Livan ermənilərinin Qarabağa köçü Azərbaycanın antiterror əməliyyatlarına başlamasını tezləşdirə bilər…

10 Avqust 2020 15:45 (UTC+04:00)

İşğalçı Ermənistanın zaman-zaman müxtəlif ölkələrdən terrorçuları zəbt edilmiş Azərbaycan ərazilərinə yerləşdirmək cəhdində bulunmasına dair indiyə qədər kifayət qədər faktlar, sübutlar toplanıb. Erməni rəsmiləri bu şəxslərin sivil insanlar olduğunu göstərməyə çalışsa da, reallıq tamam fərqli bir mənzərənin üzə çıxmasına rəvac verib. Bu məsələ dəfələrlə Azərbaycan tərəfindən beynəlxalq təşkilatlar qarşısında qaldırılsa da, İrəvan özünün mənfur siyasətindən əl çəkməyib. Livan erməniləri ilə bağlı yaşananlar bunun daha bir əyani təsdiqidir.

Avqustun 4-də Livanda Beyrut limanında baş vermiş və 158 nəfərin həlak olmasına səbəb olmuş partlayış adıçəkilən ölkənin tarixində indi yeni bir səhifə açıb. Livan koronavirus pandemiyasının tüğyan etməsi fonunda bu partlayışla artıq daha böyük problemlər məngənəsinə sürüklənib. Bu halda başlanan etiraz aksiyaları da problemin miqyasını genişləndirməyə xidmət edir. İndi etiraz aksiyalarının nə ilə nəticələnəcəyi hələ dəqiq bilinmir. Amma bir məsələ dəqiqdir ki, partlayış ölkədə sosial-iqtisadi problemləri daha da dərinləşdirib və bu da xalq etirazlarına əlavə təkan verir.  

Burada onu da bir daha xatırladaq ki, partlayışa səbəb Beyrutda limanda saxlanan 2750 ton ammonium nitrat yükü olub. Yükün olduğu 12 nömrəli anbarda əvvəl yanğın başlayıb, sonra bütün şəhəri sarsıdan güclü partlayış baş verib. Hadisə zamanı həyatını itirənlərin sayı 158, yaralı sayı isə 6 minə yüksəlib. Bundan sonra ölkədə etirazlar başlayıb. Etiraz edənlər məsuliyyətsizliyə yol verən məmurların cəzalandırılmasını tələb edir. Düzdür, Beyrutda başlayan iğtişaşların qarşısını almaq üçün şəhərə ordu yeridilib. Livan ordusu nümayişçiləri Xarici İşlər və İqtisadiyyat nazirliklərinin binalarının qarşısından uzaqlaşdırıb. Məlumata görə, iğtişaşlarda 490 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bir polis əməkdaşı həlak olub, onlarla asayiş keşikçisi isə yaralanıb. Bu durumda hökumət və parlamentdən istefalar isə vəziyyəti daha da ağırlaşdırır. Etiraz edənlər hökumətdən təcili islahatlar və növbədənkənar parlament seçkiləri keçirilməsini tələb edirlər. Artıq baş nazir Həsən Diyab xalqa müraciət edərək bildirib ki, xalqın hökumətə qəzəbini haqlı hesab edir və tezliklə ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi təklifini prezident Mişel Auna təqdim edəcək. “Livan öz tarixində ən çətin günlərini yaşayır və son hadisələrin fəsadlarını aradan qaldırmaq mümkün olmayacaq. Biz korrupsiyanın qarşısını almaq, sosial-iqtisadi böhranı aradan qaldırmaq istiqamətində də tədbirlər həyata keçirəcəyik. Beyrut limanında baş vermiş partlayışın təqsirkarlarını məsuliyyətə cəlb edənədək istintaq davam edəcək”. Artıq  Livan prezidenti Mişel Aun da vəziyyətin çətin olduğunu bildirir:“Bizlər koronavirus pandemiyası ilə yanaşı iqtisadi, maliyyə və miqrant böhranı ilə də mübarizə apardığımız bir zamanda anidən “zəlzələ” ilə üzləşdik. Yəni qeyd olunan böhranlarla mübarizə etmək bu ölkənin potensialı xaricindədir. Beyrutun partlayışdan öncəki vəziyyətinə qayıtması üçün böyük yerli və beynəlxalq səylər gərəkdir”. Belə vəziyyət isə xalqın etirazını daha da gücləndirir. Bu halda gərginləşən vəziyyət fonunda Livanı tərk etmək istəyənlərin də sayı artır və bu sırada yer alanlardan biri də ermənilərdir. Çətin gündə Livanı atan ermənilər üçün üz tutacaqları əsas məkanlardan biri də məhz Azərbaycanın işğal olunmuş əraziləridir.

Livan ermənilərinin Azərbaycan ərazilərinə mümkün köçü barədə xəbərdarlıqlar meydana çıxdıqdan sonra rəsmi Bakı bu xüsusda sərt reaksiya nümayiş etdirib. Xatırladaq ki, əslində  avqustun əvvəllərindən Livan ermənilərinin Ermənistan və bu ölkənin hərbi işğal altında saxladığı Dağlıq Qarabağ, ətraf rayonlara köçürülməsi istiqamətində hərəkətə keçildiyi bildirilir. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva erməni əsilli livanlıların ölkəmizin işğal olunmuş ərazilərinə köçürülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərərkən deyib:“Ermənistan bölgədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə edərək bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti ilə bağlı, o cümlədən Ermənistanın Livandakı faciədən öz qanunsuz məqsədləri üçün istifadə etmək niyyətləri ilə bağlı ciddi narazılığımız ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın məqsədyönlü məskunlaşdırma siyasətinə son qoyulması tələbimiz bundan sonra da beynəlxalq birlik qarşısında qəti şəkildə qaldırılacaqdır”.

Bakını narahat edən həm də budur ki, Livandan əsas etibarı ilə terrorçu ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinə cəhdlər olacaq. Çünki daha əvvəl müxtəlif ərazilərdən əsas etibarı ilə dinc sakinlər adı altında terrorçuların Azərbaycan ərazilərinə köçürülməsi faktları qeydə alınıb. Bunun indi də təkrarlanmayacağına heç bir zəmanət yoxdur. Özü də Livan tarixən erməni terrorizminin əsas inkişaf məkanlarından biri olub.

Araşdırmalar da təsdiq edir ki, müxtəlif vaxtlarda Livandan zəbt edilmiş Azərbaycan ərazilərinə erməni terrorçularının köçü reallaşdırılıb. Indi də eyni addımların atılmayacağına dair heç bir zəmanət yoxdur. Bunu Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının başqan yardımçısı Serdar Ünsal da xüsusi olaraq vurğulayır.  O qeyd edir ki, Beyrutu xaraba qoyan dəhşətli partlayışdan fürsət kimi istifadə edərək Livan ermənilərini Azərbaycanın işğal altındakı ərazilərinə köçürmək planları hazırlanır. Ekspert bildirir ki, bu məqsədlə artıq bəzi livanlı ermənilər Qarabağa göndərilib. Onun sözlərinə görə, ermənilər həmişə əllərinə keçən fürsətdən istifadə edib türk düşmənçiliyinə yönəlmiş addımlar atırlar. İndi isə onlar Beyrutda baş vermiş partlayışdan istifadə edərək livanlı ermənilərin bir qrupunu Qarabağa yerləşdirmək istəyirlər. Ünsal xatırladıb ki, bundan əvvəl Ermənistan Suriyadakı vətəndaş müharibəsindən istifadə edərək suriyalı ermənilərin bir qismini Azərbaycanın işğal altındakı ərazilərinə yerləşdirmişdi:“İndi isə Beyrutda baş vermiş partlayışda ermənilərin zərər gördüyünü iddia edərək Livan Erməni İnqilabi Federasiyası “Daşnaksütyun”un gənclər təşkilatı tərəfindən livanlı ermənilərin Qarabağa yerləşdirilməsinə hazırlıq gedir. Bu plana dərhal müdaxilə edilməlidir.

Xatırladaq ki, daha əvvəl də qondarma “DQR”in “parlament rəhbəri” Aşot Qulyan Livandakı erməni daşnaklarının nümayəndələri ilə görüşərək onları Qarabağa yerləşməyə dəvət etmişdi. İndi partlayışı fürsət bilərək qruplar halında Qarabağa yerləşməyi planlaşdırırlar. Hədəf Qarabağda yaşayan ermənilərin sayını 300-500 minə çatdırmaqdır. Suriyadan, Livandan, digər ölkələrdən gətirilən ermənilər Dağlıq Qarabağla yanaşı ətraf rayonlarda - Kəlbəcərdə, Laçında, Qubadlıda, Zəngilanda yerləşdirilir”. Ünsal onu da bildirib ki, Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırmanı genişləndirməsi onun Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında maraqlı olmadığını göstərir: “ATƏT, onun Minsk Qrupu , BMT, digər beynəlxalq təşkilatlar dərhal bu məsələyə müdaxilə edərək Ermənistanın işğal etdiyi ərazilərə suriyalı, livanlı erməniləri yerləşdirməsini dayandırmalıdır. Azərbaycan dövləti məsələni dərhal BMT-nin müzakirəsinə çıxarmalıdır”. Digər ekspertlər də eyni mövqedədir və hesab edilir ki, bu halda Azərbaycan Qarabağda antiterror əməliyyatlarına da start verə bilər. Çünki kənardan, o cümlədən Livandan daha çox terrorçuluq fəaliyyəti ilə məşğul olanlar zəbt edilmiş Azərbaycan ərazilərinə köçürülür.

Ərazisindəki separatçı rejimə və burada məskunlaşdırılan terrorçulara qarşı antiterror əməliyyatlarına başlaması üçün beynəlxalq hüquq da ölkəmizə, belə demək olarsa, bütün imkanları tanıyır. Digər tərəfdən ekspertlər hesab edir ki, bu məsələdə Azərbaycan başqa ölkələrin, o cümlədən qardaş Türkiyənin də yardımından istifadə edə bilər. Çünki Qarabağa erməni terrorçuları ilə yanaşı, Türkiyəyə təhdid yaradan kürd terrorçularının, xüsusən də PKK üzvlərinin gəlişinə Ermənistan tərəfindən lazımı şərait yaradılması da birmənalı həqiqətdir. Hazırda Azərbaycan üçün prioritet məsələ ermənilərin qanunsuz köç kimi mənfur fəaliyyəti barədə beynəlxalq təşkilatları məlumatlandırmaqdır. Bundan sonra isə Bakının antiterror əməliyyatlarına start verməsi tamamilə gözlənilən sayılır. Çünki Livandan ermənilərin Qarabağa köçü bu münaqişənin dinc yolla həllində erməni tərəfinin qətiyyən maraqlı olmadığını meydana qoyur. Elə bu da məsələnin güc müstəvisində həllini qaçılmaz edən daha bir önəmli faktor sayılır.   

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.