“Əfsanəvi Qarabağ qəhrəmanı” da Paşinyandan üz çevirdi - Ermənistan təklənib...

3 Avqust 2020 15:01 (UTC+04:00)

Qarabağ “qəhrəmanı” kimi tanınan, bir zamanlar lazım olarsa, Qız qalasına qədər ərazilərimizi işğal edəcəklərini söyləyən erməni general Arkadi Ter-Tadevosyan News.am saytına müsahibəsində deyib ki, Ermənistan həm tək qalıb, həm də səhv etməkdə davam edir.

Onun fikrincə, Tovuzdakı qarşıdurmalar Azərbaycanla Ermənistan arasındakı münaqişənin son gərginləşməsi deyil: “Bu, Ermənistan-Azərbaycan münaqişəsi, iki dövlət arasında müharibə çox çətindir. İki dövlət bir-birilə vuruşmur – bir qrup dövlət bir qrup dövlətlə mübarizə aparır”.

Erməni generalı bildirib ki, Türkiyə İkinci Dünya Müharibəsindən bəri ən böyük hərbi əməliyyatlar keçirir: “Baxın, Türkiyə Suriya, İraq, Liviya, Qətər, Somalidə əməliyyat aparır. Qlobal miqyasda fəaliyyət göstərir. Bu, Türkiyənin çox düşünülmüş geosiyasi bir oyunudur, mütəşəkkil sistemli bir siyasətidir. Artıq beynəlxalq ictimaiyyət bu türk oyununu qəbul etməyə hazırlaşır”.

Erməni hərbçi, həmçinin, Azərbaycanla böyük müharibə vəziyyətində Rusiya və KTMT-nin köməyinə etibar etməməyi tövsiyə edib: “Biz KTMT-nin bir hissəsiyik, amma onların bu işə qarışmaq fikri olmadığını gördük. KTMT bizimlə işləməyəcək, Ermənistanı qoruya bilməz. Onların hansı dövlət olduqlarını, liderlərinin kim olduğunu anladıq. Biz Rusiyanı tənqid edirik, amma ən pisi odur ki, özümüzü tənqid etmirik, səhvlərimiz barədə danışmırıq. Səhv etdik və yenə də səhv edirik. Görünən budur ki, Ermənistan tək qalıb”.

Bəlli olur ki, artıq bəzi erməni hərbçiləri belə, Ermənistanın addım-addım uduzmağa doğru getdiyini, təkləndiyini etiraf etməyə başlayıblar.

Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, Ermənistanın təklənməyə doğru getdiyi reallıqdır: “Həm siyasi, həm də hərbi nöqteyi-nəzərdən fakt ortadadır. Erməni tərəfi Tovuz təxribatını törətməklə siyasi baxımdan dəstək qazanmadı. O cümlədən, təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da Ermənistanın məlum müraciətinə etinasız yanaşdı. Hansı ki, işğalçı ölkə KTMT-nin sözügedən məsələyə müdaxilə etməsini istəyirdi. Ancaq onlar məyus oldular. Arkadi Ter-Tadevosyanın məyus formada KTMT-də təmsil olunan dövlətlərə eyham vurması təsadüfi deyil. O yaxşı bilir ki, həmin ölkələrin Azərbaycanla çox yaxın münasibətləri var. Hətta Ermənistanın ən yaxın müttəfiqi olan Rusiyanın Paşinyan hakimiyyətindən üz döndərdiyi danılmaz reallıqdır. Bütün bunlardan çıxış edərək erməni general Ermənistanın təkləndiyini deyir. Digər tərəfdən, Azərbaycanda həyata keçirilən struktur islahatlar, hücum diplomatiyasının gücləndirilməsi öz sözünü deyir. Hesab edirəm ki, bütün bunlar kompleks şəkildə Azərbaycanın Qarabağ məsələsində uğur qazanmasına öz töhfəsini verəcək. Başda Prezident İlham Əliyev olmaqla, Azərbaycan dövləti öz iradəsini ortaya qoyub. Ölkə başçısı son çıxışlarında bir daha vurğuladı ki, Qarabağ məsələsində Azərbaycan bir addım da olsun geri çəkilməyəcək. Bu, böyük bir iradə olmaqla yanaşı, həm də qarşı tərəfə ciddi bir mesajdır. Biz müharibəni bütün cəbhələrdə udmalıyıq. O cümlədən, son sözü Azərbaycan əsgəri deməlidir. Proseslər ümumən bütün istiqamətlərdə buna doğru gedir və artıq bəzi erməni ekspertlər də bunun fərqindədirlər”.

Ekspertin fikrincə, Ermənistan həm siyasi, həm də hərbi dəstəyi itirməkdədir.

Vidadi ORDAHALLI