Evlərdə nişan və yubiley mərasimləri koronanın qorxulu risq mənbələrindən biri kimi...

3 Avqust 2020 17:26 (UTC+04:00)

Hazırda dünya koronavirus pandemiyasının yaratdığı böyük çətinliklərlə qarşı-qarşıyadır. Hətta ən çox inkişaf etmiş ölkələr belə bu çətinliklər qarşısında aciz qalıblar. Belə bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkə üçün nümunə ola bilər.

Koronavirusdan qorunmaq üçün əhaliyə mümkün qədər evdən çölə çıxmaması tövsiyə olunur. Bununla yanaşı, toy və digər məclislərin keçirilməsi də qadağan olunub. Ancaq buna baxmayaraq, bəzi şəxslər evlərində nişan və digər məclislər təşkil edərək karantin qaydalarını pozurlar.

Ekspertlər karantin qaydalarına əməl etməyib, evlərində hər hansı bir yığıncaq təşkil edənlərin sərt şəkildə cəzalandırılmasını təklif edirlər.

Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, açıq məkanlarda on nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən məclislərin, o cümlədən, evlərdə təşkil edilən nişan və digər yığıncaqların təşkil olunması düzgün deyil: “Pandemiya dövründə hər hansı bir məclisin keçirilməsinə icazə verilmirsə, hər kəs bu qaydaya əməl etməlidir. Bəzi şəxslər evlərdə yığışaraq məclis təşkil edirlər. Bunu edənlər unutmamalıdırlar ki, təhlükə varsa, belə vəziyyətdə 10 nəfərdən artıq şəxsin bir yerə toplanması düzgün deyil. Evlərdə keçirilən nişan mərasimlərində iştirak edənlər də məsuliyyətə cəlb olunmalıdırlar. Belə olarsa, ölkədə virusa yoluxma sayı azalar”.

Həmsöhbətimiz hesab edir ki, karantin qaydalarına əməl etməyənlər qanunun tələbinə uyğun olaraq cəzalandırılmalıdırlar.

Günel CƏLİLOVA