Rayonlarda əsas işi həqiqətən Prezident həll edib, icra başçılarına qalan isə...

22 May 2020 18:32 (UTC+04:00)

Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edərkən bildirdi ki, infrastruktur layihələrinin əsas hissəsi öz həllini tapıb.

Ona görə də icra başçılarının əsas vəzifəsi rayonların sosial-iqtisadi inkişafını təmin etməkdən ibarət olmalıdır: “Üç Dövlət Proqramının icrası nəticəsində infrastruktur layihələrinin böyük hissəsi öz həllini tapıb. Bunu indi hər kəs görür, bölgələrdə yaşayan insanlar görür və eyni zamanda, beynəlxalq təşkilatlar da bunu qeyd edir. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında elektrik enerjisinin əlçatanlığına görə Azərbaycan dünyada 2-ci yerdədir. Yolların keyfiyyətinə görə 30-cu yerdədir. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, demək olar, qazlaşdırma layihələrinin böyük əksəriyyəti başa çatıb, qazlaşdırmanın səviyyəsi 96 faizdir. İçməli su layihələri bütün şəhərlərdə icra edilir, ya artıq başa çatıb, ya da ki, başa çatmaq üzrədir. Bütün bunlar dövlət tərəfindən görülmüş işlər, qoyulan investisiyalardır. Ona görə infrastruktur layihələrinin əsas hissəsi öz həllini tapıb. Ona görə sizin əsas vəzifəniz ondan ibarət olmalıdır ki, artıq bu möhkəm təməl üzərində öz işinizlə rayonların sosial-iqtisadi inkişafını təmin edəsiniz”.

Prezident onu da qeyd edib ki, bütün işlər ədalətli görülməlidir: “Ədalət sizin işinizdə əsas prinsip olmalıdır və indiki şəraitdə, pandemiya dövründə insanlara daha çox yardım, kömək göstərilməlidir. Yerlərdə, ilk növbədə, bunu icra başçıları, icra strukturları etməlidirlər”.

Həqiqətən də ötən illər ərzində dövlət büdcəsi hesabına rayonların infrastruktur problemi öz həllini tapıb. İndi əsas məsələ rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir ki, bu da icra başçılarının fəaliyyətindən asılı olan məsələdir.

Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovin sözlərinə görə, icra başçıları rayonların sosial-iqtisadi inkişafını təmin etmək üçün səylərini artırmalıdırlar: “Ötən illər ərzində regionların sosial-iqtisadi inkişafı ilə bağlı bir neçə Dövlət Proqramı qəbul olunub. Sözügedən proqramlar sayəsində regionlarda çox böyük infrastruktur layihələri həyata keçirilib. Yeni yollar çəkilib, əvvəlki yollar yenidən qurulub. Elektrik və su təchizatı yaxşılaşdırılıb. Məktəblər, xəstəxanalar, mədəniyyət evləri yenilənib. İdman kompleksləri tikilib. Digər bu kimi çox böyük tədbirlər həyata keçirilib. İndi hər bir icra başçısının ən böyük vəzifəsi ondan ibarətdir ki, vətəndaşların qayğısına qalsın. Onların problemlərinin həllinin optimal yollarını müəyyənləşdirsin. Mövcud imkanlardan səmərəli istifadə edərək rayonun sosial-iqtisadi inkişafını təmin etsin. İkinci bir tərəfdən, cari işlər və problemlər var. İcra başçıları sözügedən problemlərin həlli ilə də bağlı səylərini artırmalıdırlar. Bütün bu işlər kompleks şəkildə görülməlidir”.

Vidadi ORDAHALLI