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində yerləşən otellərdə, gündəlik kirayə evlərdə keçirilən reydlər zamanı sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq gələn şəxslərin həmin yerlərdə istirahət etdiyi məlum olub. Onlar məsuliyyətdən yaxa qurtarmaq üçün müxtəlif bəhanələr gətirsələr də, xüsusi karantin rejiminin tələbləri onların diqqətinə çatdırılıb və qaydaları pozduqları izah olunub. Həmçinin, nəqliyyat vasitələri də yoxlanış məqsədilə saxlanılıb. Bəzi sürücü və sərnişinlərin də qaydaları pozaraq, istirahət məqsədilə rayona gəldiyi məlum olub.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, onlar cərimələnib.