Qeyri-ərzaq ticarəti və xidmət sahələrində də karantin yumşaldıldı - insanlar nə etməlidir ki, təkrar epidemiya risqləri yaranmasın...

10 Avqust 2020 18:18 (UTC+04:00)

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il avqustun 10-dan qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla), müxtəlif istehsal sahələrinin fəaliyyətinə icazə verilir.

Qeyd edək ki, biz bu nəticəyə sərt karantin rejimi dövründə əldə olunmuş müsbət nəticələrə görə gəlib çıxmışıq. Artıq yoluxma hallarının gün ərzində 100-dən aşağı olması bunu deməyə əsas verir. Təbiidir ki, bu yumşalma, fəaliyyətinə icazə verilən ticarət obyektləri və vətəndaşların üzərinə əlavə məsuliyyət qoyur. Hər iki tərəf  Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara maksimum riayət etməlidir ki, yenidən yoluxma sayı artmasın. Bu istiqamətdə fəaliyyətin tənzimlənməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri də müəyyən olunub.  

Bu icazə ilə bağlı yoluxmanın artmasının qarşısının alınması üçün ticarət obyektlərinin sahibləri və vətəndaşlar hansı qaydalara əməl etməlidir?

İqtisadçı ekspert Elşən Əliyevin sözlərinə görə,  işləməsinə icazə verilən fəaliyyət sahələri nəzərə almalıdırlar ki, adi şəraitdə deyil, pandemiyanın tam bitmədiyi dönəmdə fəaliyyət göstərirlər:“Bu səbəbdən də Operativ Qərargahın müəyyən etdiyi qayda və təlimatlara tam riayət etməlidirlər. Biz ölkə olaraq uzunmüddətli sərt karantin rejimində yaşadıq. Bu vəziyyətin dövlət büdcəsinə xeyli ziyanı oldu. Çünki dövlət büdcəsindən bir neçə istiqamət üzrə dəstək paketləri təqdim olundu. Bütün bunlar əhalinin sağlamlığı, təhlükəsizliyi üçün edilib. Rəsmi statistikada bir qədər irəliləyiş hiss edildiyindən bəzi sahələrlə bağlı yumşalma oldu. Ancaq biz bu məsələdə üzərimizə düşən məsuliyyəti unutmamalıyıq. Qaydalara əməl olunmaması yoluxma hallarının artmasına səbəb ola bilər ki, bu da yenidən sərtləşmə tədbirlərinə gedilmə məcburiyyətini yaradar. Hamılıqla məsuliyyətli olmalıyıq ki, bu bəlanı birgə adlaya bilək”.

Fəaliyyətinə yeni icazə verilən sahibkar Zaur Əsadullayev böyük geyim mağazası işlədir. O, bizimlə söhbətində bildirdi ki, qəbul edilən qərar onları çox sevindirib: “Uzun müddət obyektiv səbəblərə görə fəaliyyət göstərə bilmədik. Hazırda bizim fəaliyyətə imkan veriblər. Biz bunun məsuliyyətini dərk edirik ki, hələ xəstəlik tam bitməyib. Bu səbəbdən də, bütün qaydalara əməl etməyi qarşımıza məqsəd qoymuşuq. Mağazamızın bir neçə yerində maarifləndirici plakatlar vurmuşuq. Orada ara məsafəsinin qorunması, mağazaya tibbi maskalarla daxil olma tövsiyə edilir. Eyni zamanda girişdə dezinfeksiya edici məhlul qoymuşuq ki, müştərilər mağazaya  daxil olanda istifadə etsinlər. Özümüz də nəzarət edirik ki, mağazaya eyni anda çox müştəri daxil olmasın. Bütün bunlar bizim sağlamlığımız üçün edilir. Yumşalma dönəmində də qaydalara riayət etməliyik ki, fəaliyyətimizi davam etdirə bilək. Burada hamının üzərinə məsuliyyət düşür. Ümidvaram ki, biz birlikdə yaxşı nəticələrə nail olacağıq”.

Yumşalmadan sui-istifadə olunmasa, prosesdə irəliləyişin şahidi ola bilərik. Qaydalara əməl olunmaması bizi yenidən sərt qaydaların tətbiqinə gətirib çıxara bilər.

Məhəmmədəli QƏRİBLİ