3D texnologiyası ilə hazırlanmış maskalar gündəmdə - keyfiyyətlə bağlı mübahisəli rəylər var…

10 Avqust 2020 17:41 (UTC+04:00)

Koronavirusdan qorunmaq üçün istifadə olunmalı ən önəmli əşyalardan biri tibbi maskadır. Bu gün satışda müxtəlif növ tibbi maska var. Tibbi maskaların hər biri müəyyən müddət ərzində virusa qarşı davamlı olur.

Məlumdur ki, koronavirusdan qorunmaq üçün 3D texnologiyası ilə şəffaf maska hazırlanıb. Artıq sosial şəbəkələrdə bu maskaları satan şirkətlərə rast gəlinir. Bu maskalar bəzi yerlərdə 4, bəzi yerlərdə isə 6-10 manatadır.

Məsələ ilə bağlı fikir bildirən professor, tibbi ekspert Adil Qeybullanın sözlərinə görə, şəffaf üz maskalarından istifadə zamanı burun aerozolu sifətə deyil, şəffaf səthə düşür və bu, daim ünsiyyətdə olan şəxslər üçün əlverişlidir: “Ağız və burun aerozolunun qarşısını almaq üçün müxtəlif maskalar var. Bunlar, təbii ki, virusun keçiriciliyinə, istifadə müddətinə görə müxtəlif cür olur. Elə maskalar var ki, bir neçə saatlıq, eləsi də var ki, bir neçə günlük olur. İnsanlarla daim ünsiyyətdə olan şəxslər üçün şəffaf maskalardan istifadə daha təhlükəsizdir. Çünki biz tez-tez əlimizi üzümüzə vurduğumuz üçün bu yolla virusun buruna, o cümlədən, bədənə keçməsi mümkündür. Bu şəffaf maskalar nəticəsində burun aerozolu sifətə deyil, şəffaf səthə düşür”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, şəffaf maskaların müxtəlif qiymətə təklif edilməsi düzgün deyil. “Ancaq onu da deyim ki, bu maskaların qiyməti şəffaf plastikin qalınlığından və mexanizmindən asılı olaraq dəyişir. Bəziləri hərəkətsizdir, yəni üzə əl vurmaq və s. üçün maskanın çıxarılması lazım olur. Bəziləri isə hərəkətlidir, yuxarı və aşağı qaldırmaq mümkündür. Yəni mexanizmdən asılı olaraq bu maskaların qiymətləri də fərqlidir. Bu maskaların sosial şəbəkələrdə necə gəldi satılması düzgün deyil. Həmin maskaların necə və hansı formada hazırlanması araşdırılmalıdır”.

Günel CƏLİLOVA