Dövlət şirkətlərində şəffaflıq artacaq, büdcəyə daha çox pul daxil olacaq

10 Avqust 2020 14:13 (UTC+04:00)

Dövlət vəsaitlərindən daha səmərəli istifadə olunması, eləcə də vergi daxilolmalarının artırılması bu gün xüsusi diqqət mərkəzində yer alan əsas mövzular sırasındadır. Qeyd edilən istiqamətdə, xüsusən böyük dövlət şirkətlərinin daha səmərəli idarəçiliyi və onların büdcə üçün yükə çevrilməsinə son qoyulması da hökumətin prioritet istiqamətləri sırasında yer alır. Bu müstəvidə Azərbaycan İnvestisiya Holdinqinin (AİH) yaradılması, ekspertlərin fikrincə, heç də təsadüfi xarakter daşımır. Xatırladaq ki, bununla bağlı avqustun 7-də Prezident İlham Əliyev fərman imzalayıb.

Artıq Azərbaycan İnvestisiya Holdinqi nin nizamnaməsi də təsdiq edilib. Orada qeyd edilib ki, Azərbaycan İnvestisiya Holdinqi onun idarəetməsinə verilmiş dövlət qurumlarının, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi və təkmilləşdirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Eləcə də, onların həyata keçirdiyi investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi bu qurumun fəaliyyət sferasına daxildir. Xatırladaq ki, bundan əvvəl Azərbaycanda investisiya qurumu yaradılacağı ilə bağlı fikri dövlət başçısı İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezdenti Suma Chakrabarti ilə 28-də keçirilən video-konfransda səsləndirib. Cakrabartinin də bunu müsbət addım kimi dəyərələndirdiyi qeyd olunub. Bəzi ekspertlər hesab edir ki, Azərbaycanda koronavirus pandemiyası və neftin qiymətinin dünya bazarında qeyri-sabitliyi hökuməti strateji dövlət şirkətlərinə xarici investisiya cəlb olunması yolu ilə iqtisadiyyatı liberallaşdrmaq barədə ciddi düşündürür. Artıq rəsmilər də, ekspertlər də dövlət müəssisə və şirkətlərinin indiki idarəetmə sxemini kifayət qədər səmərəli saymır, yeni idarəetmə sistemini zəruri hesab edirlər. Bunun səbəbini isə Prezident avqustun 6-da keçirdiyi müşavirədə açıqlayıb:“Bəs, dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni bu nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır”. Lakin indi görünən budur ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilə vəziyyət tamam fərqli məcrada inkişaf etməyə başlayacaq. Hesab edilir ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilk növbədə dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəli istifadə olunması, qənaət edilməsi, şəffaflığın artırılmasına xidmət edəcək. Eyni zamanda, ölkədə özəl sektoru inkişaf etdirməklə iqtisadiyyatda sağlam rəqabətin gücləndirilməsinə gətirib çıxaracaq. Elə millət vəkili, iqtisadçı Vüqar Bayramov da məsələyə məhz bu prizmadan yanaşır. Millət vəkili bildirib ki, bu gün Azərbaycanda dövlət müəssisələrinin rolu kifayət qədər böyükdür:“Belə ki, hazırda ölkədə məşğulluğun 25 faizi dövlət müəssisələrinin payına düşür. Dövlət müəssisələri vergi daxilolmalarının formalaşmasında da xüsusi rola malikdir. Dövlət İnvestisiya Holdinqinin yaradılması dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, şəffaflığın artırılması baxımından çox vacibdir. Bu bizə korporativ idarəetmə metodlarını dövlət idarəetmə müəssisələrində tədbiq etməyə imkan yaradacaq. Bu holdinq hesabatlılığı artıracaq, həmçinin ictimai nəzarət imkanlarının da genişlənməsinə gətirib çıxaracaq. Holdinq konkret olaraq səmərəliliyi, şəffaflığı ölçən meyarlardan istifadə edəcək ki, bu da praktik olaraq hər bir dövlət müəssisəsinin fəaliyyətinin qiymətləndirilməsində önəmlidir”. Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan İnvestisiya Holdinqi dövlət müəssisələrinə ixrac imkanları da yaradacaq:“Holdinqin əsas vəzifələrindən biri ixrac imkanlarının genişlənməsi yönündə təkliflər hazırlamaq və dövlət müəssisələrinin bundan istifadə etməsi üçün zəruri şərait formalaşdırmaqdır. Holdinq yeni ixrac bazarlarının tapılması, rəqabət qabiliyyətli məhsulların istehsalının genişləndirilməsi və ixrac edilməsi baxımından çox vacib rol oynayacaq. Nəticə etibarilə bu holdinqin yaradılması dövlət müəssisələrinin fəaliyyətinin genişləndirilməsi hesabına həmin müəssisələr tərəfindən investisya qoyuluşlarına gətirib çıxaracaq”.

Yuxarıda qeyd olunduğu kimi, dövlət müəssisələri vergi daxilolmalarının formalaşmasında xüsusi rola malikdir. Azərbaycan İnvestisiya Holdinqinin yaradılması dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də şəffaflığın artırılması baxımından çox vacibdir. Məlum holdinqin yaradılması da bu fonda imkan verəcək ki, korporativ metodların dövlət müəssisələrində tətbiq edilməsi mümkün olsun. Belə ki, hesabatlılıq artacaq, ictimai nəzarət imkanları genişlənəcək. Holdinq tərəfindən səmərəliliyi və şəffaflığı ölçən meyarlardan istifadə olunması hər bir dövlət müəssisəsinin nə qədər səmərəli işlədiyini, şəffaflığını müəyyən etmək imkanı yaradacaq. Təbii ki, bu halda həmin şirkətlərdən dövlət büdcəsinə daxil olan vəsaitlərin də miqdarı artacaq. Bu da, öz növbəsində, ölkə iqtisadiyyatı üçün əlavə təkan deməkdir.

Ramil QULİYEV