Ermənistan ordusunda fərarilik, muzdlulardan asılılıq - Azərbaycan Ordusuna cəmi bir həftədə 50 mindən çox könüllü...

3 Avqust 2020 17:00 (UTC+04:00)

Üzləşdiyi tənəzzüldən xilas ola bilməyən Ermənistanda digər sahələrlə yanaşı, ordu quruculuğu prosesində də yaşanan problemlərin miqyası davamlı surətdə genişlənməkdədir. Elə bunun nəticəsidir ki, şəxsi heyətin itkisi baxımından qeydə alınanlar getdikcə daha da böyüyür. Erməni hərbçiləri döyüşmək əvəzinə fərarilik etməyə üstünlük verirlər

Belə ki, Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birinin dörd zabiti avtomobil qəzasında xəsarət alıb. Erməni mediasının yazdığına görə, fərarilik edən zabitlər Vartan Arakelyan, Artur Danelyan, Andranik Santryan və Ararat Atoyan avtomobil qəzasında xəsarət aldıqları üçün mülki xəstəxanaya çatdırılıblar. Həmin şəxslərin Ermənistan ordusunun zabitləri olduqları müəyyənləşdikdən sonra onlar hərbi hospitala təxliyyə ediliblər. Qeyd edək ki, erməni zabitlər Tovuz rayonu istiqamətində gedən döyüşlərə cəlb olunacaqlarını bildikdən sonra zabitlərdən birinin şəxsi avtomobili ilə xidmət yerini icazəsiz tərk edib gedərkən yolda qəzaya uğrayıblar.

Qeyd etdiyimiz kimi, erməni hərbçiləri döyüşməyə deyil, fərarilik, ordudan qaçmağa maraq göstərirlər. Ancaq Azərbaycanda isə vəziyyət fərqlidir. Tovuz rayonunda baş vermiş hadisədən sonra Prezident İlham Əliyevin göstərişinə əsasən, qısa müddət ərzində orduya yazılanların sayı 50 mini ötdü. Tovuz hadisələri göstərdi ki, erməni ordusu tam tərkibdə deyil, eyni zamanda, gənclər də həvəslə xidmət etmirlər. Bu səbəbdən də onlar başqa ölkələrdən muzdluları gətirirlər.

Hərbi ekspert Rasim İsgəndərov qeyd etdi ki, cəmiyyətimizdəki vətənpərvərlik ruhu, sərhəddə baş vermiş hadisələrin, əsgər və zabitlərimizin şücaətinin insanlarımızda yaratdığı coşqu isə onu sübuta yetirdi ki, ordumuzun miqyası təkcə hərbi vəzifə daşıyan gənclərimizin sayı ilə məhdudlaşmır: “Əli silah tutan, Azərbaycanın hərbi qələbələrinə hər hansı şəkildə fayda verəcək hər bir vətəndaşımız bu ordunun sıralarındadır, Ali Baş Komandanın əmrilə hər an silaha sarılıb düşmən üzərinə yeriməyə hazırdır. Məlumat üçün bildirim ki, erməni gəncləri öz ordularında xidmət etməkdən yayınırlar. Bir il ərzində Ermənistanda 12 min fərarilik baş verib. 12 min gəncin ordudan yayınması o deməkdir ki, ölkədə vəziyyət yaxşı deyil. Ordumuzda isə kiminsə fərarilik etməsi ilə bağlı məlumat yoxdur. Son günlər baş verən hadisələr göstərdi ki, gənclərimiz nəinki fərarilik etmir, əksinə, yüz minlərlə gəncimiz bir anın içində səfərbər olunmağa hazırdır. 14 iyulda keçirilən aksiya bunu bir daha göstərdi. On minlərlə insan şəhərin mərkəzinə doğru axın etdi. Prezident İlham Əliyevə müraciət edərək səfərbərlik istədilər. Açıq şəkildə bəyan etdilər ki, ordumuzun sıralarında düşmənə qarşı vuruşmağa hazırdırlar”.

Son olaraq bildirək ki, hazırda bütün dünyanın koronavirusla mübarizə apardığı bir vaxtda xalqımız düşmənlə mübarizədə ön cəbhədə olmağa hazır olduğunu bəyan edir. Orduya yazılan hər bir şəxs Qarabağ torpağının azad olunması üçün hər an savaşa hazır olduğunu bildirir, Ali Baş Komandanın əmrini gözləyir. Ermənistan ordusunda xidmət edənlər isə, hər zaman olduğu kimi, fərarilik edirlər.

Günel CƏLİLOVA