Azərbaycan xalqı növbəti karantin sərtləşmələrindən yan keçə bilər... Daha bir həftəlik yoluxma piki arxada qaldı…

22 May 2020 20:22 (UTC+04:00)

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib.

“Trend”in məlumatına görə, brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı iştirak edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bildirib ki, respublika üzrə ümumən tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb. Onun sözlərinə görə, Operativ Qərargah ötən həftə ərzində pandemiya ilə mübarizə istiqamətində əks-epidemik tədbirlərini davam etdirib, müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

R.Bayramlı qeyd edib ki, bu gün 106 nəfərdə koronavirusa yeni yoluxma faktı aşkar edilib. Ümumilikdə bu günədək 3855 yoluxma faktı olub. Sağalan 2 399 nəfətr sağalaraq evə göndərilib.

R.Bayramlı bildirib ki, bu, ümumi yoluxma hallarının 18 faizini təşkil edib. Əksəriyyət tibb və orta işçiləri olub. Tibb 537 nəfər tibb işçisi sağalıb, digərlərinin müalicəsi davam edir. Tibb işçilərindən 4 nəfər ölüb.

İbrahim Məmmədov isə deyib ki, Operativ Qərargah ölkədə sanitar-epidemioloji vəziyyəti yenidən təhlil edib, yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir. Onun sözlərinə görə, bəzi ölkələrdə vəziyyət gərgin olsa da, Azərbaycanda elə deyil: "Bizdə vəziyyət o qədər də gərgin deyil. Vəziyyət sabit olmasa da, idarəolunandır. Yaranmış vəziyyətin daha da yumşaldılmasına ehtiyac görülmür. Yəni Operativ Qərargahın apardığı təhlillərə əsasən, ölkədə karantin qaydalarının yumşaldılması məqbul sayılmır. Vəziyyət olduğu kimi qalır. Yaxın günlərdə bu barədə Operativ Qərargahın qərarı olacaq".

R.Bayramlı bildirib ki, ötən həftə yoluxma hallarının pik dövrü yaşanıb. Onun sözlərinə görə, son həftə ərzində mayın 16-da 158 nəfərdə yoluxma halı qeydə alınmaqla, pik dövr yaşanıb: “Ötən həftə 755 nəfərdə yoluxma halı olub. Bu həftə isə 581 nəfərdə yoluxma aşkar edilib. Biz hələ də yoluxma hallarının intensivliyinin yüksək olduğunu görürük”.

R.Bayramlı qeyd edib ki, qətiyyən arxayınlaşmaq olmaz. Qoyulan qaydalar əməl edilməlidir: "Həftənin digər günləri ilə müqayisədə dalğalanmalar olub. Ona görə də vəziyyətin sabitliyi haqqında tam fikir söyləmək olmaz. Növbəti həftədə sağalanların sayının daha çox olacağını gözləyirik”.

R.Bayramlı qeyd edib ki, iyunda kütləvi tədbirlərin, o cümlədən toyların keçirilməsi məqsədəuyğun deyil. Onun sözlərinə görə, iyun ayında belə tədbirləri keçirmək tövsiyə edilmir: "Amma iyunun 1-dən böyük ticarət mərkəzlərinin açılması barədə qərar qəbul edilə bilər. Çimərliklərin açılmasında da bir problem görmürük. Çimərlik sahələrində ən önəmli məsələ sosial məsafənin gözlənilməsidir".

R.Bayramlı pandemiyadan vəfat edənlər arasında 40-49 yaşlı şəxslərin sayının artdığını deyib. Onun sözlərinə görə, bütün rəqəmlər onu göstərir ki, ölkəmizdə epidemioloji vəziyyət nəzarət altındadır: “Əks-epidemik tədbirlər öz bəhrəsini verməyə davam edir. Amma vətəndaşlar da bu işə öz töhfəsini verməlidir”.

TƏBİB sədri ağırlaşma və ölüm hallarının çoxunun evdə özünü müalicə ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, son zamanlar COVİD-19-a oxşar digər hallar da müşahidə edilir: “Bu hallar bizi narahat edir. Bütün halları araşdırmaq lazımdır ki, bu koronavirusdur, ya başqa ağırlaşmalardır”.

R.Bayramlı qeyd edib ki, ölkəyə xaricdən gələnlər arasında yoluxma halları 20 faiz təşkil edib:“Bir təyyarə reysində gələnlər arasında yoluxma göstəricisi 30 faiz olub. Bu halda bütün təyyarə ekipajı karantinə göndərilir”.

R.Bayramlı qeyd edib ki, yaxın günlərdə uçuşların bərpası və sərhədlərin açılması gözlənilmir. Onun sözlərinə görə, beynəlxalq uçuşların açılması müzakirə edilir:"Burada bir sıra məsələlər nəzərə alınır. İyunun 15-dən bəlkə də bu, mümkün olar. Yaxın coğrafi əlaqələri olan ölkələrlə uçuşları bərpa etmək olar".

“Bayram süfrələrinin təşkilini qətiyyən tövsiyə etmirik” – deyən R.Bayramlının sözlərinə görə, yoluxma sürəti atarsa, yenidən sərt karantin rejiminə gedilə bilər: "Azərbaycan təkrar sərt karantin tədbirləri tətbiq edən ölkələrin təcrübəsini yaşamaq istəmir. Epidemioloji vəziyyət dəyişərsə, gələn həftə yenidən qısamüddətli qadağalar tətbiq edilə bilər. Bayram günlərində ölkəmizdə küçəyə çıxma qağadası qoyulmayıb. Bu günlərdə evə yaxın ərazidəki parklarda sosial məsafəni gözləməklə getmək olar. Amma bayram süfrələrinin təşkilini qətiyyən tövsiyə etmirik”.

R.Bayramlı qeyd edib ki, qaydalara əməl etməyən müəssisələr və və fiziki şəxslər sərt şəkildə cərimələnə bilər.

TƏBİB sədri qeyd edib ki, iş yerlərində sosial qaydalara əməl etməmək, maska taxmamaq yoluxma hallarının artmasına səbəb olub. R.Bayramlı bildirib ki, istər özəl, istərsə də dövlət qrumlarında hər hansı bir şəxsdə koronavirus infeksiyası aşkarlanarsa, həmin qurumların onunla təmasda olan bütün əməkdaşlarından test götürülür və pozitiv çıxdığı halda onlar dövlət hesabına müalicə olunurlar.

ATV kanalında yoluxma halına münasibət bildirən R.Bayramlı qeyd edib ki, kanalın 3 əməkdaşında yoluxma faktı qeydə alınıb:“Onlarla yaxın təmasda olan digər insanlardan testlər götürülüb və bu günlərdə testlərin cavabları bildiriləcək”.

R.Bayramlı iyun ayında iri ticarət mərkəzlərinin açılmasının da gündəmdə olduğunu deyib: “Əgər göstəricilər stabil olsa, bununla bağlı qərar qəbul edilə bilər”.

Onun sözlərinə görə, iyunun 1-dən sonra idman zallarının açılması ilə də bağlı qərar verilə bilər. Hazırda idman tədbirlərinin keçirilməsinə icazənin verilməsi də gündəmdədir.

R.Bayramlı bununla bağlı müvafiq qərarın veriləcəyinə əminliyini də bildirib.

İ.Məmmədov isə bildirib ki, pandemiya dövründə 10 mindən artıq vətəndaşın Azərbaycana gətirilməsi dövlət hesabına həyata keçirilib. Onun sözlərinə görə, bundan sonra ölkəyə gətirilənlər öz hesablarına gələcəklər: "Çünki bu proses sona qədər dövlət hesabına aparıla bilməz. Bu vaxta qədər dövlət vətəndaşların ölkəyə gətirilməsi üçün bütün şəraiti yaradıb".