Pandemiyadan ziyan çəkmiş sahibkarlara əlavə dövlət yardımının daha bir mərhələsi başlayır

4 Avqust 2020 16:32 (UTC+04:00)

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, sosial-iqtisadi yardım paketləri davam etdirilir, pandemiyadan zərər çəkmiş şəxslərə bundan sonra da yardım olunacaq.

H.Hacıyevin sözlərinə görə, maliyyə dəstəyinə ehtiyacı olan fərdi sahibkarlara 250 manat yardımın təkrar verilməsi gündəmdədir: “Ölkə üzrə sanitar-epidemioloji vəziyyət nəzarət altındadır. Əldə etdiyimiz nəticələr iyunun 21-dən etibarən tətbiq edilən karantin rejiminin və vətəndaşların buna əməl etməsinin nəticəsidir. Dünya təcrübəsi göstərir ki, yumşalmaya getdikdə alovlanma artır. Ölkəmizdə olan müsbət dinamikanın saxlanması üçün qaydalara əməl etmək zəruridir. Sosial-iqtisadi yardım paketləri davam etdirilir, pandemiyadan zərər çəkmiş şəxslərə yardım bundan sonra da davam etdiriləcək. İyulun 28-dək 30 minədək vergi ödəyicisinin müraciəti əsasında 24 825 muzdlu işçiyə ikinci tranşda maaş ödənilib. İşçi saylarında azalmaya yol verməyən, müəyyən olunmuş qaydalara əməl edən sahibkarlıq subyektlərinə əlavə dəstəyin verilməsi nəzərdə tutulub. Maliyyə dəstəyinə ehtiyacı olan fərdi sahibkarlara 250 manat yardımın təkrar verilməsi gündəmdədir”.

O da məlumdur ki, bundan əvvəl sahibkarlara 250 manatdan 5000 manata qədər yardım edilmişdi. Sözügedən yardımın yenidən sahibkarlara edilməsinin nə kimi faydası olacaq?

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, fərdi sahibkarlara yenidən maliyyə dəstəyinin verilməsi müsbət haldır: “Məsələ ondadır ki, pandemiya və onunla əlaqədar tətbiq edilən sərt karantin rejimindən zərər görən subyektlərdən biri də fərdi sahibkarlardır. Karantin rejimi bəzi sahələrə birbaşa zərər vursa da, onun digər sahələrə dolayı neqativ təsirləri müşahidə edilir. Nəzərə almaq lazımdır ki, fərdi sahibkarların imkanları digər sahibkarlarla müqayisədə məhduddur. O baxımdan, sözügedən sahibkarlara 250 manat yardımın təkrar verilməsi müsbət addımdır. Görünən odur ki, koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir. Onu da qeyd edim ki, indiyə qədər 100 mindən çox fərdi sahibkara 63,5 milyon manat yardım edilib. Belə ki, fərdi  sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 118.551 vergi ödəyicisindən müraciət daxil olub. Onlardan 111.067 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,6 mln. manat təşkil edir. İyulun 28-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 63,5 mln. manat vəsaitin 106.765 fərdi sahibkarın bank hesablarına köçürülməsi təmin edilib. Bütün bunlar onu göstərir ki, dövlət daim sahibkarlıq subyektlərini diqqət mərkəzində saxlayır. Sözügedən addımlar sahibkarların pandemiya dövründə üzləşdikləri itkiləri minimuma endirməyə kömək edir”.

Ekspertin qənaətincə, dövlətin bu istiqamətdə yeni tədbirlərə start verməsi sahibkarları stimullaşdırır.

Vidadi ORDAHALLI