Evlərdə xidmət üzrə tibb bacıları və tibb qardaşlarının sosial şəbəkə reklamları genişlənir - fərdi qoruyucu vasitələr problemi…

10 Avqust 2020 15:56 (UTC+04:00)

Bu gün sosial şəbəkələr və elan saytlarında evdə tibb bacısı, yaxud da tibb qardaşı xidməti ilə bağlı müxtəlif elanlar qarşımıza çıxır. Həmin elanlarda koronavirusla bağlı evlərdə müalicə alan şəxslərə tibb bacısı və tibb qardaşı xidməti təklif olunur. Onlar evlərdə müalicə alan koronaviruslu xəstələrə iynə vurur və sistem köçürürlər. Təbii ki, gördükləri iş üçün müəyyən məbləğdə pul tələb edirlər. Tələb etdikləri məbləğ isə, nə az, nə çox, 20-100 manat arasında dəyişir.

Onu da qeyd edək ki, koronavirusa yoluxmuş şəxsə sistem köçürmək və ya iynə vurmaq üçün gedən şəxslər əksər hallarda tibbi maska və spirtdən istifadə edirlər. Ancaq onların xüsusi geyimləri olmur. Bu hal isə, istər-istəməz, başqa xəstələr üçün də, tibb işçisi üçün də müəyyən risq deməkdir. Yəni tibb işçisi xəstədən yoluxarsa, bu xəstəlik onda simptomsuz keçərsə, bu zaman özü də bilmədən ətrafına, o cümlədən də digər xəstəliklərdən əziyyət çəkən şəxslərə yoluxdurmuş olar.

Maraqlıdır, bu şəxslər fərdi izolyasiya olunublarmı, onların xüsusi izolyasiya olunmuş geyimləri varmı, ümumiyyətlə, fərdi tibb bacısı və ya tibb qardaşı xidməti təklif edən şəxslərə necə nəzarət olunur?

Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm bildirdi ki, bu şəxslər real təhlükə ilə üz-üzədirlər: “Adi xəstəlikdən əziyyət çəkən şəxslər də diqqətli olmalıdırlar. Onlar COVID-19 xəstələrini müalicə edən, onlara baş çəkən həkim, tibb bacıları ilə yanaşı, tanımadıqları, bilmədikləri tibb bacılarından da imtina etməli, belə şəxsləri evlərinə çağırmamalıdırlar".

Həmsöhbətimizin sözlərinə görə, COVID-19 xəstələri isə poliklinikalarda ayrılan sahə həkimləri və tibb bacıları ilə əlaqə saxlamalıdırlar: “Xəstəxanada yatan xəstələrdən fərqli olaraq, evdə müalicə alan xəstələrin xəstəlik yükü az olduğundan, onlar üçün poliklinikadan ayrılan tibb personalının xüsusi geyimdə gəlməsinə gərək olmur. Çünki bu şəxslər protokol qaydalarını da bilirlər”.

Günel CƏLİLOVA