Marketlərdə müştərilərin əlinə vurulan dezinfeksiya mayesinin tərkibinə böyük şübhələr var…

10 Avqust 2020 16:33 (UTC+04:00)

COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ticarət və xidmət sahələrinin işinə nəzarət gücləndirilmiş formada davam edir. Qaydaları pozan obyektlərin səlahiyyətli əməkdaşları, eləcə də istehlakçılar qanunvericiliyə uyğun cərimə olunurlar.

Marketlərdə alış-veriş etmək istəyənlərin təhlükəsizliyi üçün müəyyən qaydalar tətbiq edilib. Belə ki, supermarketlərdə qapıların qarşısında bir əməkdaş dayanır, içəri girənlərin temperaturunu ölçür, əlinə dezinfeksiyaedici məhlul vurur. Əllərə dezinfeksiyaedici məhlulun vurulmasında məqsəd insanları marketdə hər hansı bir əşyaya toxunduqda qorumaqdır. Ancaq son zamanlar məlum dezinfeksiyaedici məhlulla bağlı müəyyən fikirlər yayılır. Belə ki, bəzi marketlərdə insanların əlinə vurulan dezinfeksiyaedici məhlul adi su imiş.

Sosial şəbəkə istifadəçisi olan Adil İsgəndərov adlı şəxs qeyd edir ki, o, bir neçə marketdə olarkən dezinfeksiyaedici məhlulun spirt yox, su olduğunu müşahidə edib: “Girişdə bir xanım müştəriləri qarşılayır. Həmin xanım təbəssümlə xoş gəlmisiniz deyib, hamının əlinə maye səpirdi. Mən də əlimi tutdum, mayeni əllərimə fısqırtdı. Mən əllərimi bir-birinə sürtdüm və içəri keçmək istədim. Birdən mənə maraq gəldi və əllərimi burnuma tutdum, gördüm heç nə iylənmədi. Dönüb xanımdan soruşdum ki, bu nəydi belə? Xanım qayıtdı ki, müəllim, spirtdir də. Dedim heç spirt iylənmədi axı. Qız daha dillənmədi, üzünü növbəti müştəriyə çevirdi. Qayıdıb xanımdan əlindəki qabı açmağı tələb etdim və hamının gözü qarşısında qabın ağzını açdırdım. Qabda nə olsa yaxşıdır? Su!”.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirdi ki, bir müddət öncə xidmət və ticarət müəssisələrində COVID-19-la mübarizə çərçivəsində görülməli olan tədbirlər açıqlandı: “Həmin qaydalara əsasən, obyektlərdə sanitar-məişət otaqları (sanitar qovşağı, soyunub-geyinmə otağı və s.), mətbəxlər, heyət otaqları, xidmət zalları mütəmadi dezinfeksiya edilməli və digər təmizlik işləri aparılmalı, işçilər dezinfeksiya məhlulundan düzgün istifadə etməlidirlər. Yaranmış şəraitə görə istehlakçılar, satıcılar, xidmət göstərən digər şəxslər daha mükəmməl davranış nümayiş etdirməlidirlər. Hər kəs başa düşməlidir ki, bütün bunlar insanların sağlamlığının qorunmasına, pandemiyanın qarşısının alınmasına xidmət edir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, marketlərdə dezinfeksiyaedici məhlul yerinə müştərilərə adi su təqdim etmək istehlakçıların hüquqlarının pozulması deməkdir.

Günel CƏLİLOVA