İrəvana erməni köçünü Şah Abbasa, yəni 16-cı əsrə bağlamaq səyləri - yeni erməni saxtakarlığı...

10 Avqust 2020 17:20 (UTC+04:00)

Ermənilərin Qafqaza Çar Rusiyası tərəfindən Qərb dövlətlərinin dəstəyilə yaxın 200 ildə köçürüldüyü gün kimi aydın olsa da, Ermənistan hökuməti yenə də öz  saxtakarlığından əl çəkmir. Ermənistanın orta ümumtəhsil məktəblərində tədris edilən tarix dərsliklərində ermənilərin İrəvan ərazisinə I Şah Abbasın dövründə, yəni 16-cı əsrdə köçürüldüyünə dair saxta mövzular öz əksini tapıb.

Bu xüsusən də VIII-IX sinif tarix dərsliklərində daha çox ifadə edilir. Qondarma və saxta tarix düzəltməkdə pərgar olan ermənilərin bu yeni iddiaları da sözsüz ki, əsassızdır. Amma onlar tarix dərsliklərində tarixi həqiqətləri yazmaq əvəzinə, onları təhrif edir və dərsliklərdə öz quraşdırdıqları, uydurduqları məlumatları verirlər.

Ermənilər əsassız olaraq iddia edirlər ki, guya 1827-ci ildə Rusiya imperiyası tərəfindən İrəvanın işğalında erməni əsgərlərindən istifadə edilib və bu da  ermənilərin sevincinə səbəb olub. Hətta guya buradan “köçürülmüş” ermənilərin həmin ərazilərə qayıdışı təmin olunub (?).

Şah Abbas dövründə ermənilərin nə dövləti, nə də hakimiyyəti olub”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev bizimlə söhbətində ermənilərin saxta tarix dərslikləri yaratdıqlarını və burada həqiqətə uyğun olmayan məsələləri əks etdirdiklərini qeyd etdi. “Ermənilərin yazdıqları tarix kitabları tamamilə cəfəngiyyatdır. Bu ərazidə bir-iki erməni olubsa, o demək deyil ki, onlar burada kompakt şəkildə yaşayıb və onların dövləti olub. Ermənilər tarix dərsliklərində nə qədər saxtakarlıqlar etsələr də, tarixi həqiqəti gizlədə bilməzlər. Çünki ermənilərin İrəvana, bütövlükdə isə Qafqaza köçürülməsi tarixi məlumdur, bu haqda hər kəsin məlumatı var.  Ermənilər son zamanlar tarixi saxtalaşdırma işinə daha geniş səviyyədə cəhdlər edirlər, tarixdə baş verən hadisələri öz xeyirlərinə yönəltməyə çalışır və bundan istifadə edirlər.

Arakel Tavrijetsi (Təbrizli erməni) yazır ki, Osmanlı sultanı III Muradın hücumları nəticəsində Azərbaycan əhalasinin şiə təriqətinə mənsub olanlarının xeyli hissəsi öz ərazilərindən köçürülüb. I Şah Abbas Səfəvi dövründə də yerdəyişmələr olub. Nadir Şah Əfşar  dövründə də bu proses yaşanıb. Əfşarlar dövründə hətta Qarabağ əhalisinin bir hissəsi İran yaylasına köçürülüb, sonradan onlar geri qayıdıblar. Amma indi erməni tarixçiləri yalandan götürüb yazırlar ki, guya həmin dövrlərdə Azərbaycan ərazilərindən köçürülənlər türklər deyil, “ermənilər” olub, sonradan onlar yenidən “vətən”lərinə qayıdıb”. Ermənilər bununla da ermənilərin “Gülüstan” və “Türkmənçay” müqaviləsindən sonra Türkiyə və İran ərazisindən Azərbaycan torpaqalarına köçürülməsinə bu cür don geydirməyə çalışırlar. Guya ki, Arakel Tavrijetsinin yazdığı kitabda ermənilərin “buradan köçürülməsindən” bəhs edilir. Yəni bu kitabda yazılanları da təhrif edirlər və onu öz xeyirlərinə yönəltməyə cəhd edirlər. Amma, halbuki, o vaxt Qarabağdan köçürülənlər 32-lər, 24-lər, Kəbirli elatı, tayfaları idi. Nadir şah Ziyadoğluların acığına onları öz tarixi yurdlarından köçürüb. Sonradan onların əksəriyyəti qayıdıb gəlib Qarabağ xanlığını yaratdı. O vaxt orada alban xristianları idi, onlar az köçürüldü. Amma türklər öz torpaqlarından sürgün edildilər. O ki, qaldı Şah Abbas dövründə ermənilərin İrəvana köçürülməsinə, belə bir fakt yoxdur, amma ermənilərin şah sarayında olmasına dair faktlar var. Ermənilər o vaxt ticarətlə məşğul olurdular. Erməniləri gətirib 16-cı əsrdə İrəvana, eləcə də bizim başqa torpaqlarımıza bağlamaq böyük saxtakarlıqdır. Ermənilər 16-cı əsrdə bu ərazilərdə yaşamayıblar. Dediyim kimi, xristian albanlar idi burada yaşayanlar, onların da ermənilərə heç bir aidiyyəti yoxdur. Xristian albanlar da türklərlə bərabər  burada yerli xalq sayılırdı, onlar erməni deyil. Şah Abbas dövründə ermənilərin nə dövləti, nə də hakimiyyəti olub, onlar şah sarayında yalnız ticarətlə məşğul olublar. Onların şah sarayına yaxınlaşması da satqınçılıq missiyasını yerinə yetirməklə bağlı idi. Onlar bu sarayda başqa ölkələrin xeyrinə casusluq edirdilər” - deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA