Bakı İrəvanın son Kreml ümidlərini də alt-üst edir - “Rusiya Ermənistana əlavə qüvvələrini yalnız Xəzər dənizi və İran ərazisi ilə ata bilər, amma...”

4 Avqust 2020 12:13 (UTC+04:00)

Ötən ay Azərbaycan-Ermənistan sərhədində baş verənlər Cənubi Qafqazda geosiyasi duruma da ciddi təsir göstərən əsas hadisələrdən birinə çevrilməkdədir. Ən azı o baxımdan ki, regionda təsir imkanı olan böyük dövlətlər indi özünün Qafqaz siyasətinə yenidən baxır. Bu sırada maraq doğuran addımlardan biri Rusiya faktoru ilə bağlıdır.

İndi Rusiyanın özündə də etiraf edilir ki, Kremlin əvvəlki Qafqaz siyasəti işləmir. Bu durumda Rusiyanın, xüsusən Ermənistanla bağlı siyasətində yeniliklər etməsi mütləq sayılır. Rusiyalı hərbi-siyasi ekspert Yuri Fyodorovun bu xüsusda qələmə aldıqları isə olduqca maraqlıdır. O yazır ki, üç onillik ərzində Moskva özünün Cənubi Qafqazdakı nüfuzunu saxlamaq məqsədilə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağa görə gedən münaqişədən uğurla istifadə edib:“Görünür, “perestroyka”nın sonlarında Kremldə başa düşmüşdülər ki, sovet respublikalarının müstəqilliyə yönəlik hərəkatını dayandıra bilməyəcəklər, amma onlar müstəqilliklə yanaşı elə problemlər qazanacaqlar ki, sonra imperiyadan çıxdıqlarına görə dəfələrlə peşmançılıq çəkəcəklər. Bu səbəbdən tezliklə Rusiya Baş Kəşfiyyat İdarəsinin (GRU) agentləri hərbi formanı kamuflyajla əvəzləyərək “könüllü” kimi Dnestryanı və Abxaziyaya yollanmışdılar. O vaxt yaranan Dağlıq Qarabağ problemini həll etmək üçünsə Yuri Andropovun keçmiş köməkçiksi və Yevgeni Primakovun yaxın dostu Arkadi Volskini göndərmişdilər. Volskinin Cənubi Qafqaz missiyasını bugünədək xatırlayırlar, amma buna minnətdarlıqla xatırlama demək olmaz.

İndi isə Moskvada təkrar etməkdən yorulmurlar ki, Ermənistanın təhlükəsizliyini yalnız Rusiya ilə hərbi ittifaq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük, Rusiyanın Gümrü və İrəvanda mənzillənmiş 102 nömrəli hərbi bazası təmin edə bilər. Doğrudan da Ermənistan Azərbaycanla təkbaşına vuruşa bilməz. Onun hərbi potensialı Azərbaycanın potensialından əhəmiyyətli şəkildə geri qalır. Mən hələ, vəziyyət gərginləşərsə, Bakıya kömək üçün hazırlanmış Türkiyə qoşunlarını demirəm”. Ekspertin fikrincə, Rusiya Ermənistanı bu təhlükəyə inandırmaq üçün Azərbaycana silah satırdı:“Təkcə 2013-2018-ci illərdə Bakıya 100 ən müasir T-90S tankı, 118 piyadaların döyüş maşını BMP-3, 230 BTR-82A zirehli nəqliyyat maşını, 18 RSZO “Smerç” maşını da daxil 166 artilleriya qurğusu, 24 ədəd dəhşətli dağıdıcılıq qüvvəsi olan “Solntsepek” ağır odsaçan sistemləri, 24 dəst Mi-35M zərbə helikopteri və sair silahlar verilib. Bu silahlar üzrə müqavilələrə görə Azərbaycan Rusiyaya 5 milyard dollar ödəyib. Düzdür, Moskva İrəvanı da yaddan çıxarmayıb. Lakin Azərbaycana daha çox silah satılıb. Elə ki iş gəlib hərbi toqquşmalara çatırdı, Rusiya diplomatiyası məmnuniyyətlə vasitəçi roluna başlayırdı. Uzun müddət bu klassik “parçala və hökm sür” prinsipi işlədi. Lakin iyulun 12-də erməni-azərbaycanlı hərbi qarşıdurmasının növbəti dövrəsi başlananda bu mexanizm nasazlıq göstərdi – Moskva özünün qurduğu və uzun illər xidmət etdiyi tələyə düşdü”.

Ekspertin fikrincə, iyulun 17-də Rusiya Təhlükəsizlik Şurasının iclasından verilən xəbərdə “davam edən eskalasiyadan son dərəcə dərin narahatlıq” ifadə olunması, atəşkəsə israrlı çağırış edilməsi də bununla bağlı idi. Fyodorov yazır ki, “son dərəcə narahatlıq” ifadəsini Kreml doğrudan da xüsusi hallarda işlədir: “Onda belə bir təbii sual doğur: Kreml nədən narahatdır? Ondan başlayaq ki, toqquşmalar Dağlıq Qarabağda yox, Ermənistanın Tavuş və Azərbaycanın Tovuz rayonlarının sərhədində baş verib. Buradan isə Gürcüstan ərazisi ilə Türkiyəyə gedən neft və qaz kəmərləri keçir. Bu, Azərbaycanın əsas ixracat gəlirlərinin mənbəyidir. Bu kommunikasiyalar erməni artilleriyasının zərbə zonasına düşür. Beləliklə Azərbaycan və Türkiyənin həyati maraqlarına təhlükə yaranır. Türkiyə rəsmilərinin toqquşmaların artıq ikinci günündə verdikləri çox sərt bəyanatlar həm də bununla bağlı idi. Havadan böyük müharibənin qoxusu gəlirdi. Moskva pat vəziyyətinə düşmüşdü. Strateji müttəfiq olan Ermənistanın taleyini özbaşına buraxmaq mümkün deyil. Rusiya diplomatiyasının əsəbi atəşkəs çağırışları nəticəsiz qalır. KTMT müttəfiqlərinə arxalanmaq mümkün deyil. Belarus və Mərkəzi Asiya ölkələri açıq şəkildə işarə ediblər ki, bu onların müharibəsi deyil və Cənubi Qafqazdakı münaqişədə iştirak etməyəcəklər. Aydındır ki, Rusiya üçün Türkiyə ilə təkbətək müharibəyə girişmək son dərəcə təhlükəlidir”.

Ekspertin məqaləsində deyilir ki, bütün bunlara baxmayaraq, Rusiya rəhbərliyi çox vaxt olduğu kimi güc mövqeyindən danışmaq qərarına gəldi: iyulun 17-də Qərb və Cənub hərbi dairələrinin, habelə hərbi-desant birləşmələrinin döyüş hazırlığının qəfil yoxlanışı elan edildi:“Amma Rusiya müdafiə naziri Sergey Şoyqu özünün azərbaycanlı həmkarına zəng edərək bu qəfil manevrlərin Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı olmadığını bildirdi. Görünür, Bakıda Şoyqunun təminatına çox da inanmadılar. Buna inanmaq da çətin idi. Çünki bu manevrlərin dərhal ardınca Rusiya-Ermənistan hava hücumundan müdafiə sistemlərinin birgə təlimlərinə başlandı. Amma Türkiyənin və Azərbaycanın bu “qılıncoynatmaya” verdiyi reaksiyanı da Moskvada gözləmirdilər. İyulun 29-da hərbi aviasiyanın iştirakını və türk qoşunlarının Azərbaycan ərazisinə yeridilməsini nəzərdə tutan böyük Türkiyə-Azərbaycan hərbi təlimlərinə komanda verildi. İndi Rusiyanın Cənubi Qafqaz siyasətinin Kremli içərisinə itələdiyi tələ bağlana bilər. Türkiyə-Azərbaycan birgə manevləri Moskvaya aydın siqnal verdi ki, Bakı və Ankara nəinki Ermənistanla, hətta Rusiya ilə də müharibəyə hazırdır. Əgər bu müharibə baş versə, özlüyündə heç də pis olmayan erməni ordusu məğlubiyyətə məhkum ola və Rusiyanın Ermənistandakı 102-ci bazası da kara gəlməyə bilər. Axı bu hərbi baza 4000 nəfərdən və 18 döyüş təyyarəsi olan eskadrilyadan ibarət adicə bir motoatıcı briqadadır”. Fyodorov yazır ki, buna qarşılıq Türkiyə ordusunun Ermənistan-Gürcüstan sərhədi boyunca yerləşdirilmiş bircə 9-cu korpusunun tərkibində tank, mexanikləşdirilmiş və dörd piyada briqadaları var. Ekspertin firkincə, bu qüvvə İrəvan-Gümrü istiqamətinə 40-50 min əsgərdən, 370 tank və aviasyanın dəstəyinə güvənən 700 topdan ibarət zərbə qrupu çıxara bilər. Hərbi ekspert qeyd edir ki, bu qüvvə ilə çarpışmada 102-ci baza bir neçə günün ərzində yerlə-yeksan edilə bilər. Fyodorov yazır ki, belə vəziyyətdə Rusiya Ermənistana əlavə qüvvələrini yalnız dolayı yolla - Xəzər dənizi və İran ərazisi ilə ata bilər, amma onlar gəlib çıxanadək Cənubi Qafqaz müharibəsi başa çatacaq:“Yaranmış vəziyyətdə Ermənistanı və oradakı Rusiya birləşmələrini xilas etmək üçün Moskvanın yeganə təsirli vasitəsi qalır – nüvə zərbəsi ilə hədələmək. Gəlin ümid edək ki, hadisələrin ən təhlükəli variantından yan keçmək mümkün olacaq.  İndidən aydındır ki, Suriya və Liviyadan başqa Türkiyə və Rusiya arasında yeni qarşıdurma ocağı yaranıb və ümumilikdə götürəndə, Cənubi Qafqazdakı vəziyyət nikbinliyə heç də əsas vermir”.

Nahid SALAYEV