Şuşada inauqurasiya təxribatının sülh prosesinə dağıdıcı təsiri aktual müzakirələrdə …

23 May 2020 13:37 (UTC+04:00)

Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan qondarma quruma qanunsuz “seçkilər” keçirilməsi və Şuşada “andiçmə” mərasiminin təşkili  beynəlxalq hüquqa, bölgədə sülhə və sabitliyə təhdid, Azərbaycana qarşı təxribat sayılır. Ermənilərin bu addımı sülh danışıqlarının perspektivinə necə təsir edəcək?

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu addım Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlara böyük zərbədir və  qarşı tərəfin əsl niyyətini üzə çıxararaq məsələnin həllində maraqlı olmadığını bir daha göstərir:

“Qanunsuz, saxta seçkilərin keçirilməsi Ermənistanın sülh danışıqlarında beynəlxalq ictimaiyyəti aldatmağa cəhd göstərdiyini sübut edir. Ancaq  dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi təzyiq və sanksiyalar tətbiq etməkdən çəkinir. Ən azından, onları beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa məcbur etmək olar. Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərində saxta prezident seçkisinin keçirilməsi və “andiçmə” mərasiminin təşkili yolverilməzdir.  Bunun bir adı var - işğalçı Ermənistanın cinayətkar fəaliyyətlərinin davamı. Separatçı rejimin saxta “prezidentinin” andiçmə mərasiminin qarşısının alınmaması elə həmin dairələrin separatçılara verdiyi dəstək kimi qiymətləndirilə bilər. Bu cür “seçkilər”in, eləcə də hazırda işğal altlnda olan Azərbaycanın tarixi mədəniyyət mərkəzi - Şuşa şəhərində Ermənistan rəhbərinin iştirakı ilə “andiçmə mərasimi”nin təşkil olunması təcavüzkarın ölkəmizə qarşı açıq-aşkar işğalçılıq siyasətini göstərir. Ermənistan beynəlxalq hüquq norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə zidd olaraq, eləcə də digər beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət verməyərək, beynəlxalq birliyin ona qarşı cəzasızlığından istifadə edərək bu addımları atır. Münaqişənin nizama salınması üçün aparılan danışıqlarda Ermənistan tərəfindən yaradılan və hazırda onun nəzarətində olan Dağlıq Qarabağdakı cinayətkar və qondarma qurumun “tərəf” kimi iştirakının təmin olunmasını istəyir. Bu tələb də əsassızdır və beynəlxalq hüququn prinsiplərinə uyğun deyil.

Görünən budur ki, Ermənistanın başlıca məqsədi danışıqlar prosesini pozmaq və işğalçılıq siyasətini davam etdirməkdir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın nəzarətində olan tanınmamış qanunsuz rejim həmin bölgədə azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında yaradılmış cinayətkar qurumdur. 2016-cı ilin Aprel döyüşləri onu da sübut etdi ki, biz istənilən an torpaqlarımızı işğaldan azad edə bilərik. Artıq bunun zamanı çoxdan yetişib. Ermənilərdən sülh danışıqları ilə bağlı hər hansı konstruktiv mövqeni gözləməyə dəyməz. Ona görə də biz torpaqlarımızı müharibə yolu ilə azad etməliyik".

Ekspert onu da qeyd etdi ki, işğal olunmuş Azərbaycan ərazisində qondarma və cinayətkar rejimin yaratdığı qurum mifdir. Dördgünlük müharibədə qarşı tərəfin itkiləri arasında bir nəfər də olsun Dağlıq Qarabağ ermənisi yox idi.

Məhəmmədəli QƏRİBLİ