Çimərliklərə getmək üçün xüsusi icazəyə ehtiyac olmayacaq

3 Avqust 2020 17:36 (UTC+04:00)

Çimərliyə getmək üçün xüsusi icazə ehtiyac yoxdur, "Cimerlik.az" portalı sadəcə çimərliklərdəki mövcud vəziyyəti öyrənmək üçün yaradılıb. Trend-in məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, doluluq səviyyəsinə əsasən, çimərliklər yaşıl, sarı, qırmızı rənglərdə olacaq. Əgər çimərlik dolu olarsa, vətəndaş bunu əvvəlcədən biləcək. Bu çimərliklər pandemiya tələblərinə uyğun olaraq fəaliyyət göstərirlər: "Əgər bir çimərliyin tutumu 500 nəfərlikdirsə, 501-ci adam çimərliyə buraxılmayacaq və digər çimərliyə getməsi xahiş olunacaq".