Rusiya və Ermənistan arasında söz savaşı təhlükəli mərhələyə keçir... Paşinyan tərəfdarları “Rusiya erməniləri bizdən deyil” deyir...

5 Avqust 2020 14:36 (UTC+04:00)

Rusiya və Ermənistan arasında son günlərdə şiddətlənən söz davasının nə ilə nəticələnəcəyinə dair indi ekspert dairələrində müxtəlif fikirlər səslənir. Hesab edilir ki, bu gedişlə qarşıdakı dövr ərzində bu söz davası özünü iqtisadi, hərbi və digər sahələrdə də göstərəcək.

Hazırda Rusiya mediası, həmçinin Rusiyada yaşayan bir sıra ermənilər Nikol Paşinyan iqtidarını kəskin surətdə tənqid edir. Bu xüsusda son günlərdə rusiyalı jurnalist, Rusiyanın “Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyanın yazdıqları ətrafında yaranan qalmaqal böyüyür. Xatırladaq ki, bu günlərdə Simonyan Paşinyanın antirus siyasətini kəskin tənqid etmişdi. O, Paşinyana xitabən bildirirdi: “Özünüzə kənardan baxın. Görün siz nə edirsiniz. Özünüzü necə aparırsınız. Siz necə ermənisiniz? Siz yalnız siyasi qisas xatirinə Rusiyanın dəyişməz müttəfiqi Robert Köçəryanı həbs etdiniz. Siz ölkəni antirusiya ruhlu qeyri-kommersiya təşkilatları ilə doldurmusunuz. Onlar sizin ərazinizdə gənclərə Rusiyada hakimiyyəti necə devirməyi öyrədirlər. Siz Qafqazda antirusiya qüvvələrinin döyüş meydanına çevrilmişiniz. Siz rusiyalı erməni biznesmenləri qovmusunuz. Sizin media və sosial şəbəkələr Rusiyanın üzərinə hər an çirkab atır”. Bunun ardınca Paşinyan Rusiyanın RBK kanalına geniş müsahibə verərək Simonyanı yalan danışmaqda ittiham etdi. Buna da Marqarita Simonyanın cavabı gecikmədi və o, Ermənistan hökumətinin ünvanına ardıcıl tənqidlərlə çıxış etməkdə davam etdi. Rusiyalı jurnalist Paşinyanı erməni xalqının maraqlarına, tarixinə və dəyərlərinə xəyanət etməkdə günahlandırdı: “Biz böyük inamla deyə bilərik: nə qədər ki, Ermənistanda dövlət vəzifələrində ABŞ tərəfdarı olan QHT-lərin keçmiş nümayəndələri var, bu Qafqaz ölkələri arasında yeni gərginliklər yaranacaq. İndi başa düşürəm ki, mənim əvvəlki postum Ermənistanda niyə bu qədər səs-küyə səbəb olub. Mən, həqiqətən, böyük erməni tarixinə nifrət edən, əcdadlarını lənətləyən və "soyqırım" qurbanlarının xatirəsinə hörmət etməyən şəxsin hakimiyyətinə sevinməyə qadir olan publikanın bir hissəsi deyiləm”.

Xatırladaq ki, Marqarita Simonyanın həyat yoldaşı, jurnalist Tiqran Keosayan da bu mövqeni bölüşür: “Marqarita Simonyan sərt və aydın şəkildə Rusiya-Ermənistan münasibətləri haqqında həqiqəti və Paşinyan hakimiyyətinin total yalanını müəyyən edə bilib. Axmaqları artıq xilas edə bilməzsən, ağıllılar isə hər şeyi doğru başa düşüblər. Paşinyanın erməni xalqının vahid qan dövranı sistemi kimi məhvi kursu, milli identifikasiyanı və dünyada yeganə müttəfiqini itirməsi respublikanın özünün mövcudluğu üçün real təhdid yaradıb. Burada dostluq haqqında saxta sözlərlə yaxa qurtarmaq mümkün deyil, gərəkən addımlar atmaq lazımdır. Paşinyan Rusiya ilə konstruktiv dialoqa qadir deyil”. Bu söz çəkişmələri fonunda Ermənistanda indi açıq etiraf edilir ki, Rusiya Simonyan üzərindən İrəvana mesajlar verir. Erməni politoloq Qaqik Hambaryan bu xüsusda bildirir:“Rusiya səlahiyyətliləri Ermənistan baş nazirinin RBK telekanalına müsahibəsinə cavab verdilər və yenidən bunu “Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyanın vasitəsilə etdilər”. Onun sözlərinə görə, Simonyan kifayət qədər aydın şəkildə Nikol Paşinyana başa salıb ki, İrəvan və Moskva arasında münasibətlər nə zaman qaydasına salınacaq: “Moskva çox aydın şəkildə Nikola başa salıb ki, iki il sonuncunun “gözəl” bacarıqlarına göz yumub və artıq bütün bunlara dözməyəcək”. Digər erməni politoloq Ara Vardanyan da eyni mövqedədir:“Hesab edirəm az adam başa düşdü ki, Ermənistan baş naziri RBK-ya müsahibəsi zamanı “Ermənistanda Rusiya hakimiyyətinin tərəfdaşı konkret şəxs yox, erməni xalqıdır” qeydini etməklə nəyi nəzərdə tuturdu. Bu, əslində ani məqamda deyilmiş şey yox, yaxşı düşünülmüş hiylədir. Rusiya telekanalına verilmiş müsahibədə səslənmiş fikir əslində Rusiya Federasiyası ilə yenidən şantaj dilində danışmaq cəhdi idi. Məhz buna görə Marqarita Simonyan öz qeydlərini davam etdirərək Paşinyanı başa saldı ki, onun dedikləri qorxu yaratmır”. Erməni politoloq bildirib ki, bundan sonra da Kreml-İrəvan münasibətləri gərginləşməkdə davam edəcək. Paşinyana bağlı media və ekspertlərin mövqeyi də bu gərginliyi artırır. Onlardan biri olan politoloq Levon Şirinyan qeyd edir ki, Simonyan, Keosayan kimilərinin ermənilərə aidiyyəti yoxdur, onların hamısı Rusiyanın agentləridir. Onun sözlərinə görə, Marqarita Simonyan və onun qismində olanlar rusiyalı quldarlarının qullarıdır:“Biz bu adamların dediklərinə əhəmiyyət verdikdə, onlar Rusiya mühitində çox vacib fiqura çevrilirlər. Onlara məhəl qoymasaq, sahiblərinin yanında dəyərlərini itirəcəklər”. Şirinyan hesab edir ki, Rusiya ermənilərini “təmiz mənşəli” olanlardan ayırmaq lazımdır:“Rusiya erməniləri arasında artıq qeyri-erməni kimi doğulmuş şəxslər də var. Ona görə də bundan sonra belələrinin erməni olmaması prinsipini qəbul etməliyik. Bunda xüsusi bir faciə yoxdur. Çox güman ki, onlar artıq pravoslav kilsəsinə də gedirlər”.

Samirə SƏFƏROVA