Rusiya-Türkiyə dostluğuna erməni təxribatı – “Türkiyə Putini devirməyə hazırlaşır”...

23 May 2020 13:52 (UTC+04:00)

Son zamanlar erməni mediasında istər rəsmilər, istərsə də ekspertlər tərəfindən Rusiyaya qarşı total hücumlar davam edir. Qaz qiymətləri ilə bağlı rəsmi İrəvanla Moskvanın bir araya gəlməməsi Paşinyan hökumətini hövsələdən çıxarıb. Bu baxımdan, demək olar ki, hər gün Rusiyanın parçalanacağını, xarabalıqlara çevriləcəyini, Ermənistanın bölgədə böyük bir “gücə” sahib olacağını yazırlar.

Bütün bunlar azmış kimi, indi də onlar Rusiya ilə Türkiyənin arasını vurmağa çalışırlar. Lragir.am saytında icmalçı Naira Ayrumyan “Yeni Rusiya-Türkiyə müharibəsi? Ankarada Rusiyadakı çevrilişdən danışırlar” başlıqlı bir yazı dərc edib. Yazı başdan ayağa təxribat xarakterlidir: “Türkiyə mediası Rusiyada yayın sonunda baş verə biləcək çevriliş barədə yazır. Nüfuzlu türk analitikləri Moskvada təhlükəsizlik qüvvələrinin gücləndirilməsindən, koronavirus səbəbindən Putinin reytinqinin aşağı salınmasından, konstitusiya referendumu və Qələbə paradının keçirilməməsindən danışırlar. Eyni zamanda, Türkiyə mediası Liviyadakı türk qüvvələrinin Rusiyanın hərbi mifini pozduğunu bildirir. Mütəxəssislər Liviyada 9 məhv edilmiş rus “Pantsir 1”mərmi komplekslərini sayıblar. Niyə Ankara qəflətən Moskvadakı qaçılmaz çevriliş barədə danışdı? Bu, çevrilişlərin Türkiyənin özündə adi olduğu vəziyyətlə əlaqəlidirmi? Moskvadakı yaxınlaşmış sui-qəsd barədə məlumatlar Türkiyədə 2016-cı ilin iyulunda hərbi çevrilişə cəhd edildiyi zaman Putinin köməyinə görə Ərdoğanın “təşəkkürüdürmü?”.

N.Ayrumyan yazır ki, 2015-ci ilin noyabrında Rusiya təyyarəsi vurulduğuna görə Rusiya ilə Türkiyə gərgin münasibətlər içində idi: “Ancaq nə Putin, nə də Ərdoğan bir-birindən ayrıla bilmədilər və barışmaq üçün bir səbəb tapdılar. Ankara yeni bir geosiyasət – bölgələşmə elan etdi və indi dünyanı “bölgələrə” bölmək prosesi başlayır. Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mevlut Çavuşoğlu deyib ki, pandemiyadan sonrakı dövrdə “Türkiyə həm qloballaşma, həm də bölgələşmə baxımından əsas ölkələrdən biri olacaq”.

Müəllif iddia edir ki, guya Türkiyə Rusiyadakı müsəlman əhalisi amilindən istifadə edərək, bu ölkəni parcalamaq istəyir. Göründüyü kimi, erməni xisləti yenə də özünü göstərir. Məqsəd iki ölkə münasibətlərini korlamaqdır.

Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, ermənilər son illər Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşmasından çox narahatdırlar: “Bu yaxınlaşmanı özləri üçün təhdid hesab edirlər. Baxmayaraq ki, Ermənistan Rusiyanın regionda təsir alətidir. Ötən əsrdə yoxdan Ermənistan dövlətinin yaradılması, rusların himayəsi ilə genişləndirilməsi bu məqsədə xidmət edir. Yəni ermənilər Rusiya üçün bir alətdir. Ermənilər isə nankorcasına Rusiyanın onlar üçün gördüyü işləri danırlar. İddia edirlər ki, guya Rusiya Türkiyə ilə birlikdə tarixən onları sıxışdırıb. Hansı ki, bu belə deyil. Bu, nəyin göstəricisidir? Bu, onun göstəricisidir ki, ermənilər öz ağalarına qarşı dönük çıxırlar. Ermənistanda fikirləşirlər ki, biz Rusiyadan lazım olanı almışıq. Bundan artıq Rusiya onlara nəsə verə bilməz. O səbəbdən Qərbə boylanırlar. Ölkəyə sərmayə, maliyyə axışını, yeni texnologiyaların tətbiqini Qərblə inteqrasiyada görürlər. Məsələnin mahiyyəti əsasən bununla bağlıdır. Ancaq, istənilən halda, Ermənistan Rusiya-Türkiyə yaxınlaşmasını özünə təhlükə hesab edir. Bu səbəbdən iki ölkə münasibətlərinin pozulmasına yönəlik müxtəlif təxribat xarakterli yazılar dərc edilir. Nəzərə almaq lazımdır ki, Rusiya KİV-ində çoxsaylı erməni fəaliyyət göstərir. Onlar da fürsət düşən kimi öz bildiklərini edirlər”.

Vidadi ORDAHALLI