Pandemiya dövründə işçilərini ixtisar etməyən sahibkarlara şad xəbər...

4 Avqust 2020 17:20 (UTC+04:00)

Koronavirus (COVID-19) pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi Tədbirlər Planına uyğun olaraq, İqtisadiyyat Nazirliyi koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi göstərib.

Pandemiya dövründə sahibkarlara ödəniləcək birdəfəlik yardımın yenidən veriləcəyi gözlənir. Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev media nümayəndələrinə açıqlamasında deyib. O qeyd edib ki, sosial-iqtisadi yardım paketləri davam etdirilir, pandemiyadan zərər çəkmiş şəxslərə bundan sonra da yardım olunacaq. İyulun 28-dək 30 minədək vergi ödəyicisinin müraciəti əsasında 24 825 muzdlu işçiyə ikinci tranşda maaş ödənilib. Maliyyə dəstəyinə ehtiyacı olan sahibkarlara 250 manat yardımın təkrar verilməsi gündəmdədir.

İqtisadçı-ekspert Ruslan Atakişiyev bildirdi ki, dövlət pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsini ödəyir və bu hazırkı məqamda ölkə iqtisadiyyatının qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir: “Koronavirusla bağlı məhdudiyyətlərin tətbiq olunması iqtisadiyyatın qeyri-neft sektorunda işləyənlərə, həm də biznes strukturlarının fəaliyyətinə öz təsirini göstərib. Bir çox sahə var ki, demək olar, fəaliyyəti dayanıb. Azərbaycan dövləti tərəfindən sahibkarlar və biznes strukturlarını nəzərdə tutan dəstək proqramı bir neçə istiqaməti əhatə edir. Birinci proqram əsasən muzdlu işçiləri əhatə edir. Ümumiyyətlə, koronavirusla mübarizə tədbirləri ilə əlaqədar olaraq 12-yə yaxın sahə müəyyənləşdirilib ki, həmin sahələr həyata keçirilən tədbirlərdən birbaşa təsirə məruz qalır. Bu proqramın fəlsəfəsi həmin işçilərin əməkhaqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsindən ibarətdir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, pandemiyanın nə qədər davam edəcəyi bəlli olmadığı üçün, bu cür qabaqlayıcı tədbirlərin görülməsi  həm sahibkarlar, həm də, ümumilikdə, ölkə iqtisadiyyatına böyük dəstək olacaq.

Qeyd edək ki, pandemiya dövründə sahibkarlara birdəfəlik ödənişin edilməsi onların sosial vəziyyətinin düzəlməsinə səbəb olacaq.

Günel CƏLİLOVA