Minsk Qrupunun fəaliyyət(sizliy)inə son qoyula bilər... MQ-nin 11 üzvünün prosesdə aktiv iştirakı gündəmdə...

4 Avqust 2020 15:29 (UTC+04:00)

Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud vəziyyət konfliktin danışıqlar yolu ilə həllinin getdikcə dalana dirəndiyini göstərir. Təbii ki, hadisələrin indiki məcraya gəlib çıxmasının əsas səbəblərindən biri də münaqişənin dinc yolla həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyətidir.

Ümumiyyətlə, sərhəddə baş verən məlum toqquşmadan sonra Minsk Qrupunun fəaliyyəti yenidən ciddi tənqid hədəfinə çevrilib. Hətta iş o yerə gəlib çatıb ki, “Amerikanın səsi”nə müsahibəsində  Minsk Qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqland bu vasitəçilik missiyasının vəzifəsinin öhdəsindən gələ bilmədiyini etiraf edir. Öncə Ermənistan-Azərbaycan sərhədində baş verənlərə münasibət bildirən sabiq amerikalı həmsədr qeyd edir:“Döyüşlər təmas xəttində deyil, Ermənistanın Azərbaycanla sərhədində baş verdi. Niyə bu indi baş verdi? Bu hələ cavablandırılmamış əsas sualdır”. O bildirib ki, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə qeyri-rəsmi söhbəti olub:“Hazırda onlar gərginlik zonasında müşahidə missiyasını həyata keçirə bilmirlər. Minsk Qrupu gərginliyi azaltmaq və status-kvoya qayıtmaq üçün çox səy göstərdi. Ancaq məndə elə hiss var ki, onlar bu problemi həll etmək iqtidarında deyillər. Minsk Qrupu Rusiya kimi nəhəngin dəstəyi ilə belə bu problemi həll edə bilmir”.

Minsk Qrupunun yarıtmaz fəaliyyəti haqlı olaraq ilk növbədə Azərbaycanda narazılıq yaradır. Bu səbəbdən Bakı Minsk Qrupunun üç həmsədrdən başqa digər üzvlərinin də prosesdə aktiv iştirakını gündəmə gətirir. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu xüsusda bildirir:“Azərbaycanın gözləntisi Minsk Qrupu həmsədrlərinin öz üzərinə düşən mandat əsasında ciddi, konkret gündəlik, həmçinin də 90-cı illərin ortalarında BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında hazırlanmış təcili və təxirəsalınmaz addımlar haqqında proqramda nəzərdə tutulan konkret vaxt ərzində Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasıdır. Azərbaycanın qarşıya qoyduğu məqamlardan biri həmsədrlərin mandatından irəli gələn məsələlərin həlli üçün öz fəaliyyətlərini nəzərdən keçirmələridir. Həmçinin danışıqlar prosesində artıq müəyyən olunmuş əsasların Ermənistan tərəfindən pozulmasına və müəyyən qeyd-şərtlər irəli sürməsinə yol vermək olmaz. Ermənistanın Baş naziri Azərbaycan tərəfinə 7 qeyd-şərt irəli sürüb. Bu, danışıqlar prosesinə çox ciddi zərbədir. Danışıqlarda Ermənistanın hər hansı şərt qoymasının əsası yoxdur. Həmçinin, Azərbaycan o məqamla çıxış edir ki, ATƏT-in Minsk Qrupunun 11 üzvü də prosesdə aktiv iştirak etsin. Onların hamısının iştirakı ilə toplantılar, Minsk Qrupunun geniş tərkibli iclasları keçirilsin. Ən vacib məqam odur ki, işğal faktına son qoyulmalı, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Ermənistanın hərbi siyasi rəhbərliyində olan insanlar nəhayət öz məsuliyyətlərini başa düşməlidir. Onlar anlamalıdır ki, bu işğala görə şəxsən məsuliyyət daşıyırlar”.

Hazırda Minsk Qrupunun nəticə əldə etməsinə maneə yaradan əsas tərəf Ermənistandır. Amma buna qarşı Minsk Qrupunun hansısa addım atmaması da nəticə əldə edilməməsinin əsas səbəbləri sırasında yer alır. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan son kəskinləşmədən sonra Azərbaycan-Ermənistan sərhədində vəziyyətin Minsk Qrupundan yalnız Rusiyanın vasitəçilik səyləri nəticəsində sabitləşdiyini bildirib. Amma Ümumdünya Silah Ticarəti Təhlili Mərkəzinin direktoru, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü İqor Korotçenko qeyd edir ki, İrəvanın gedişləri Minsk Qrupunun və Rusiyanın vasitəçilik missiyasına ciddi zərbə olub. O bildirib ki, artıq Ermənistana qarşı təzyiqlər işə salınmalı və Rusiya da burada yer almalıdır:“Ermənistan, ilk növbədə siyasi və diplomatik və bəlkə də iqtisadi üsullarla məcbur edilməlidir. İrəvan Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda konstruktiv mövqe tutmalı, 30 ildir hamının eşitdiyi demaqogiyanı unutmalıdır. Artıq hamı bundan bezib. Hesab edirəm ki, indi həqiqət anıdır. Bir çox siyasətçilər və Rusiya ictimaiyyəti bunu aydın görür. Nikol Paşinyanın rəhbərlik etdiyi bugünkü Ermənistan Rusiya Federasiyasının müttəfiqi deyil. Bu ölkə, əvəzində heç nə ödəmədən, Rusiyadan müxtəlif iqtisadi, hərbi, siyasi bonuslar almaq istəyir. Ermənistan bu cür çörəyə şərik eqoistdir. Ermənistanın Rusiyanın strateji müttəfiqi olması və sair barədə bu mantralar bezdirib və qusma refleksinə səbəb olur, xüsusilə də İrəvanın apardığı tamamilə anti-Rusiya siyasəti fonunda. “Soros” təlim mərkəzlərindən keçən insanlar indi Ermənistan dövlət hakimiyyətinin strukturunda əsas vəzifələri tutur. Paşinyanın yeni təyinatlar dalğasının şahidi oluruq, hətta Rusiyayönümlü mövqe tutmayan mütəxəssislər belə qovulur və onlara qarşı cinayət işləri açılır. “Soros himayədarları” Ermənistan Milli Təhlükəsizlik Şurasına, Ermənistan Təhlükəsizlik Xidmətinə və bir sıra digər vəzifələrə rəhbərlik edir. Ermənistanda rusiyapərəst siyasətçilərə qarşı təqib var, Rusiya telekanalları pulsuz yayım şəbəkəsindən çıxarılıb. Yəni hamımız kiminlə iş gördüyümüzü başa düşürük. Yeni bir həqiqət ortaya çıxır ki, Ermənistanı, bir daha təkrar edirəm, konstruktiv mövqe tutmağa məcbur etmək lazımdır”. Əks halda hesab edilir ki, Qarabağ münaqişəsinin dinc müstəvidə çözümü mümkün olmayacaq.

Samirə SƏFƏROVA