Payıza doğru kəskin respirator xəstəliklərin artımı gözlənir – koronavirusun “payız perspektivi”...

4 Avqust 2020 16:10 (UTC+04:00)

Müxtəlif ölkələrdə koronavirus pandemiyasının inkişafı fərqli gedir. Bəzilərində birinci dalğa davam edir, bir sıra ölkələrdə ikinci dalğa müşahidə olunur. Payız aylarında koronavirus pandemiyasının güclənməsi ehtimalı səsləndirilir, hava dəyişikliyinin baş verməsi və həmin mövsümdə adi soyuqdəymələrin daha çox qeydə alınması proqnoz edilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib ki, payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarının artması qaçılmazdır: “Əgər koronavirusla mübarizədə tələb olunan qaydalara ciddi əməl etsək, digər viruslara qarşı da mübarizə apara bilərik. Maskadan hamı istifadə etməli, gigiyenik qaydalar nəzərə alınmalı və sosial məsafə mütləq qorunmalıdır”.

Qarşıdan payız fəsli gəlir. Koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər görülməzsə, bu sahədə vəziyyət necə olacaq?

Əməkdar həkim İlhamə Cabbarova bildirdi ki, payız-qış aylarında, ümumiyyətlə, mövsümi olaraq virus xəstəliklərinin artımı qeydə alınır: “Buraya qrip, kəskin respirator virus infeksiyalı xəstəliklər daxildir. Bu baxımdan, bunlar virus xəstəliyi olduğuna görə COVID-19-un payız-qış aylarında daha çox yayılacağı, daha da kəskinləşəcəyi proqnozlaşdırılır. Ona görə də COVID-19-un yayılmasında ikinci dalğanın məhz nisbətən soyuq aylarda olacağı gözləniləndir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, hazırda virusun yayılmasında azalma qeydə alınır. Təbii ki, bütün xəstəliklərdə pik nöqtə olur və ondan sonra azalma baş verir. Ölkəmizdə də virusun yayılması öz pik həddinə çatdı və artıq azalmaya doğru gedir. Virusun lokallaşmasında karantinin böyük önəmi oldu: “İnsanların bir yerə toplaşmasının, bir-birilə ünsiyyətdə olmasının qarşısı alındı. Ölkəmizdə də COVID-19-un yayılmasının qarşısını almaq üçün karantinin olması vacib idi. Çünki xaraktercə çılğın, istiqanlı, qonaqpərvər xalqıq. Karantin olmasa, kütləvi tədbirlərə icazə verilsə, proseslərə ciddi yanaşılmayacaq. Toy və yas mərasimlərində virusun yayılmasına açıq şərait yaratmış olacağıq. Ona görə də karantin rejiminin olması və davam etməsi önəmli şərtdir”.

Müsahibin dediyindən belə aydın oldu ki, payız aylarında koronavirus epidemiyasının güclənməsi ehtimalı ondan ibarətdir ki, iqlim dəyişkənliyi baş verir.

Günel CƏLİLOVA