Avroparlament Avroittifaq rəhbərlərini Azərbaycan məmurları ilə bağlı qərar verməyə çağırdı – həm də qərəzlə...

4 Avqust 2020 17:45 (UTC+04:00)

Azərbaycana yönəlik qərəzli kampaniya səngimək bilmir. Avropa Parlamentinin sosialist-demokratları Avropa İttifaqını Azərbaycanın dövlət məmurlarına qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Bununla bağlı qəbul edilən bəyanatda iddia edilir ki, guya Azərbaycanın hüquq-mühafizə orqanları AXCP-nin sədr müavini Fuad Qəhrəmanlıya ağır işgəncələr verirlər. Bununla bağlı “inandırıcı məlumatlar” onları narahat edir. Bəyanatda başdan-ayağa qərəzli fikirlər yer alıb: “Azərbaycan qanunvericiliyinə və ölkənin beynəlxalq öhdəliklərinə zidd olaraq, həbs edilənlər hüquqşünasları və ailələri ilə əlaqə kimi əsas hüquqlarından məhrum edilirlər. COVID-19 pandemiyasından və Ermənistanla hərbi gərginlikdəki son sıçrayışdan ölkədə siyasi müxalifətin qalan hissələrini məhv etmək üçün bir bəhanə kimi istifadə edilməsi yolverilməzdir. Azərbaycandakı vəziyyətin ağırlığını nəzərə alaraq, Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə baş nümayəndəsi Cosep Borrelli gecikdirilmədən Aİ-nın insan haqlarının hədəf alınması təşəbbüsü çərçivəsində Azərbaycanda zorakılıqlara, ölkədə siyasi müxalifət və vətəndaş cəmiyyətinə qarşı repressiyalara görə cavabdeh olan məmurlara qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırırıq”.

Göründüyü kimi, sözügedən çağırış qərəzli və əsası olmayan iddialara söykənir. Bu isə demokratik prinsiplərdən uzaq bir yanaşmadır.

Məsələyə münasibət bildirən Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədlinin fikrincə, son vaxtlar müəyyən Avropa təsisatları silsilə şəklində Azərbaycanı qaralamaq yolunu tutublar: “Avropa Parlamentində demokratların və leyboristlərin ittifaqı var. Onların rəhbəri çıxış edib ki, Azərbaycanda pandemiyadan guya sui-istifadə edilir. Pandemiyadan insanlara qarşı siyasi təzyiq kimi istifadə edilir. Bu isə məlum məsələdir ki, reallığı əks etdirmir. Fuad Qəhrəmanlı ilə bağlı deyilənlər reallığı əks etdirmir. Daxili İşlər Nazirliyi bəyan etdi ki, F.Qəhrəmanlı Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində, ümumiyyətlə, olmayıb. Məlum hadisələrlə bağlı saxlansa da, həmin qurumda olmayıb. Halbuki, onlar iddia edirlər ki, guya Qəhrəmanlıya qarşı təzyiq olub. Bütün bunlar onu göstərir ki, Azərbaycanı sevməyən qüvvələr yenə nələrisə uydururlar. Pandemiyaya qarşı uğurla mübarizə aparan bir neçə ölkə var. Onlardan biri də Azərbaycandır. Görünən odur ki, Azərbaycanı gözdən salmaq üçün müəyyən xarici dairələr belə çirkin kampaniya aparırlar. Həqiqət ondan ibarətdir ki, bir çox ölkədə olduğu kimi, Azərbaycanda da hökumət pandemiya ilə mübarizədə xalqın yanındadır. Sözügedən məsələ ilə bağlı ölkədə bir sıra işlər görülür. Pandemiyanın geniş yayılmaması üçün sistemli işlər görülür. Ümumdünya Səhiyyə Təşkilatının da məlumatlarında Azərbaycanda görülən işlər yüksək qiymətləndirilib. Görünən odur ki, bu, müəyyən dairələri qıcıqlandırır. O üzdən, ölkəmizə qarşı nifrətlərini ifadə etmək üçün bu cür ədalətsiz çağırışlar etməklə münasibətlərini ortaya qoyurlar. Bu isə təəssüf doğurur”.

Ekspertin fikrincə, bəlli dairələr fürsət düşən kimi Azərbaycanı qaralamaq istəyirlər. Məsələnin kökündə dayanan əsas məqam budur.

Vidadi ORDAHALLI